|
Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq

Fevralın 11-də Azərbaycanla Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Birgə Komissiyasının növbəti iclası baş tutub. Contact.az saytı bildirib ki, tərəflər Gürcüstan və Azərbaycan ərazisində “qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən avtodaşıyıcılara qarşı mübarizə məqsədilə” yeni növ icazə blanklarının tətbiqi barədə razılığa gəlib",- deyə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.


Bildirilir ki, razılıq Azərbaycanla Gürcüstan arasında sərnişin və yük daşımalarının artan həcmi fonunda əldə edilib.

Əslən Gürcüstandan olan iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, buna necə nəzarət ediləcəyi anlaşılan deyil: “Gürcüstana keçmək istəyən taksi, müştəriləri ilə danışıb, üstündə heç bir işarəsi olmadan adi avtomobil kimi sərhədi keçmək istəsə, bunun qarşısını necə alacaqlar? İnanmıram ki, bu məsələnin işlək modelini qurmaq mümkün olsun. Xüsusi xidmət qurub, bunu da ayrıca bir lisenziyaya salmaq istəsələr, lisenziya haqqı yüksək olarsa, əminlikdə deyirəm ki, ən azından Gürcüstanla sərhəddə yerləşən rayonlardakı insanlar müştərilərini öz yaxın tanışları, qohumları kimi sərhədi keçirməkdə problem yaşamayacaqlar. Buna nəzarət etmə mexanizmlərini anlaya bilmirəm. Əgər hər hansı bir ayrıca xidmət yaranacaqsa və bu xidmət daha ucuz və keyfiyyətli olacaqsa o zaman bu, baş tuta bilər. Lisenziya və gediş haqqı baha olacaqsa, dediyim kimi, vətəndaşlar öz aralarında anlaşıb, sərhədi keçə bilərlər. Bunu əmr və inzibati qərarla etmək mümkün deyil”.

Ekspert bildirib ki, 3 ildən çoxdur ki, Azərbaycan vətəndaşları Gürcüstana gedənlərin siyahısının əvvəlində yer alıb: “Gürcüstanın 108 ölkə ilə ümumiyyətlə, vizaları ləğv edərək, turizmin inkişafı üçün çalışır. Hər il isə Azərbaycandan təxminən 600- 700 min vətəndaş Gürcüstana gedir. Təbii ki, bunların arasında qohumluq əlaqələrinə görə tez-tez Gürcüstana gedən vətəndaşlar da var. Turist kimi də ora gedənlərin sayı çoxdur. Çünki Gürcüstan ən yaxın ölkədir, eyni zaman qiymət və əyləncə baxımından da sərfəlidir. Bu baxımdan istiqamət olaraq azərbaycanlıların Gürcüstana üz tutmaları təbiidir. Bunun qarşısını almağın isə hesab edirəm ki, mənası yoxdur. Çünki getmək istəyən, onsuz da bir yol tapıb gedəcək. Taksi, avtomobil xidmətinin çətinləşdirilməsi ilə buna təsir göstərmək müşkül məsələdir və düşünmürəm ki, bu yola əl atsınlar”.


N. Cəfərli onu da bildirib ki, son zamanlar ölkədə ucuzlaşan xidmətlərdən biri də taksi xidmətidir: “Çünki ölkədə kifayət qədər çoxsaylı xidmət göstərən fiziki və hüquqi şəxslər meydana gəldi, rəqabətli mühit yarandı. Bu da müştəriyə pozitiv təsir göstərdi. Bir çox sahələrdə qiymətlər qalxdığı halda, taksi xidmətində xeyli dərəcədə ucuzlaşma müşahidə edirik. Hökumət, sadəcə bunun təşviq etməlidir. Çünki bu həm əhaliyə sərfəlidir, həm də şirkətlərə normal şərait yaratmaqla, vergiyə cəlb olunan məbləği də artırmaq olar. Bunun qarşısını alıb, mübarizə aparmaqdansa, bunu təşviq edib, daha çox şirkətlərin yaranmasına şərait yaradaraq, internet üzərindən sifarişlərin genişlənməsinə imkan verilməlidir. Bu sahədə qiymətləri daha da ucuzlaşmaq olar. Eyni zamanda belə olarsa, keyfiyyət də artaq. Çünki rəqabətli mühit həm də keyfiyyətin artmasına xidmət göstərir. Yox, əgər dövlət bu sahədə inhisar yaradıb, bu biznesi də öz nəzarətində saxlamaq istəsə, birincisi, bu effekt verməyəcək, həm də qiymətlər bahalaşacaq, keyfiyyət aşağı düşəcək”.

Cia.az