|
Aksiya keçirənlər Arif Əsgərovla görüş tələb edir

Bu dəqiqələrdə “Azərbaycan Dövlət Dəmir Yolları” ASC-nin mərkəzi ofisinin qarşısında piket keçirilir.

Virtualaz.org saytının hazırda ADDY-nin ofisi qarşısında olan əməkdaşının verdiyi xəbərə görə, aksiyada 50-yə yaxın qatar bələdçisi iştirak edir. Onlar ADDY rəhbərliyi ilə görüş və 5 ay qabaqkı müraciətlərinə cavab tələb edir.

Etiraza qalxan qatar bələdçiləri deyir ki, onlar maaşlarının azaldılmasından narazıdır.

“Biz əvvəllər 450 manat aylıq maaş alırdıq. Ötən ay məvacibizi azaldaraq 240 manata endiriblər. Bundan əlavə, neçə illərdir məvaciblərimizin bir hissəsini, ezamiyyət və məzuniyyət pullarını, yol pullarını və sair ödənişləri ala bilmirik. Bunun səbəbəini öyrənmək istəyirik. 5 ay əvvəl ADDY rəhbəri Arif Əsgərova 7 bənddən ibarət yazılı müraciət edərək ondan sosial problemlərimizin həllini istəmişdik. Bizə cavab verən yoxdur. Bir neçə gün öncə rəhbərliyə müraciət etdik. Dedilər sizin müraciətiniz itib, yenisini yazın. İndi bura yığılmışıq ki, tələblərimizi təkrarlayaq” - deyə qatar bələdçiləri bildirib.

Aksiyaçılar ADDY rəhbəri Arif Əsgərovla görüşməyə çalışırlar.