|
Qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac var
“Azərbaycan hökuməti inflyasiyanın əhaliyə mənfi təsirinin qarşısını almaq üçün proqram hazırlayır”. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.  «Bu gün hökumətin həyata keçirdiyi bütün işlərin qarşısında duran məqsəd ölkədə qiymət artımının qarşısının alınmasından ibarətdir", - deyən baş nazirin müavini hesab edir ki, qiymət artımının Azərbaycanda yoxsulluq səviyyəsinə təsir etməsi haqqında həyəcan təbili çalmaq üçün əsaslar yoxdur.
 
Əli Əhmədovun fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Məlum olduğu kimi, hazırda əhalinin yaralı yeri məhz qiymət artımıdır. Təəssüflər olsun ki, ölkədə və dünyada gedən bütün iqtisadi proseslər də məhz bu bahalaşmanın artmasına səbəb olur. Bu mənada iqtisadçılar bahalaşmanın qarşısının alınması üçün bir çox addımların atılmasını tövsiyə edirlər. 

İqtisadçı ekspert Vüqar Bayramov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təxminən 18 faizədək inflyasiya iqtisadiyyat üçün qorxulu deyil: “Hökumətin mövcud siyasəti ondan xəbər verir ki, Mərkəzi Bank dövriyyədəki manat kütləsini azaltmaqla daha çox dollarlaşmanın qarşısını almağa çalışır. Bu da dolların məzənnəsinin müəyyən qədər tənzimlənməsinə xidmət edir. Ancaq xüsusilə böhran dövrlərində inflyasiyadan qorxmaq lazım deyil. Burada söhbət yüksək inflyasiyadan deyil, birrəqəmli inflyasiyadan gedir. Bizim hesablamalarımız onu göstərir ki, təxminən 18 faizədək inflyasiya iqtisadiyyat üçün qorxulu hesab edilə bilməz. O baxımdan hökumətin məqsədi inflyasiyanı cilovlamaq deyil, optimallaşdırmaq olmalıdır. Optimal inflyasiya bütün hallarda iqtisadiyyatın inkişafını stimullaşdırır və imkan verir ki, iqtisadiyyatın investisiya imkanları artsın. Sözsüz  ki, bu məqamda həssas təbəqələrin  inflyasiyadan yoxsullaşması baş verirsə, onların qorunmasına ehtiyac var”. 

V. Bayramovun sözlərinə görə, hazırda manatın dollara nisbətən möhkəmlənməsi qiymətlərin müəyyən qədər sabit qalmasına şərait yaradacaq: “Ancaq bu məqamda bir məsələyə diqqət yetirmək lazımdır ki, süni şəkildə və ya monopolistlərin əli ilə qiymət artımları baş verməsin. Hökumət buna nəzarət etməlidir. Qanunvericilikdə də bu nəzərdə tutulub. Bir ay öncə biz dolların manata nisbətən möhkəmlənməsini müşahidə edirdik, indi isə manatın dollara nisbətən məzənnəsi möhkəmlənib. Bu, növbəti dövrdə qiymətlərə təsir göstərən amildir. Təbii ki, onu da başa düşürük ki, bu gün satılan malların bir qismi əvvəlki həftələrdə gəlib və anbarlarda olan mallar satışa çıxarılır. Ancaq müəyyən müddətdən sonra indi sifariş verilən mallar satışa çıxarılacaq. O zaman  bu qiymət azalmalarına gətirib çıxaracaq”. 

İqtisadçının sözlərinə görə, hazırda qiymətlərin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac var: “Ona görə ki, bəzi iş adamları bazardakı monopolistik vəziyyətdən və dollar-manat münasibətlərinin dəyişməsindən istifadə edərək qiymət artımlarına getməsinlər. Bəli, inflyasiyanın optimallaşdırılmasına ehtiyac var. Ancaq düşünmürəm ki, hədəf birrəqmli inflyasiya olmalıdır. İndiki məqamda investisiya imkanlarının artırılması baxımından 18 faizə qədər inflyasiya normal hesab edilə bilər.  Sadəcə, burada qeyd etdiyimiz kimi, həssas qrupların  qorunmasına ehtiyac var. Bu isə onların əmək haqqı və pensiyalarının artırılması formasında həyata keçirilə bilər. Bunun özü də inflyasiya yarada bilər. Ancaq düşünmürəm ki, əmək haqqı və pensiyaların indiki məqamda artımı bazarda böyük inflyasiya yarada biləcək təsirlərə malik olacaq”. 

Vüqar Bayramov inflyasiyanın yüksək olduğu dövrdə aşağı gəlirli insanlara birbaşa yardım və ya kompensasiyaların  verilməsini tövsiyə etdi: “Xüsusən 2015 və 2016-cı illərin inflyasiya  ilə bağlı təhlilləri göstərir ki, inflyasiya artımının əsas səbəbi valyuta bazarındakı dəyişikliklərdir. Eləcə də bəzi ölkələrdə olduğu kimi həssas qruplara müəyyən güzəştlərin tətbiq edilməsi, müəyyən kompensasiyaların verilməsi mümkündür. Bu da onların vəziyyətinin  yaxşılaşdırılmasına gətirib çıxara bilər.  O baxımdan, birrəqəmli optimal inflyasiya prioritet olmalıdır. Bu yolla iqtisadiyyata sərmayə qoyuluşlarını artırmaq olar. Bununla yanaşı, həssas qrupların qorunması da həyata keçirilməlidir. Hazırda dollar zəifləyib. Bu mənada dövlət qurumları bazarda monitorinqlər keçirməlidir. Dolların ucuzlaşması o deməkdir ki, iş adamları nisbətən ucuz aldıqları malları yenə də baha qiymətə satmağa çalışacaqlar. Xüsusən də gündəlik tələbat məhsullarından söhbət gedir. Hökumət çalışmalıdır ki, bazar qanunları və iqtisadi qanunlar çərçivəsində qiymətlərin azaldılmasına nail olsun”. 
Cia.az