Kiçik qızlar olan hər kəsin evində Barbi gəlinciyinə rast gəlmək olar. Əvvəllər bu gəlinciklər qara və ağ zebra zolaqlı şəkildə, sarı, qara saçlı olsa da, zamanla müxtəlif formalarda və geyimlərdə satılmağa başlayıb. Hətta indi yemək yeyə bilən, yeriyən barbilər var.
“Hello Barbi” adlanan və ötən il istehsal edilən gəlincik uşaqlarla danışır, onların suallarını cavablandıra bilir. Sahib olduğu səstanıma texnologiyası sayəsində istifadəçisini tanıyan “ağıllı” oyuncaq internet bağlantısı ilə yaddaşında olmayan suallara da dəqiq və səlis cavab verə bilir. Bu gəlincik hələ ki Azərbaycanda satışda olmasa da, yaxın gələcəkdə gələcəyi gözlənilir. Satışdakı Barbi gəlinciklərinin qiyməti isə onun hərəkət etməsinə, danışmasına, sadəliyinə, geyimlərinin çox olmasına görə fərqlənir. Qiymət 6-100 manat arasında dəyişir. Satıcılar da uşaq oyuncaqları arasında barbilərin daha çox satıldığını bildirirdilər.
Barbilərin bu qədər maraqlı xüsusiyyətləri olmasına baxmayaraq, əslində uşaqların psixologiyasına ciddi zərər verdiyi məlum olub. Böyük Britaniya alimləri çoxsaylı araşdırmalar nəticəsində belə qərara gəliblər ki, Barbi və bunun kimi gəlinciklər uşağın inkişafı və sağlamlığı üçün ziyanlıdır. Araşdırmalar göstərib ki, Barbi gəlincikləri qızlarda “yalnız arıq insan gözəl ola bilər” kimi sağlam olmayan stereotiplər yaradır. Bu isə uşağın sağlamlığı və gələcəyi üçün ziyanlıdır. Bəzən qızlar “Barbi kimi” olmaq üçün arıqlamağa çalışır, yeməkdən imtina edir, hətta onlarda anoreksiya inkişaf edir. Əslində isə Barbi gəlinciklərinin quruluşunun insanın bədən və üz quruluşundan uzaq olduğu bildirilir.
Barbi gəlinciklərinin ayaqları istehsal olunduğu ilk günlərdən indiyədək çox uzundur. Fizioloqların fikrincə, bu, anormal bir görkəmdir. Alimlərə görə, həqiqətən belə bir qız uşağı dünyaya gəlsəydi, bu cür uzun ayaqlarla o, bir addım da ata bilməzdi. Digər tərəfdən, alimlər sübut edir ki, daim barbilərlə oynayan uşaqların yaradıcılıq aktivliyi, fantaziyası, təxəyyülü normal inkişaf etmir. Nəticədə böyüyəndə onlar elm və texnika kimi sahələrdə uğur qazana bilmirlər. Həmçinin bu gəlinciklər uşaqları reallıqdan, canlı ünsiyyətdən də uzaqlaşdırır.
Barbi gəlinciyinin tarixi haradan qaynaqlanır?
_25.jpg)
Barbinin adı çəkilərkən Ruth Handleri yada salmamaq mümkün deyil, çünki dünyaya Barbini tanıdan məhz o olub. Barbi Amerikanın Mattel oyuncaq şirkəti tərəfindən Ruthun sifarişi ilə hazırlanıb. Amerikalı xanım iş adamı Ruth Handler qızı Barbaranın kağız kuklalarla oynadığını görüncə övladı üçün yetkin bədənə sahib olacaq kuklanın necə yaradılması haqqında düşünür və bu fikri Mattel oyuncağı şirkətinin həmtəsisçisi olan həyat yoldaşı Elliot ilə paylaşır.
Ailənin Avropaya səyahəti zamanı Ruth Bild Lilli adlandırılan alman kuklası ilə qarşılaşır. Bu onun diqqətini çəkir və oyuncaqdan övladına və əlavə alaraq Mattel kompaniyasına təqdim etmək üçün alır. Oyuncaq dizayneri olan Jack Ryan ilə məsləhətləşərək kuklanı yenidən işləyirlər və Ruth onu qızı Barbaranın şərəfinə “Barbie” (Barbi) adlandırır. Oyuncaq öz debütünü 1959-cu ilin mart ayının 9-da qoyur. Bu tarix Barbinin ad günü hesab olunur.
Mettel şirkəti 1964-cü ildə Bild Lilli oyuncağının hüquqlarını qazanır və Lillinin istehsalı dayanır. İlk Barbi qara və ağ zebra zolaqlı şəkildə, sarı saç, qara saçlı olur və Barbinin libası Mattel dizayneri Charlotte Johnson tərəfindən hazırlanır. İlkin Barbi kuklası Yaponiyada istehsal olunub. Hazırda satılan barbilərin evinin, əşyalarının çəhrayı rəngdə olması da təsadüfi deyil. Belə ki, Barbi yaranan ərəfədə Hollivudda Ceyn Mensfildin cazibədarlığı işıq sürəti ilə yayılırdı. Barbinin prototipi olan Ceyn Mensfild supermen olan cənab Mikki Hargetya ilə evləndi və özləri üçün bağ evi aldılar. Onun evindəki bütün əşyalar çəhrayı rəngə və bir çox digər açıq rənglərə boyadılmışdı. Həmçinin dekorasiyada müxtəlif mələk və qəlb rəsmlərinə də yüksək dərəcədə yer verilmişdi.
Buna görə də Barbinin evi məhz çəhrayı rəngdədir. İlk on il Barbi gəlinciyinin sayəsində Hendler ailəsinin cibinə 500 milyon dollardan artıq məbləğ gəlmişdi. 1993-cü ildə Barbi onların ailəsinə 1 milyard dollar məbləğində maliyyə büdcəsi gətirdi, 1994-cü ildə isə bu maliyyə vəziyyəti artıq 2 milyard dollarla əvəz edildi. Hazırda bu gəlinciklər dünyanın 150 müxtəlif ölkəsində bir dənəsi 25-70 dollara satılır.
Tədqiqatçıların fikrincə, dünyada daha çox tələbat yaradan 20 mal içərisində bu gəlincik də yer alır. Hazırda amerikan ailələrin çoxunun evində ən azı 10 ədəd Barbi gəlinciyinə rast gəlmək mümkündür. Bu vəziyyət İtaliya, Fransa ailələrində də belədir, üstəlik, İngiltərədə bu say orta hesabla 5 gəlincikdən ibarətdir. Hər il təxminən 20 milyon dollarlıq Barbi satışı olur. İndiki zamanda Barbi gəlinciklərini Reyçel London geyindirir
Cia.az
