Səbail rayonunda, Badamdar qəsəbəsində, “Neftçilər” küçəsində yerləşən məscid 12 ildir ki, fəaliyyət göstərir. Məscid sadə vətəndaşların vəsaiti hesabına təmir olunub. İkimərtəbəli yaşayış binasının alt mərtəbəsində yerləşir. Yüksək standartlara cavab verməsə də, məscid qəsəbədə yüzlərlə insanın ibadət məkanıdır. Fatimeyi Zəhra Hüseyniyyəsi adlanan məscid əsasən şiə təriqətindən olan insanların ibadətgahıdır. Lakin Badamdar qəsəbəsində yerləşən bu hüseyniyyə 2 aydır ki, bağlanıb.
Qəsəbədəki yeganə ibadət məkanının bağlanma səbəbini öyrənmək məqsədi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərdiyimiz elektron sorğumuza cavab gəlib. DQİDK-nin sədr müavini Səyavuş Heydərov “Fatimeyi-Zəhra hüseyniyyəsi” məscidi ilə bağlı məsələyə münasibət bildirib: “Badamdar qəsəbəsində, ümumiyyətlə, Bakı şəhərində heç bir məscid bağlanmayıb. “Fatimeyi-Zəhra hüseyniyyəsi” adlandırılan yerə gəlincə isə, bura məscid deyil və məscid kimi təqdim edilməsi qəbuledilməzdir.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin kobud şəkildə pozulduğu bu yerdə məscid adı altında fəaliyyət göstərmək qanunamüvafiq deyil. Məsələ ilə bağlı əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən İslam dini icmaları yalnız məscidlərdə yaradılır və həmin icmalar təşkilat məsələlərində Qafqaz Müsəlmanları İdarəsinə tabedirlər. Həmçinin İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri DQİDK-ya məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir.
Qanunvericilikdə eyni zamanda göstərilir ki, bütün dini icmalar DQİDK-da dövlət qeydiyyatına alındıqdan və və dini qurumların dövlət reyestrinə daxil edildikdən , dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilər.
Cia.az
