|
Fransa prezidentinin separatizmə dəstəyi etirazla qarşılandı

Ötən həftənin diqqətçəkən və Azərbaycanda etirazla qarşılanan hadisələrindən biri Fransa prezidenti Fransua Ollandın erməni diasporu ilə görüşməsi və bu zaman “Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər" bəyanatını səsləndirməsi oldu. Azərbaycan dövləti və ictimaiyyət ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkənin başçısının belə bir mövqe ortaya qoymasını vasitəçilik prinsiplərinin pozulması və işğalçıya, separatçılığa dəstək kimi qəbul edir.


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Trend"ə deyib ki, Ollandın erməni diasporu ilə görüşündə səsləndirdiyi fikir birbaşa Fransada qarşıdan gələn seçki kampaniyası ilə bağlıdır: “Təəssüflər olsun erməni diasporu ilə oyuna girən Fransa rəsmiləri başa düşmürlər ki, bununla onlar ölkənin öz imicinə böyük zərbə vururlar. İkincisi isə bilmək lazımdır ki, Fransada prezident seçkiləri heç də Ollandın iştirakı ilə keçməyəcək. Ona görə təəssüflər olsun ki, bu insan bu istiqamətdə çıxışlar edərək daha çox Fransanın özünə problem gətirir, nəinki Azərbaycana”.
S.Seyidov qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələrindən yalnız Fransa yox, digərləri də bəzən o qədər də obyektiv və düzgün mövqedə dayanmır: “Ancaq biz öz konkret mövqeyimizi ortaya qoymuşuq və bu istiqamətdə danışıqları davam etdirəcəyik”.


Politoloq Qabil Hüseynli isə bildirdi ki, Fransa prezidenti problemin həllinə vasitəçi kimi yox, separatizmin dəstəkçisi kimi yanaşma nümayiş etdirib: “Bu hadisə bir daha göstərdi ki, Minsk qrupunun hazırkı həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verməsi mümkün deyil. Fransa həmsədrlərdən biri olsa da münaqişənin qızışmasına stimul verən mövqe sərgiləyir. Nə qədər ki, özünü vasitəçi kimi sırıyan dövlətlər bu cür mövqedə olacaqlar bölgədə sülh olmayacaq. Separatçılığa dəstək vermək o deməkdir ki, artıq Fransa Minsk qrupu həmsədri olaraq etimadı tamamilə itirdi. Bu ölkədən ədalətli vasitəçilik gözləmək üçün zərrə qədər əsas qalmadı. İndiyə kimi ATƏT-in Minsk qrupunun həmsədri olan Fransadan təcavüz faktına siyasi qiymət verilməsinin şahidi olmamışıq. Üstəlik münaqişə ilə əlaqədar Qərb dövlətlərinin ikili standartla yanaşma tərzinin şahidi oluruq. ABŞ-da ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmək hüququnun sintezi formatında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi fikri var idi. Bu fikir mümkünsüz görünsə də, hər addımda Azərbaycanın ərazi bütövlüyü vurğulanırdı. İndi birdən-birə, hakimiyyətdən gedən zaman Fransua Olland ”Qarabağ xalqı" ifadəsini işlədir. Əvvəla belə xalq yoxdur. Cəmi-cümlətanı 30-40 minlik ermənini xalq səviyyəsinə qaldırmağı Ollandın bu sahədə biliklərinin nə qədər yetərsiz olduğuna dəlalət edir. Fransada yarım milyondan çox erməni yaşayır. Olland əgər millətlərin öz müqəddəratını təyin etmək hüququna belə hörmət bəsləyirsə, Fransada ermənilərə lazım olan müstəqilliyi verər?! Dünyada 5000-dən çox xalq var və bu xalqlardan cəmi 202-si öz müqəddəratını təyin edib, öz dövlətini yaradıb. Ermənistan artıq bir dəfə Qərbi Azərbaycan torpaqlarında digər dövlətlərin köməyi ilə öz müqəddəratını təyin edib və dövlətlərini yaradıblar. Bir millət bir dəfə öz müqəddəratını təyin edə bilər. Xalqların öz müqəddəratını təyin etmək hüququ vaxtilə kommunistlərin uydurduğu və ortaya atdığı məsələdir. Münaqişələrin həllində ərazi bütövlüyü ön plandadır. 5-6 ay öncə Polşanın paytaxtı Varşavada Fransua Ollandın da iştirak etdiyi NATO sammitində iştirakçı dövlətlərin hamısı yekdilliklə qərara aldılar ki, postsovet məkanındakı bütün münaqişələr yalnız ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. İndi onun 6 ay qabaq dediyi fikirlərlə indi dediyi fikir hansı məntiqə sığır? Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü niyə dəstəkləyirsiniz bəs? Bu ayrı-seçkilik nəyə lazımdır? Azərbaycan heç zaman belə yanaşma ilə barışmayacaq". 
Q.Hüseynli onu da vurğuladı ki, Azərbaycanla Avropa Birliyi arasında saziş üçün danışıqlar başlandığı bir dövrdə Fransa prezidentinin hərəkətini təsadüfi saymaq olmaz: “Ola bilsin ki, Olland bununla həm də dolayısı ilə Avropa Birliyi ilə Azərbaycanın yaxınlaşmasına mane olmaq istəyir. Bunu da ermənilərin istəyi ilə edir”.


Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Ollandın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlamalar Fransanın tərəfsiz olmadığının daha bir sübutudur. İlk dəfə deyil ki, Fransa Ermənistanın mövqeyini dəstəkləyir: “Azərbaycanın mövqeyi belədir ki, ancaq Azərbaycan torpaqları daxilində öz müqəddəratını təyin etmə ola bilər. Amma Ollandın mücərrəd şəkildə müqəddəratı təyin etməkdən danışması əslində erməni separatçılarına dəstək anlamı daşıyır. Bu dırnaqarası ”müstəqilliyə" aparan yoldur. Ona görə də Ollandın çıxışı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış etməli və tələb etməlidir ki, Fransa bu mövqeyinə aydınlıq gətirsin görək, Fransa dövlət başçısı bu sözlərlə nə demək istəyir".

musavat.com