|
“Trampın qərarları beynəlxalq hüquqla yanaşı, ABŞ Konstitusiyasına da ziddir”
Donald Trampın ABŞ-ın prezidenti olaraq fəaliyyətə başladığı hələ üç həftə deyil. Buna baxmayaraq, bir sıra qərarları və açıqlamaları ilə nəinki öz ölkəsində, dünyanın əksər bölgələrində özünə qarşı etirazlara yol açıb. Dünyanın bir çox ölkələrinin rəsmi şəxsləri, həmçinin müxalifət liderləri Trampı qərarlarına görə tənqid edir. Vəziyyət o həddə çatıb ki, ABŞ-ın tarixi müttəfiqi olan Britaniyada belə, o, qəbuledilməz şəxs elan edilir.   

Britaniya parlamentinin spikeri Berkov D.Trampı Londona səfəri zamanı parlamentə dəvət etməyəcəyini deyib. 
 
Bəzi media orqanları və sosial şəbəkə iştirakçıları isə Azərbaycan müxalifətinin hansısa şəxsi maraqları üzündən ABŞ-ın yeni prezidentinin etiraz doğuran qərarlarını görməməzlikdən gəldiyini, susduğunu iddia edir.
 
İddialarla bağlı bir neçə müxalif partiyanın sədri ilə danışdıq.
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Donald Trampın ABŞ-a giriş qadağası barədə qərarına görə heç cür haqq vermək olmaz. Tramp haqlı deyil. Onun bir çox qərarları beynəlxalq hüquq normalarına ziddir: “İnsanların dünyanın bir ölkəsindən başqa ölkəsinə getmək hüququ var. Trampın atdığı bir sıra addımlar beynəlxalq hüquqla yanaşı, ABŞ Konstitusiyasına da ziddir. Eyni zamanda o qərarlar dünyada gərginliyin artmasına səbəb olur. Bizim Donald Trampın bu kimi qərarlarına heç bir fikir bildirmədiyimiz, nəyəsə görə susmağımız, nəyisə gözlədiyimiz barədə deyilənlər yanlışdır. Heç bir gözləmədən söhbət gedə bilməz. Biz də Trampın insanların hüquqlarını pozan, dünyada gərginlik yaradan qərarlarına, davranışlarına etiraz edirik. Bizim etirazımız Trampın şəxsinə deyil, Trampın düşməni deyilik. Sabah dünyada sülhə, insanların hüquqlarının qorunmasına, demokratiyanın genişlənməsinə xidmət edən qərarları olacaqsa, Trampın bu qərarlarını alqışlayacağıq. Trampın səhvi odur ki, özünü yalnız ABŞ prezidenti kimi görür və ABŞ-ı da sıradan bir milli dövlət kimi görür. Ona elə gəlir ki, Amerikanın bugünkü nailiyyəti yalnız Amerika xalqının nailiyyətidir. Əgər dünya iqtisadiyyatının 70 faizinə ABŞ nəzarət edirsə, deməli, dünyada problemlərin 70 faizinin də həllinə Amerika məsuliyyət daşıyır və daşımalıdır. Nə qədər ki, Tramp bunu qəbul etməyib və nə qədər ki, ABŞ-ı yalnız öz sərhədləri daxilinə cavabdeh dövlət kimi görəcək, yanlış qərarlarını davam etdirəcək”.
 
KXCP sədri Mirmahmud Mirəlioğlu da Azərbaycan müxalifətinin Amerikanın yeni prezidentinin qərarlarına hər hansı bir reaksiya vermədiyi barədə iddiaların yanlış olduğunu dedi. Onun sözlərinə görə, Trampın yürütdüyü siyasəti izləyirlər və əmindirlər ki, bu siyasət təkcə Trampın özfəaliyyəti deyil: “İndiyə qədər ABŞ prezidentlərinin əksəriyyəti bu siyasəti müxtəlif metodlarla yürüdüblər. Bu məsələnin kökündə o dayanır ki, ABŞ-ın siyasətini prezident təkbaşına yönəltmir. Bu gün Amerikanın siyasətində bu cür addımlar lazım bilinir və Trampın qərarları ilə bu plan, sadəcə, həyata keçirilir. İndiyə qədər dünyada baş verənlərdə Amerikanın iştirakını unutdurmaq istəyirlər. Bu, razılaşdırılmış bir siyasətdir, təkcə Trampın beyninin məhsulu deyil.  
 
Biz isə sadəcə ona görə bu məsələ ilə bağlı çox danışmırıq ki, Azərbaycanda hamının kütləvi şəkildə Trampa münasibət bildirməsi ilə vəziyyət dəyişən deyil. Azərbaycan siyasətçiləri gözləmə mövqeyi tutmasaydı və hər gün nə isə desəydi, guya ABŞ-da vəziyyət dəyişəcəkdi, Tramp o qərarları imzalamayacaqdı? Trampa dünyada və ölkəsində ona görə bir qıcıq müşahidə olunur ki, çoxları Trampın ABŞ prezidenti seçiləcəyini düşünmürdü".   
Ümid Partiyasının sədri İqbal Ağazadə isə Azərbaycan müxalifətinin ABŞ-ın yeni prezidenti barədə susqun davranışını müxalifətin Trampdan gözləntisinin olmaması ilə izah etdi: “Mən əvvəldən də bildirmişdim ki, Azərbaycan müxalifəti Trampdan bir şey gözləmir. İndi də bir cümlə ilə ifadə edirəm ki, ABŞ qanunları və ABŞ ictimaiyyəti hələ ki bu şəxsə dözür. Nə qədər dözəcəklərini isə Amerika cəmiyyəti göstərəcək”.