|
Qubanın 11 kəndi işıqsız qalıb

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Quba rayonunun bəzi dağ kəndlərinə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Cia.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, rayonun Rustov-Qonaqkənd istiqamətində yerləşən kəndlərində elektrik enerjisi yoxdur. Əsasən, Püstəqasım, Dəhnə, Güneyməhəllə, Rustov, Xanagah, Növdün, Şuduq, Qam-qam, Töhmər və Hacağalar kəndlərinə fasilələrlə verilməyə başlayıb.

Quba Rayon Elektrik Şəbəkəsinin rəisi Taleh Səfərov bildirib ki, hazırda təmir briqadası problemin aradan qaldırılması istiqamətində tədbirlər görür:

"Havaların qarlı, şaxtalı və küləkli keçməsilə əlaqədar elektrik xətlərində qırılmalar səbəbindən məhdudiyyətlər yaranıb. Hazırda Quba Rayon Elektrik Şəbəkəsinin əməkdaşları elektrik naqillərində baş verən açılmaların təmir-bərpa işlərini həyata keçirirlər".

Cia.az