Azərbaycan bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan faciənin 25-ci il dönümünə hazırlaşır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə separatçı erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Azərbaycanın tarixi ərazisi olan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə misli görünməmiş divan tutublar, şəhər işğal edildikdən sonra yerlə yeksan edilib. Həmin hərbi təcavüz zamanı 613 dinc sakin qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Azərbaycan dövləti və xalqı hər il 26 fevralı Xocalı soyqırımı günü kimi qeyd edir. Xocalı soyqırımının 20 illiyi 2012-ci ildə xüsusilə böyük tədbirlərlə qeyd olunub. Bu tədbirlər sırasında 26 fevralda paytaxt Bakıda on minlərlə insanın iştirakı ilə keçirilən yürüş-mitinq xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan prezidenti İlham Əliyev şəxsən həmin yürüşə qatılmışdı. Ölkə başçısı ilə yanaşı, bütün dövlət və hökumət üzvləri, siyasi, ictimai təşkilatların rəhbərləri yürüşün önündə addımlamışdılar. Həmin hadisə Azərbaycan xalqının Xocalı soyqırımının 20 illiyində bir amal ətrafında birləşdiyinit düşmənə və bütün dünyaya nümayişi idi.
Xocalı soyqırımının 25-ci ildönümündə 20 illikdə olduğu kimi, böyük yürüş keçirilib-keçirilməyəcəyinə gəlincə, prezident İlham Əliyev Xocalı soyqırımının dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı yanvarın 24-də sərəncam imzalayıb. Sərəncamda Prezident Administrasiyasına Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata keçirilməsini təmin etmək tapşırılıb.
Prezidentin “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı”nı yanvarın 27-də təsdiqləyib.
Tədbirlər planında 26 fevralda Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər Xiyabanının ziyarət edilməsi, Xocalı köçkünlərinin beynəlxalq ictimaiyyətə müraciəti, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anım mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində qanlı qırğını əks etdirən materialların yayılması və mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Xocalı soyqırımının 25 illiyi ilə bağlı Milli Məclisdə Xocalı soyqırımı da daxil olmaqla, beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin qəbulu nəzərdə tutulub. Qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.
Qeyd edək ki, bu qanun layihəsi bir sıra QHT-lər tərəfindən hazırlanıb və parlamentə təqdim olunub. Məlumat üçün deyim ki, bu, Milli Məclisin hazırladığı qanun layihəsi yox, qeyri-hökumət təşkilatının işlədiyi layihədir.
Vitse-spiker Bahar Muradova bildirib ki, bəzi hallarda Xocalı soyqırımının Milli Məclis tərəfindən tam hüquqi qiymət almadığı barədə, parlamentin lazımi sənədləri qəbul etmədiyi barədə yanlış fikirlər səslənir: “Milli Məclis tərəfindən Xocalı soyqırımı ilə bağlı hüquqi sənədlər qəbul olunub və Xocalıda baş verənlər soyqırım kimi tanınıb. Xocalıda baş verən hadisələrə görə Ermənistan rəhbərliyi cavabdehlik daşıyır, onlar cinayət törədiblər. Bu cinayətə beynəlxalq cinayətlərə münasibət baxımından qiymət verilməlidir. Odur ki, ”Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" qanun layihəsi də hazırlanır. Hələlik bu, qeyri-hökumət təşkilatının hazırladığı layihədir".
Cia.az
