|
İqtidar nazirləri Hesablama Palatası ilə qorxudur
Neft bumunun bitməsi ilə Azərbaycanda dövlət büdcəsinə daxilolmaların kəskin azalması iqtidarı artıq daha sərt maliyyə siyasəti yürütməyə məcbur edib.  Hazırda iqtidarın  nazirliklərə, komitələrə və icra başçılarına qarşı ən ciddi “silahı” isə Hesablama Palatası adlanan qurumdur. 
 
 
Son günlər ayrı-ayrı dövlət qurumları Hesablama Palatasından gələcək yoxlamalarla bağlı təşviş içindədir. Səbəb isə son illər Hesablama Palatasının fəaliyyətində nəzərəçarpacaq güclənmədir. Hazırda bu qurumun səlahiyyətləri hiss olunacaq dərəcədə güclənib və istədiyi qurumda yoxlamalar aparmasıdır. Əgər illər öncə, ayrı-ayrı qurumlarda yoxlamalar aparılmasına həmin qurumların rəhbərləri tərəfindən maneələr törədilirdisə, indi tam əks mənzərə yaranıb.
 
Böyüklüyündən asılı olmayaraq hər bir dövlət qurumu Hesablama Palatasının yoxlamasından qorxur. Buna səbəb isə son vaxtlar Hesablama Palatasının apardığı obyektiv yoxlamalar və üzə çıxardığı neqativ hallardır. Palatanın sədri Vüqar Gülməmmədov hazırkı vəziyyətlə bağlı modern.az-a danışarkən bildirib ki, dövlət vəsaitlərindən istifadə edən hər bir qurum kənar maliyyə nəzarətinin subyektidir və bu istiqamətdə “xırda təşkilat” -"böyük təşkilat" anlayışı yoxdur: “Həmin təşkilatların hamısı maliyyə inzibatçılığının yüksək dərəcədə təmin edilməsində bərabər məsuliyyət daşıyır. Hər bir inzibati ərazi vahidi üzrə icra hakimiyyəti orqanı ölkə başçısının müəyyən etdiyi iqtisadi və sosial prioritetlərin icraçısı funksiyasını daşıyır. Yerli icra hakimiyyəti orqanlarına yerli xərclərlə yanaşı, dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlardan yol və sosial infrastrukturun tikintisi və təmiri ilə bağlı kifayət qədər vəsait ayrılır. Digər tərəfdən, Hesablama Palatası Bakı şəhər İcra Hakimiyyətində, ”Azərsu"  “Azərenerji” və “Azəriqaz” kimi ASC-lərdə, Dövlət Neft Fondu, Gənclər və İdman, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və digər qurumlarda nəzarət tədbirləri həyata keçirib".
V.Gülməmmədov onu da deyib ki, mövcud qanunvericiliklə, Hesablama Palatasının fəaliyyətinə qanunazidd müdaxilə etmək yolverilməzdir: “Palata üzvlərinin, habelə Hesablama Palatası Aparatının vəzifəli şəxslərinin xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar onlara mane olmaq, təzyiq göstərmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Palata işini sərbəst şəkildə həyata keçirir.  Qeyd edim ki, mən Palatada 2007-ci ildən çalışıram. Bu müddətdə işimizə müdaxilə edən və şəffaflığın təmin olunmasına maneçilik törədən qurum olmayıb”.
 
Hazırki durumda, büdcə vəsaitlərinin məhdud olduğu bir vaxtda dövlət qurumlarının xərcləmələrinə nəzarətin aparılması ekspertlər tərəfindən də müsbət qiymətləndirilir.  
İqtisadçı ekspert Rəşad Həsənov da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hələ 2013-cü ildə Hesablama Palatasının Azərbaycanda fəaliyyəti ilə bağlı  bir tədqiqat aparıblar: “Eyni zamanda  bunun nəticələri olaraq, palatanın nəzarət imkanlarının genişləndirilməsi, səlahiyyətlərinin artırılması və bunların konstitusion təsdiqini təklif etmişdik. Problem ondadır ki, Azərbaycanda ictimai vəsaitlərə kənar nəzarətin təşkili kifayət qədər zəifdir. Biz bu institutların fəaliyyətinin gücləndirilməsi ilə bağlı cəhdləri də hiss etmirdik. Məsələ ondan ibarətdir ki, ölkənin vəsaitləri çox idi, neft gəlirləri bu vəsaitlərə nəzarət üçün ehtiyac yaratmırdı, hətta bilərəkdən nəzarət imkanları məhdudlaşdırılırdı, bu yola iri məbləğlərdə vəsaitlər səmərəsiz şəkildə istifadə olunur, korrupsiyanın obyektinə çevrilirdi. Hazırda Azərbaycanda ictimai vəsaitlərə kənar nəzarəti təmin edən qurum, audit institutu Hesablama Palatasıdır. Hesablama Palatasının səlahiyyətlərinin artırılmasına ehtiyac var. Xüsusən də neftin ucuzlaşması son iki ildə dövlət gəlirlərinin azaldılmasına gətirib çıxartdı. Ondan sonrakı dövrdə də hökumət yolun məhz həmin məmurlarla davam edir. Kimlər ki, zamanında korrupsiya ilə məşğul olublar və büdcə vəsaitləri ilə manevr ediblər. İndi həmin prosesə nəzarət etmək çətindir. Digər tərəfdən, dövlət gəlirlərinin azalması büdcə vəsaitlərinin daha səmərəli və qənaətlə istifadə edilməsini tələb edir. Bu baxımdan, Hesablama Palatasının səlahiyyətlərinin artırılması və bu qurumun öz funksiyasını həyata keçirməsi üçün siyasi iradənin ortaya qoyulması çox əhəmiyyətli məsələdir”. 
 
Rəşad Həsənovun sözlərinə hörə, bu qurumun müstəqilliyi məsələsi də önəmlidir: “Kənardan təsir imkanları məhdudlaşdırılmalıdır. Hesablama Palatasının müstəqilliyi ilə bağlı konstitusiyada dəyişikliyə ehtiyac var. Beynəlxalq  təcrübə göstərir ki, Palatanın rəhbərliyi, onun heyətinin seçilməsi, onların təhlükəsizliyinin təmin edilməsi mütləq şəkildə konstitusiyada əksini tapmalıdır. Digər bir məsəl də odur ki, Palatanın açıqladığı faktların sonrakı dövrdə izlənməsi ilə bağlı, araşdırılması ilə bağlı problem var. Hansı dövlət qurumunda yeyinti faktı ortaya çıxarıbsa, bunun nəticəsi olmur. Heç bir tədbir həyata keçirilmir. Cəmiyyətə də məlumat verilməlidir ki, həmin qurumlarla bağlı hansı tədbir görüldü, hansı cəza mexanizmi tətbiq olundu. Hesablama Palatasının aşkarladığı faktları hüquq-mühafizə orqanlarına, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, prezidentə göndərmək hüququ var və göndərir. Lakin bunların sonrakı nəticəsi açıqlanmır. Qanunvericilik baxımından da Hesablama Palatasının sonrakı prosesləri izləmə səlahiyyəti məhduddur”.
musavat