|
Beynəlxalq Bankın borcları yüklənir...
Beynəlxalq Bankla bağlı yeni gəlişmələr var. Artıq bankın on milyardlıq borcunun üçdə birinin hökumət tərəfindən ödəniləcəyinə dair ümidlər var. Bildirilir ki, hökumət Beynəlxalq Bankın “3 milyard dollar borcunu öhdəsinə götürür”. Ekspertlər bununla bağlı müxtəlif fikirlər səsləndirirlər.
 
 
Beynəlxalq Bank təxminən 3 milyard ABŞ dolları həcmində olan borcunu, hökumətin boynuna götürəcəyinə ümid edir. Bank sədri “Reuters”ə müsahibəsində bildirib ki, bu, ABB-nin yenidən maliyyələşdirilməsi çərçivəsində baş tutacaq. “Dövlət bankı olan ABB Azərbaycanın ən böyük bankıdır və hazırda Beynəlxalq Valyuta Fondunun təklifi və prezident İlham Əliyevin əmri ilə balans hesabını təmizləmək üçün yenidən maliyyələşdirilir”,- deyə yazıda vurğulanır. 2015-ci ildə İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və “Aqrarkredit” (dövlət mülkiyyətində olan qeyri-bank təşkilatı) - ABB-nin korlanmış və riskli borclarının Aqrarkreditə 2 il ərzində transfer ediləcəyi razılığına gəliblər. (BBC)
 
İndiyə qədər 10 milyard manat həcmində korlanmış borclar “Aqrarkredit”ə keçirilib. “İlkin hesablamalara əsasən, dövlətdən növbəti tranşın məbləği üç milyard ABŞ dolları olacaq”,- deyə  ABB sədri Xalid Əhədov “Reuters”ə müsahibəsində deyib. Onun fikrincə, zərər görmüş aktivlər balans hesabından götürüləcək: “Bu, bankın 500 milyon manatadək ehtiyatını geri qaytaracaq və kapital mövqeyinə dəstək verəcək”. 
 
X.Əhədovun sözlərinə görə, növbəti tranşın bu ilin ilk rübündə baş tutacağı gözlənilir və ABB-nin problemi üzrə son köçürülmə olacaq.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, çox güman ki, bu vəsait Neft Fondu vasitəsilə veriləcək: “Neft Fondundan keçən il ərzində Beynəlxalq Banka bir milyard manat depozit qoyuldu. Problemli kreditlərin silinməsi ilə paralel olaraq bu, edildi. Bu da Beynəlxalq Bankın bəzi beynəlxalq öhdəlikləri yerinə yetirməsi üçün istifadə edildi. Çox güman ki, bu il də həmin prosesin təkrarını biz görə bilərik. Çünki başqa bir mənbə yoxdur. Ya Neft Fondundan birbaşa depozit şəklində Beynəlxalq Banka pul qoyulacaq. Ya da Neft Fondundan Mərkəzi Banka bu il üçün ayrılmış 7,5 milyard manatlıq transfert var ki, bəlkə də bu transfert çərçivəsində bu vəsaitin bir hissəsinin Mərkəzi Bank tərəfindən Beynəlxalq Banka yönləndirilməsini də görərik. Yəni Azərbaycanda vəsaitin bir mənbəyi var. Neft Fondundan başqa digər ciddi vəsaiti olan mənbə yoxdur. Ona görə də Beynəlxalq Bankın problemləri həll olunacaqsa, yenidən Neft Fondunun vəsaitlərinə müraciət etməli olacaqlar. Çünki başqa mənbə yoxdur ki, Beynəlxalq Bankın problemli kreditlərini və ümumiyyətlə, problemlərini həll etsin. Beynəlxalq Bankın özünün də reytinqi çox aşağı düşüb. Hətta reytinq “zibil” səviyyəsinin bir addımlığına düşüb. Elə reytinqlə Beynəlxalq Bank maliyyə bazarlarından birbaşa kredit almaq imkanından məhrumdur. Ona görə də ancaq dövlətin dəstəyi ola bilər".

Qeyd edək ki, Beynəlxalq Bankın 2016-cı ildə 1,4 milyard manat xalis itkisi olub. Dəyərləndirmə agentliyi “Fitch”ə əsasən, məbləğin 1,1 milyard manatı valyutada müəyyən edilmiş itkilərdir. “Fitch”ə görə, bank 300 milyon manat əlavə foreks itkisini sifariş edə bilər. X.Əhədov söyləyib ki, ABB-nin yenidən təşkili ilə bağlı hazırkı görülən tədbirlər 2017-ci ilin sonunadək bankın az miqdarda gəlir əldə etməsinə imkan yaradacaq. 
 
“Deyə bilərəm ki, biz aza ümid etsək də, ilin axırınadək gəlir əldə edəcəyik”,- deyə o vurğulayıb. O əlavə edib ki, bankın xarici öhdəlikləri yerinə yetirmək üçün heç bir problemi yoxdur. “Yenidən təşkildən sonra bank satışa çıxarılacaq və dövlət tədricən öz payını kəsəcək”,- X.Əhədov bildirib. “Bankın özəlləşdirilməsi prosesinə Beynəlxalq Maliyyə Korporasiyası, ”Avropa Yenidənqurma və İnkişaf Bankı" və “Asiya İnkişaf Bankı” kimi beynəlxalq qurumları cəlb edə bilmək çox mühümdür",- deyə o vurğulayıb. X.Əhədov bankın xarici özəl alıcılarla yanaşı, yerli investorlara da təklif olunacağını istisna etməyib: “Bu, daxili fond birjasına qoyulan paylar sayəsində baş tutacaq. Lakin o, bunun nə vaxt baş tutacağını bildirməyib. ABB-nin dövlətin əsas layihələrində iştirakını nəzərə alsaq, hökumət öz hissəsini tədricən satışa çıxaracaq”. Neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan iqtisadiyyatı zəifləyib və milli pul valyutası dəyərini itirib. İqtisadiyyat zəiflədikcə, Azərbaycan banklarının korlanmış kreditləri artıb və kapitalları azalıb. Bəzi banklar lisenziyalarını itiriblər.