Yəhudi blogger Aleksandr Lapşinin ölkəmizə təhvil verilməsi ciddi rezonans doğurub. Azərbaycana ekstradisiya edilən blogger Ədliyyə Nazirliyi Penitensar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. (APA) Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, hazırda onunla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Ona vəkil də təyin edilib.
Rusiya, İsrail və Ukrayna vətəndaşı olan bloggerin Azərbaycana verilməsi Ermənistanda şok yaradıb. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, iqtidara yaxınlığı ilə seçilən Beynəlxalq Sülh və Əlaqələr İnstitutunun rəhbəri Stepan Safaryan ölkəsinin Belarusdakı səfirinin geri çağırılmasını tələb edib. “Belarusdakı səfirimiz rüsvayçılıqla qovulmalıdır”. Müxalifətdəki “İrs” partiyasının rəhbərlərindən olan David Sanasaryan isə Lapşinin həbsindən sonra heç bir ağlı başında olan əcnəbinin Qarabağı ziyarət etməyəcəyini deyib.
“Ermənistan Belarusun KTMT-dəki üzvlüyünə xitam verilməsi məsələsini qaldırmalıdır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu təklifi Ermənistan parlamentinin 8 fevral tarixli iclasında hakim Respublikaçı Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan verib.
Belarusun Ermənistandakı səfirliyi Aleksandr Lapşinin həbsi ilə bağlı açıqlamalara cavab vermir. Səfirliyin siyasi məsələlər üzrə müşaviri Vadim Mixaylov bu barədə açıqlama verməyəcəklərini deyib. O, Belarus səfirinin də İrəvanda olmadığını təsdiqləyib. Səfirin təcili olaraq Minskə çağırıldığı bildirilir.
Fevralın 8-də Belarusun İrəvandakı səfirliyinin binası qarşısında blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına etiraz olaraq nümayiş keçirilib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, nümayişdə deputatlar da iştirak edib. Müxalif deputat Nikol Paşinyan Belarus səfirinin ünvanına “qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb, lakin səfirliyin əməkdaşları domofonla ona çatdırıblar ki, səfir yerində yoxdur və bəyanatı qəbul edə bilməyəcəklər. Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına “Rədd ol!” şüarları qışqırıblar.
Məsələ dünya mətbuatının diqqət mərkəzindədir. Nüfuzlu xəbər agentlikləri və saytları, o cümlədən Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, İsrail, Ermənistan və Avropa mətbuatında bununla bağlı xəbərlər tirajlanıb. İrəvan Azərbaycana qarşı həqarətlərə yol verən bloggerin ekstradisiyasının “media azadlıqları”na zidd olduğu barədə hay-küy qaldırıb. Ermənistanın Xarici İşlər Nazirliyi guya Lapşinin Azərbaycana ekstradisiya olunmasının söz və hərəkət azadlığına zidd olduğunu bəyan edib. Ermənistanın ombudsmanı isə Brüsseldə səfərdə olmasından istifadə edərək Avropa Birliyinin bir sıra rəsmi nümayəndələri, o cümlədən AB-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Herbert Salberə Azərbaycandan şikayət edib.
Bu kimi iddialara media eksperti Ələsgər Əhmədoğlu özünün facebook səhifəsində tutarlı arqumentlərlə reaksiya verib: “Lapşin Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərini qanunsuz pozan və ərazi bütövlüyünü şübhə altına alan açıqlamalarla gündəmə gəlib. Yerli və beynəlxalq qanunvericiliyə əsasən məsləyindən asılı olmayaraq, hər kəs bu pozuntuya görə məsuliyyət daşıya bilər. İfadə azadlığı mütləq azadlıq deyil və müəyyən legitim mənafelər baxımından məhdudlaşdırıla bilər. Bu legitim mənafelərdən biri də ”ərazi bütövlüyü" anlayışıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci hissəsi ifadə azadlığını qoruyur, 2-ci hissəsi isə ifadə azadlığının konkret hansı hallarda qanunla legitim mənafelər üçün məhdudlaşdırıla biləcəyini göstərir. Bu mənafelərdən biri də “Milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş” çərçivəsidir".
Rəsmi Bakının bu məsələ ilə bağlı prinsipial mövqeyi təqdir olunur: “Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizə qanunsuz səfər edən Aleksandr Lapşinin ölkəmizə ekstradisyası Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir”. Bunu YAP-çı deputat Aydın Mirzəzadə deyib (axar.az) Deputat qeyd edib ki, Lapşin məsələsi ötən ilin aprel hadisələri kimi tariximizə yazılacaq bir məsələdir: “Bu, eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır. Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş erməni cinayətkarları da nə zamansa, əlləri qandallı məhkəməmiz qarşısında duracaqlar”.
“Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir”. "Trend"in məlumatına görə, bunu mətbuata açıqlamasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Ə.Amaşov qeyd edib ki, A.Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir: “Hər iki halda prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb. Bu baxımdan, qeyd edəcəyim ikinci məqam ondan ibarətdir ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, ölkəmizin qanunlarına məhəl qoymamışdır. 3 ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik”.
Lapşinin həbsi Dağlıq Qarabağdakı azərbaycanlı girovların məsələsini də aktuallaşdırıb. Politoloq Elxan Şahinoğluna görə, əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, onda o, vaxtından əvvəl azad edilə bilər: “Dağlıq Qarabağda iki azərbaycanlı girovun geri qaytarılması üçün müraciət etmədiyimiz ünvan (Rusiya, ATƏT, Beynəlxalq Qırmızı Xaç Təşkilatı və s.) qalmadı, ancaq İrəvan geri addım atmır, Moskva isə vassalına güldən ağır söz demir. Belə isə biz niyə Moskvanın istəyi ilə Lapşini vaxtından əvvəl həbsdən azad etməliyik? Yox, əgər Rusiya Lapşini Dağlıq Qarabağda saxlanılan iki girovumuza dəyişmək istəyərsə, bu, başqa məsələ. Ancaq bu olmadan Lapşin Dağlıq Qarabağdakı girovlarımız kimi həbsxanada yatmalıdır. Şübhə etmirəm ki, Rusiya Azərbaycan hakimiyyətindəki ”5-ci kolon"unu da hərəkətə gətirməyə çalışacaq".
Bloggerin vətəndaşı olduğu ölkələrdən də reaksiyalar gəlib. İsrail blogger Aleksandr Lapşinin işini diqqətlə izləyir. Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında İsrail Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon söyləyib. O, Tel-Əvivin bütün tərəflərlə əlaqədə olduğunu bildirib.
Rusiya XİN də Lapşinin ekstradisiyasına dair bəyanat verib. Orada deyilir ki, Rusiya Belarus Ali Məhkəməsinin qərarından məyusdur. “Rusiya tərəfi iki ölkə arasında müttəfiqlik münasibətlərinin ruhuna uyğun gəlməyən bu qərarla bağlı dərin məyusluğunu ifadə edir. Biz bundan sonra da Rusiya vətəndaşının qanuni hüquqlarının müdafiəsi üçün lazım olan tədbirləri görməkdə və onun tezliklə ailəsinə qaytarılması üçün səy göstərməkdə davam edəcəyik”, - bəyanatda deyilir.
“Blogger Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün mümkün hüquqi tədbirlər görülür”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kreml sözçüsü A. Lapşinin bir neçə vətəndaşlığının olduğunu xatırladıb: “Onun Rusiya vətəndaşlığı da var. Bizim üçün o, ölkəmizin vətəndaşıdır. Biz onun maraqlarını qanun çərçivəsində müdafiə etməyə davam edirik”.
Rusiya Dövlət Dumasının vitse-spikeri, LDPR lideri Vladimir Jirinovski Belarus prezidenti Aleksandr Lukaşenkonun bu addımını “partizanlıq” adlandırıb. Onun sözlərinə görə, bununla Belarus növbəti dəfə Rusiyanı sancmaq istəyir.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Lapşinin ekstradisiyasına nail olması müsbət hadisədir: “Bu hadisə Azərbaycanın suverenlik hüquqlarına zidd şəkildə işğal altındakı ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları üçün çəkindirici amil olacaq. Ola bilsin, Dağlıq Qarabağa qanunsuz səfərlər dayanmayacaq və yenə davam edəcək. Amma bu fikrə düşənlər bundan sonra ən azı iki dəfə düşünməli olacaqlar. Lapşin şübhəsiz ki, barəsində qaldırılmış cinayət işi çərçivəsində dindiriləcək. İstintaq yekunlaşdıqdan sonra iş məhkəməyə verilməlidir. Əgər iş məhkəmə mərhələsinə qədər gedib çıxarsa, Lapşin irəli sürülən ittihamlar əsasında həbs cəzası alacaq. Ola bilər ki, Lapşin həbsə məhkum edildikdən sonra Azərbaycan prezidenti onun özünün, ailəsinin, eləcə də Rusiya və İsrail dövlətlərinin müraciətlərini nəzərə alaraq bir müddət sonra onu əfv etsin. Eyni xahişlər nəzərə alınmaqla, cinayət işi məhkəməyə göndərilmədən istintaq mərhələsində də xətm edilə bilər. Hər halda, Azərbaycan bu məsələdə artıq əsas məqsədinə nail olub və bundan sonrası təfərrüatdır”.
Ş.Cəfərli hesab edir ki, bu hadisə Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirməklə bərabər, Rusiyanın prestijinə də müəyyən zərbə vurdu: “Bir daha ortaya çıxdı ki, Rusiyanın postsovet məkanında həyata keçirdiyi inteqrasiya layihələri ciddi böhran yaşayır. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində ciddi problemlər yaranıb. Bu qurumların iştirakçısı olan ölkələrin müttəfiqliyi yalnız kağız üzərində qalıb və orada dezinteqrasiya prosesi başlayıb. Hətta Rusiya-Belarus İttifaq Dövləti də böhran mərhələsinə qədəm qoyub. Mən Kremldə çox ciddi məyusluq hökm sürdüyünə inanıram. Çünki Rusiya dünya miqyasında hegemonluq, ikinci qütb və ya ən pis halda çoxqütblü düzənə nail olaraq qütblərdən biri olmaq iddiasındadır. Moskva 2-ci Dünya müharibəsi sonrası Yalta konfransına bənzər şəkildə Vaşinqtonla masaya oturaraq nüfuz dairələrinin bölüşdürülməsini həyata keçirmək arzusundadır. Kreml minimal vəzifə kimi postsovet məkanının onun müstəsna nüfuz dairəsi kimi Qərb tərəfindən tanınmasına nail olmaq əzmindədir. Lakin məlum olur ki, bütün cəhdlərinə, son illər apardığı məqsədyönlü siyasətə, külli miqdarda xərc çəkməsinə baxmayaraq, Rusiya nəinki qlobal miqyasda, hətta ”yaxın xaric" adlandırdığı keçmiş sovet coğrafiyasında da cazibə mərkəzinə çevrilə bilmir". Politoloq qeyd etdi ki, diqqətlərdən yayınan çox maraqlı bir məqam da var: “Azərbaycan əslində özü də istəmədən getdikcə Rusiya üçün başağrısına çevrilməkdədir. Avrasiya İttifaqı və KTMT daxilində böhranlı vəziyyətin yaranmasında Azərbaycanın da rolu var. Azərbaycan məsələsi bir müddətdir ki, bu qurumların daxilində problem yaradan faktora çevrilib. Azərbaycanın Qazaxıstan və Belarusla yaxın münasibətləri istər Avrasiya İttifaqı, istərsə də KTMT daxilində fikir ayrılıqlarını getdikcə gücləndirir. Təsadüfi deyil ki, Rusiya və Ermənistan Lapşin olayı ilə bağlı bəyanatlarında Belarusu müttəfiqliyə zidd hərəkət etməkdə qınayıblar. Digər tərəfdən, Azərbaycan bu qurumlara qoşulmur və belə görünür ki, qoşulmaq fikri də yoxdur. Məncə, son aylarda Rusiyanın Azərbaycana münasibətinin neqativ istiqamətdə dəyişməsində qeyd etdiyim məsələlərin də mühüm rolu var”.
Beləliklə, internetdəki şəxsi səhifəsində “Mən indi Azərbaycanın qara siyahısında 16-cı yerdəyəm, amma 1-ci olmaq istəyirəm” yazıb ölkəmizə həqarət edən bloggerin həbsi başqalarına ibrət dərsidir.
musavat
