|
Bölgələrdə kəndlilərin otlaq sahələri məcburi şəkildə alınır

Bəzi rayonlarda icra orqanları kəndliləri və sahibkarları torpaqlarından imtina etməyə məcbur edir. Bu iddia ilə azadlıq.info saytı çıxış edir. Sayt AXCP sədrinin müavini Gözəl Bayramlıya istinadən yazır ki, Şamaxı və Hacıqabul rayonunda 300 sahibkardan torpaqlarından imtina etmək tələb olunur: “Şamaxı və Hacıqabul rayon icra orqanları vətəndaşlardan icarələrində olan torpaqlardan yazilı şəkildə imtina etməyi tələb edirlər. Bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, bu rayonlarda 50 min hektara yaxın qış otlaq sahələri təyinatı dəyişdirilmək adı ilə hər iki rayonun hakimiyyət strukturları tərəfindən ələ keçirilmək təhlükəsi ilə üzləşib. Söhbət həmin ərazidə 300-ə yaxın sahibkar və 500-dən çox ailəyə məxsus, təxminən 200 min baş xırdabuynuzlu və 10 min baş iribuynuzlu heyvanlardan ibarət 300 heyvandarlıq təsərrüfatının taleyindən gedir”.

Bu məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov örüş sahələrinin məmurlar tərəfindən zəbt olunmasının yolverilməz olduğunu bildirdi: “Bu məsələ ilə bağlı məndə də məlumat var və tapşırıq vermişəm ki, məsələni araşdırsınlar. Bu, qəbuledilməz bir haldır. Örüş sahələri ilə bağlı belə problemlər var. Bizə də bununla bağlı müraciət edirlər. Yerlərdə məmurlar tərəfindən göstərişləri verilir ki, örüş sahələri alınsın, həmin torpaqlarda kənd təsərrüfatı məhsullarının əkilməsi üçün şərait yaradılsın. Ancaq bu ərazilər insanların otlaq sahələridir. Orada heyvanlarını otarırlar. Bu, qeyri-mümkün məsələdir. Azərbaycan hökuməti buna yol verilməsinin qarşısını almalıdır. Mən Qubada belə bir vəziyyətin olub-olmaması ilə bağlı araşdırma aparmaq üçün də tapşırıq vermişəm. Orada da bir kənddə əhalinin pay torpaqlarını almaq istəyirlər. Hacıqabulda və digər bölgələrdə də yaylaqları götürmək istəyirlər. Bu mümkün olan hal deyil. Çünki həmin ərazilər kəndlilər arasında bölüşdürülüb. Bu kimi hallar hüquqi baxımdan da doğru deyil. Hökumətin qərarına uyğun olaraq rayonlar bölüşdürülüb ki, heyvanlarını qış vaxtında aparıb hansı rayonlarda saxlaya bilərlər. Bu elə sovet vaxtından qalma sistem idi. Sonradan Azərbaycan hökuməti bununla bağlı qərar verdi. Bu qərar dəyişə bilməz. Heyvandarlığın inkişafı üçün örüş sahələri mütləq saxlanılmalıdır”.


Deputatın sözlərinə görə, bəzi bölgələrdə məmurlar ölkə başçısının tapşırığını da yanlış anlayıb, digər məhsulların istehsalı ilə məşğul olan sahibkarları pambıq əkməyə məcbur edirlər: “Lakin məcburi şəkildə kəndliləri hansısa məhsulu əkməyə vadar etmək olmaz. Hər bir rayonun öz kənd təsərrüfat məhsulu var. Qoz, fındıq, alma yetişdirən insanlara demək olmaz ki, get pambıq ək”.

İqtisadçı ekspert Vüqar Bayramov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, kəndlidən pay torpağının məcburi yolla alınması heç bir halda həyata keçirilə bilməz: “Torpağı olan şəxs əgər onu könüllü şəkildə satırsa, o halda mümkündür. Ancaq onun torpağını satmağa məcbur edilməsi heç bir halda normal qəbul edilə bilməz. O baxımdan, bu istiqamətdə nəzarətin gücləndirilməsinə ehtiyac var. Çünki kəndlinin torpağı onun şəxsi mülküdür. Torpağın zəbt edilməsi onun fəaliyyətinə mənfi təsir göstərə bilər”.


Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.


Mövzu ilə bağlı adıçəkilən rayonların icra hakimiyyətlərinin və Kənd Təsərrüatı Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.