Suriyada sülh əldə olunması ilə bağlı Astana danışıqlarının ilk ciddi müsbət nəticəsi qeydə alınıb. Rusiya mediasının məlumatına görə, Dəməşqin şimal-şərqində Suriya ordusu və müxalif silahlıların İŞİD-ə qarşı ilk birgə əməliyyatı baş tutub.
Dağlıq Qəlamun bölgəsində İŞİD qarşı keçirilən əməliyyatda ordu və müxaliflər bir mövqedə olublar və İŞİD-in hücumunun qarşısı alınaraq geri oturdulub. Xəbərdə birgə əməliyyatın keçirildiyi bölgənin Astanada razılaşdırılmış ərazilər olduğu qeyd olunur. Ancaq faktın özü, yəni ordu və müxalif silahlıların birgə əməliyyat keçirməsi Suriyada müharibə başlayandan bu yana ilk hadisədir.
Qeyd edək ki, Rusiya, Türkiyə və İranın təşkilatçılığı ilə yanvarın 23-də Astanada Suriya müxalifəti və iqtidarın iştirakı ilə barışıq müzakirələri başlayıb. İki gün davam edən toplantıdan sülh anlaşması çıxmasa da, təşkilatçı ölkələr atəşkəsin davam etdirilməsi, eləcə də atəşkəsə daxil edilməyən İŞİD, Ən-Nusra (Şamın Fəth Ordusu) kimi terror qruplaşmalarına qarşı birgə əməliyyat keçirməklə bağlı razılığa gəliblər. İndi isə bunun ilk əyani nümunəsi yaşanıb. Ordu və müxalif silahlılar İŞİD-ə qarşı uğurlu əməliyyat keçiriblər. Suriya münaqişə sahəsinə baxsaq o qədər də böyük ərazi olmasa da, Qələmun əməliyyatı sülh ümidlərini bir az da gücləndirir.
Bu yöndə növbəti ümidverici addım bir neçə aydır İŞİD və Türkiyə ordusu arasında savaş meydanına çevrilmiş əl-Bab ətrafında qeydə alınıb. Suriya ordusu əl-Baba yaxınlaşaraq şəhəri top atəşinə tutub və bununla da əl-Bab faktiki olaraq mühasirəyə düşüb. Qeyd edək ki, ötən il avqustun 24-də başlayan “Fırat Kalkanı” əməliyyatı çərçivəsində Türkiyə ordusu İŞİD-in nəzarətində olan əl-Bab şəhərinə hücum etmiş, ancaq burada güclü müqavimətlə qarşılaşmışdı. Canlı bombalardan və gözlənilməz mina hücumlarından istifadə edən İŞİD şəhərciyi əlində saxlaya bilirdi. Ancaq Suriya ordusunun cənub-qərbdən irəliləyərək şəhərin mühasirə halqasını qapatması İŞİD-in müqavimətini sarsıdıb. Son məlumatlara görə, Türkiyə ordusu əl-Bbaın içərilərinə daxil olaraq bir neçə yüksəkliyi ələ keçirib.
Eyni zamanda son günlərdə artıq ruslar da havadan əl-Babı bombalayaraq Türkiyə ordusuna dəstək verirlər. Suriya ordusunun irəliləməsi və mühasirənin tamamlaması onu göstərir ki, artıq Türkiyə ordusu ilə də müəyyən bir koordinasiyalı əməliyyatlar keçirilir. İŞİD, ən-Nusra və YPG kimi terror təşkilatlarının sıradan çıxarılmasından sonra qalan qüvvələrin Rusiya və Türkiyə tərəfindən barışığa məcbur edilməsi gündəmə gəlir. Görünən odur ki, Ankarada və Astanada davam edən müzakirələrin əsas məqsədi də bu olub. Terrorun ortadan qaldırılması, yerdə qalan hərbi-siyasi qüvvələrin bir araya gələrək ölkədə hakimiyyətin yenidən formalaşdırılmasında iştirakın təmin olunması.
Yeri gəlmişkən, bir neçə gün əvvəl xarici ölkə mediasına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd Suriya prezidenti postundan gedə biləcəyinə işarə edib. Prezident postunun onun ailəsinə məxsus olmadığını deyən Əsəd daha öncə təkrarladığı fikri qeyd edib. Deyib ki, ağır şərtlərdə olan xalqını qoyub gedə bilməzdi. Bu açıqlama həm də Əsədin köklü sülh əldə olunduqdan sonra hakimiyyətdən gedə biləcəyinə işarədir.
Suriya ətrafında daha bir maraqlı gəlişmə Misir və İordaniya dövlət başçıları arasında təmasla ortaya çıxıb. “Rəy əl-Yaum” qəzeti yazıb ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi İordaniya kralına göndərdiyi məktubda Əmmanda keçiriləcək Ərəb Dövlətləri Liqasının toplantısında Bəşər Əsədi də Suriya prezidenti qismində dəvət etməsini istəyib. Ərəb mediasına görə, Rusiya diplomatik kanallarla Suriyanın yenidən Ərəb Liqasına qatılmasına çalışır. Sisinin məktubu da bu məqsədlədir. Ərəb Liqasının baş katibi Əhməd Əbülqeyt bir qədər əvvəl deyib ki, Suriyanın ƏDL-ə geri dönməsi üçün əsas şərt bu ölkədəki münaqişənin həlli nəticəsində mümkündür.
Hələlik kralın cavabı bəlli deyil, ancaq əgər ruslar digər ərəb ölkələrini bu plana razı sala bilsələr, o zaman Əsədin yenidən Ərəb Liqasına geri dönməsi mümkün olacaq. Lakin istənilən halda son günlər baş verənlər bir reabilitasiya və həll prosesidir. Rusiya, Türkiyə və İranın orta hərəkəti artıq ilk meyvələrini verir. Suriyada 6 ildir davam edən müharibəyə nəhayət son qoyulması, bölgədə və dünyada acı nəticələr doğurmuş prosesin bitməsi, insanların nəhayət sülh və sabitliyə qovuşması mümkün ola bilər. Ancaq istənilən halda bu proses zaman alacaq, bölgənin ən qanlı terror təşkilatları hələ də güclüdür, himayəçiləri də qalır.
