Ermənistan prezidenti Serj Sərkisyanın, həmçinin siyasi partiya liderlərinin Qarabağla bağlı qarşılıqlı güzəştlərin zəruriliyi barədə seçkiqabağı bəyanatlarının əslində hiylə olduğu barədə yazdıqlarımız təsdiqləndi. Belə ki, son günlər İrəvandakı “sülhməramlı” bəyanatların ardınca düşmən ölkənin ordusu cəbhənin bir neçə istiqamətindən diversiya-təxribat cəhdləri göstərib.
Fevralin 8-də isə İrəvan Azərbaycan Müdafiə Nazirliyinin bir gün öncə yaydığı məlumatı təsdiqləyərək, təmas xəttində verdiyi itkiləri rəsmən etiraf edib. Sözügedən məlumatda bildirilir ki, fevralın 8-də saat 11.00-da cəbhənin şimal istiqamətində (Talış-Goranboy) mühəndis-istehkam bölüyündə müqavilə ilə xidmət edən 1979-cu il təvəllüdlü Qeram Qenrixoviç Manukyan Azərbaycan ordusu tərəfindən məhv edilib. Xankəndindəki separatçı rejimin yaydığı məlumata görə isə çərşənbə axşamı saat 12.00-da cəbhənin şimal-şərq (Ağdərə) istiqamətində 1998-ci il təvəllüdlü müddətdən artıq hərbi qulluqçu Koryun Kmoeviç Kirakosyan ölümcül güllə yarası alıb. Başından ağır yaralanan əsgər Xankəndi hospitalında əməliyyat olunsa da, sağalacağına ümid yoxdur.
Haqqin.az saytının yaydığı xəbərdə bildirilir ki, Xankəndindəki hospitala yaralı əsgərlər gətirilir, yaralılardan ikisi İrəvana göndərilib. Sayt ən azı 5 erməni əsgərinin artilleriya atəşi nəticəsində öldürüldüyünü yazıb. Bundan əlavə, öldürülən hərbçinin podpolkovnik olduğu qeyd olunub.
Qeyd edək ki, fevralın 7-də Azərbaycan Müdafiə Nazirliyi düşmənin diversiya hərəkətinin qarşısının alındığı barədə məlumat yaymışdı. Sözügedən xəbərdə bildirilirdi ki, günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir.
Azərbaycan tərəfinin bu açıqlamasından sonra Ermənistan da cəbhədə gərginliyin hökm sürdüyünü, Azərbaycan ordusunun topları işə saldığını, “İstiqlal” silahlarından, həmçinin qumbaraatanlardan istifadə etdiyini açıqladı. Ancaq nədənsə İrəvan itkilər barədə yalnız bir gün sonra, fevralın 8-də rəsmi açıqlama verib. Çox qəribədir ki, düşmən hərbçilərin ölümü və yaralanması barədə dəqiq saatları da (11.00 və 12.00-E.P.) göstərib.
Bu, bizə Azərbaycanın Müdafiə Nazirliyi ilə əlaqə yaratdığımız zaman aydın oldu. Belə ki, nazirliyin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a dedi ki, ümumiyyətlə, 8 fevralda ciddi gərginlik müşahidə olunmayıb. Xidmət rəisi erməni mətbuatının yazdıqları ilə tanış olduğunu dedi. Onun fikrincə, çox güman ki, bu itkilər 7 fevraldakı döyüşlərin nəticəsidir, amma düşmən rəsmi açıqlamanı bir gün sonraya saxlayıb. V.Dərgahlı Azərbaycan ordusunun vəziyyətə tam nəzarət etdiyini bildirdi.
Müdafiə Nazirliyi erməni diversiya qrupunun atəşlə məhv edilməsinin görüntülərini yayımlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, videoda bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.
“Ola bilsin ki, erməni tərəf təmas xəttindəki vəziyyəti yoxlamaq üçün belə cəhdlər göstərir. Yaxud arxaya keçib hansısa təxribat törətmək istəyirlər”. Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a düşmənin aktivləşməsini şərh edərkən bildirdi. Hərbi ekspert xatırlatdı ki, ötən ilin aprelində sarsıdıcı zərbələr alan düşmən indiyə kimi sakitləşmir: “Ermənistan hakimiyyəti cəmiyyətə vəd edir ki, ya həmin mövqeləri ələ keçirəcək, ya da ona uyğun ərazini işğal edəcək, ona görə də hansısa hazırlıqlar gedir. Ancaq bizim əsgərlər də ayıq-sayıqdırlar. Düşmən hər bir varianta gedə bilər. İstəyirlər ki, təmas xəttində narahatlıq, yaşayış məntəqələrində gərginlik olsun”. Ş.Ramaldanov gərginliyin daha geniş fazaya keçməsini istisna etmir: “Aprel hadisələrini gördük ki, hadisələr düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində baş verdi. Sakinlər rəhbərliyə müraciət etdilər ki, düşmən təxribatları ilə bağlı tədbirlər görülsün, nəticədə yaşayış məntəqələrinin təhlükəsizliyi məqsədilə ordumuz işğalçıları geri atdı. Əgər erməni tərəf təxribatların sayını artırsa, özbaşınalıqlarına davam etsə, Azərbaycan Silahlı Qüvvələri sərt tədbir görərək onların cavabını verməli olacaq. Özü də bu cavab aprel hadisələrindən də təsirli olacaq”.
Şübhəsiz ki, Ermənistan hakimiyyəti cəbhədəki yeni itkilərin daxildə sərt reaksiyalara səbəb olacağından ehtiyatlandığına görə rəsmi açıqlama üçün “daha uyğun zaman” seçib. Belə ki, Azərbaycan qanunlarını pozduğu üçün Belarusda həbs edilərək Bakıya təhvil verilən blogger Aleksandr Lapşinlə bağlı məsələ 8 fevralda - Ermənistan mediası cəbhədəki itkiləri açıqladığı saatlarda - əsas müzakirə mövzusu oldu, Ermənistan parlamenti bununla bağlı geniş diskussiyalar açdı, hətta Belarusun İrəvandakı səfirliyi qarşısında aksiya keçirildi. Bu isə cəbhədə baş verənləri arxa plana keçirmək fürsəti yaratdı. Parlament seçkiləri ərəfəsində onsuz da dayaqları ciddi şəkildə sarsılan Serj Sərkisyan hakimiyyəti Qarabağdakı itkilərlə bağlı haqq-hesab tələb edəcəyindən ehtiyatlandığı üçün diqqəti yayındırmaq istəyir. İrəvanı təlaşlandıran digər məsələ də var. Lapşin mövzusu da sübut etdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Belarus Ermənistanın yox, Azərbaycanın yanında yer alır və bu təşkilatın dəstəyinə olan ümidlər də dəfn edilir...
