“Amerikanın Səsi” Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror təşkilatının fəaliyyətini əks etdirən gizli videolar əldə edib. Videokadrlarda terror təşkilatının Nigeriyada törətdiyi hücumlar, amansız cəzalar, qətllər və sair zorakılıqlar yer alır.
Videoda qruplaşmanın lideri Əbubəkr Şekaunun adından müraciət yayılır. “Amerikanın Səsi”nin ekslüziv olaraq əldə etdiyi bu videogörüntülər "Boko Haram" tərəfindən çəkilib. Burada qrupun liderləri qəbul olunmuş İslam düşüncə tərzindən tamamilə uzaqlaşaraq, bu kimi qətllər və vəhşiliklərə haqq qazandırır.
Bu və daha bir neçə video artıq neçə ildir Nigeriya ilə yanaşı Kamerun və Çad üçün də başağrısına çevrilən “Boko Haram” terror qruplaşması haqqında onlarla kadrlardan biridir. 2014-cü ildə İŞİD-ə beyət etdiyini bəyan edən “Boko Haram” fəallığını daha da artırıb. Hətta iki il əvvəl Kamerun ərazilərinə keçərək iki kəndə hücum edib, 80 insanı girov götürüb.
Daha əvvəl “əl-Qaidə” ilə əlaqəli olan bu terrorçu qruplaşma 2014-cü il aprelin 14-də Nigeriyada 300 nəfərə yaxın orta məktəb şagirdi olan qızı qaçırması ilə dünyada “məşhurlaşıb”. Lakin 90-cı illərdən mövcud olan bu terror təşkilatı fəaliyyət göstərdiyi illərdə minlərlə insanın ölümünə, 1 milyondan çox insanın didərgin düşməsinə səbəb olub.
“Amerikanın Səsi”nin birdən-birə “Boko Haram”ın videolarını əldə edib yayması terror təşkilatına qarşı Qərbdə ciddi fəaliyyətin başlamasına işarədir. ABŞ-ın yeni prezidenti xarici siyasətdə prioritet olaraq islamçı radikal qruplaşmalara qarşı mübarizə aparacağını elan edib. “Boko Haram” isə İŞİD-in Afrika qoludur və qəddarlığına görə İŞİD-dən geri qalmır. Ancaq İraq və Suriyadan fərqli olaraq “Boko Haram”a qarşı ciddi bir beynəlxalq koalisiya, antiterror mübarizəsi aparılmır. Tirajlanan videolar yaxın zamanlarda belə bir fəaliyyətin başlamasının xəbərçisi də sayıla bilər. Hər halda, “Boko Haram”ın zorakılıqlarının ictimailəşməsi ilə başlayan kampaniyanın davamının olacağını gözləmək lazımdır. Hələliksə dünyanı videoları ilə dəhşətə gətirən bu terror təşkilatı haqda bəzi məlumatları təqdim edək.
“Boko Haram” terror təşkilatının adı Nigeriyada Hausa dilində “Qərb təhsili haramdır” mənası verir. “Boko” kəlməsi ingiliscədə “buk”, yəni kitab sözündən alınıb. Ancaq qruplaşmanın tam adı “Camaat əs-Sulh Sünnət li Dava və əl-Cihad”, yəni Mübarizə və Cihad üçün Sülh və Sünnət (İslam qaydaları) camaatıdır. “Boko Haram” 2002-ci ildə Nigeriyanın şimal-şərqində Ndimi Maidigouri məscidində toplaşan şəriət tərəfdarı radikal islamçılar tərəfindən qurulub. Təşkilatın əsas hədəfi ölkədə şəriət dövlətini qurmaqdır.

Ancaq təşkilatın ilk fəaliyyətləri 1990-cı illərə təsadüf edir. Yoba əyalətinin Konama qəsəbəsinə toplaşaraq burda təşkilatı elan edən radikal islamçı camaat ilk illərdə Nigeriya Talibanı adlandırılırdı. Taliban kimi “Boko Haram” da Nigeriyanın neftlə zəngin, ancaq eyni zamanda çox kasıb bölgə olan şimal əyalətlərində dini mədrəsələr açır və əhaliyə ərzaq yardımları etməyə başlayıb. Bir çox ekspertlərə görə, qruplaşmanın məhz neftlə zəngin bölgədə yaradılması dünya neft nəhənglərinin enerji bazarına təsiri və Nigeriya neft ixracı siyasətinə yön vermək məqsədi daşıyır. Çünki məhz “Boko Haram”ın hücumları və hədəf bəyanatları böyük ölçüdə neft ixracatçısı olaraq Nigeriyada ciddi çaxnaşmaya səbəb olur və bu da paralel olaraq dünya bazarında neft qiymətlərinə təsir edir. Nigeriyanın, xüsusən də müsəlmanlar yaşayan şimal bölgələrində əhalinin həddən artıq kasıb olması, korrupsiya və rüşvətxorluğun geniş yayılması “Boko Haram”ın güclənməsində əsas rol oynayan amillərdən biri olub.

“Boko Haram”ın ilk hədəfi də məhz müasir təhsil mərkəzləri, məktəblər olub. Hətta daha əvvəl qruplaşmanın qaçırdığı 26 məktəbli qıza hərbi təlim keçdiyi və ordunun əməliyyatı nəticəsində azad edilən məktəblilərin bir hissəsinin hamilə olduğu, uşaq dünyaya gətirdiyi məlum olmuşdu. Yəni qruplaşma qaçırdığı məktəbli qızları cinsi istismara məruz qoyur.
“Boko Haram”ın hökumət qüvvələri ilə ilk toqquşması 2003-cü ildə baş verib. Göllərdə balıq tutmaq hüququ ilə bağlı hökumət orqanları ilə yerli sakinlər arasında çıxan qarşıdurma zamanı “Boko Haram” üzvləri bir neçə polis məntəqəsinə hücum edərək silahlarını ələ keçirdi. Bundan sonra hökumət təşkilatın yerləşdiyi məscidlərdə əməliyyat keçirərək onları ələ keçirib və “Boko Haram”ın lideri Məhəmməd Əli də daxil olmaqla, onlarla qruplaşma üzvü öldürülüb. Ancaq bu hadisə təşkilatın tamamilə yox olmasına səbəb olmayıb, tezliklə Məhəmməd Yusif “Boko Haram”ın yeni lideri seçilib.

Bundan sonra təxminən 6 il sakitlik olub. 2009-cu ildə qruplaşma yenidən fəallaşıb və hökumət qüvvələri ilə döyüşlərə başlayıb. Həmin il “Boko Haram” 1000-dən artıq insanın ölümünə səbəb olub. Hökumət qüvvələri təşkilatın lideri Məhəmməd Yusifi qətlə yetirib, eyni zamanda qruplaşmanın mərkəzinin yerləşdiyi Maidiqoru məscidində aparılan əməliyyat zamanı 200-dən artıq qadın və uşaq girovluqdan zad edilib. Bundan sonra qarşıdurmalar daha da dərinləşib və “Boko Haram” silahlıları polis mərkəzləri, hökumət binaları, məktəblərə hücum edib. Bundan başqa, Nigeriyada yaşayan xristianlar, həmçinin “saxta müsəlman” adlandırdığı müsəlmanlara qarşı hücumlar həyata keçirib. Bu döyüşlər nəticəsində 500 min nəfər nigeriyalı qaçqın düşüb.
Radikal sələfi ağırlıqlı olan “Boko Haram” həm də Nigeriyanın Talibanı adlandırılır. Bu, sadəcə, bənzətmə də deyil. “Boko Haram”ın Əfqanıstan Talibanı ilə əlaqələri var və irəli sürdüyü dövlət modeli də Əfqanıstan Talibanı ilə eynidir. Bundan başqa, ABŞ Daxili Təhlükəsizlik Departamentinin hesabatına əsasən “Boko Haram” eyni zamanda “əl-Qaidə”nin Şimali Afrika qolu AQMİ, Somalidəki “əş-Şəbab” və “Ansaru” qruplaşmaları ilə yaxından əməkdaşlıq edir, silahlıları “əl-Qaidə” düşərgələrində təlim keçir.
“Boko Haram”ın əsas rəhbərliyi 30 nəfərdən ibarət Şuradır. Şura üzvləri ayrılıqda müxtəlif terror yuvalarını ibarət edir. Ancaq eyni zamanda heç bir yuva o biri ilə əlaqədə olmur. Qruplaşmanın əsas özəyini 100 nəfərdən ibarət peşəkar təlim görmüş terrorçu təşkil edir. Ancaq təşkilatın silahlı üzvlərinin dəqiq sayı bilinməsə də, hazırda Nigeriyanın şimalında 12 şəhərə nəzarət edən qruplaşmanın böyük bir döyüşçü gücünün olduğu aydındır.
“Boko Haram” 2013-cü ildə ABŞ-ın terror təşkilatları siyahısına salınıb. Bundan başqa, ABŞ hökuməti təşkilatın hazırkı lideri Əbubəkr Şekaunun başına 7 milyon dollar mükafat təyin edib. Yeri gəlmişkən, Nigeriya kasıb ölkə olsa da, son illərdə hökumət banklarına ardıcıl hücumlar həyata keçirən “Boko Haram” böyük miqdarda pullar qarət edib.

Qruplaşmanın ən səs-küylü hücumlarından biri 2011-ci il avqustun 26-da Nigeriyanın paytaxtı Abuca şəhərində qeydə alınıb. Qruplaşma BMT binasına kamikadze hücumu təşkil edərək, 18 nəfərin həyatına son qoyub. Həmin ilin 25 dekabrında milad bayramı münasibətilə kilsədə keçirilən tədbirə hücum təşkil edərək 40-dan artıq insanın həyatına son qoyub. 2014-cü il aprelin 14-də isə 300 nəfərə yaxın imtahana hazırlaşan orta məktəb şagirdi qızı qaçırmaqla bütün dünyanın diqqətini özünə cəlb edib.
İndi isə “Boko Haram” yenidən gündəmə gəlir. Görünür, bu dəfə ABŞ Afrikanın bəlasına çevrilmiş bu qruplaşma ilə hesablaşmağa hazırlaşır.
