Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovski yenidən şovinist xarakterli açıqlama ilə çıxış edib. Postsovet ölkələrinin guya Rusiya ətrafında birləşməkdə maraqlı olduğunu bildirən Jirinovski deyib ki, SSRİ bərpa edildikdən sonra Azərbaycan və Ermənistan olmayacaq, Bakı və İrəvan quberniyası olacaq: “Qarabağı onlar heç zaman həll edən deyillər. Azərbaycan və Ermənistan arasında həmişə müharibə olacaq.
Amma biz oranı götürəndən və SSRİ sərhədlərini bərpa etdikdən sonra orada nə Qarabağ, nə də Azərbaycan olacaq: İrəvan və Bakı quberniyaları. Çarın vaxtındakı kimi. Təhlükəsizlik var, həyat səviyyəsinin yaxşılaşması var, perspektiv var. Mədəniyyət də yaradın. Hər şeyi rus dilinə çevirəcəklər. Hamı öz yazıçılarını və qalan şeyləri unudacaq”.
Azərbaycanın işğal edilməsi çağırışı hesab etmək olarmı bu açıqlamanı? Bu açıqlamaya görə Azərbaycan Rusiya və şəxsən Jirinovskinin özünə rəsmi etiraz etməldirimi? Bir müddət öncə Bakıya təmtəraqlı qonaq gətirilən bu adam nədən indi yenə Azərbaycana qarşı danışmağa başladı?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Jirinovski kimi adamlara xoş münasibət göstərilməsi düzgün deyildi və bu münasibətin onların mövqeyində hər hansı bir dəyişikliyin baş verəcəyinə ümid bəslənilməsini ən yaxşı halda növbətçi təbəssümlə qarşılamaq olar: “Bizə Jirinovskinin ədaləti lazımdı? Rusiyada Jirinovski haqqında məşhur bir lətifə var: ”Jirinovskini quduz it dişləyir. Və tibb tarixində ilk dəfə olaraq həkimlər hər ikisinə quduzluğa qarşı iynə vururlar". Zənnimcə, bu lətifə Jirinovskinin mahiyyətinin nədən ibarət olduğunu dərk etmək üçün yetərlidir. RLDP lideri ilk dəfə deyil ki, SSRİ-nin bərpası, postsovet ölkələrinin ilhaq edilməsi ilə bağlı çağırışlar edir. Şübhəsiz ki, bu çağırışlar Rusiya cəmiyyətinin siyasiləşmiş və hakimiyyətə transfer olunmuş ultramillətçi kəsiminin arzu və istəklərini də ifadə edir. Belə çağırışlar adətən Rusiyada sosial-iqtisadi durum ağır olanda daha qabarıq şəkildə nəzərə çarpır. Rusiyada belə nağıllara hələ də inananlar tapılır. Jirinovski və təlimatçıları rus xalqının mental xüsusiyyətlərini yaxşı bilir və bundan da məharətlə istifadə edirlər. Lakin hər şeyin bir sonu var. Rusiyadakı indiki əhval-ruhiyyənin də sonu olacaq. Amma təəssüf ki, tarix boyu Rusiyada baş verən dəyişikliklər xaosla, vətəndaş müharibələri, qarşıdurmalarla müşayiət olunub".
Ekspert hesab edir ki, Jirinovskinin çağırışlarına reaksiya verməyə dəyməz. Bu çağırışları, sadəcə, Rusiyada baş verən proseslərin tərkib hissəsi kimi dəyərləndirmək, güclü olmaq və yola davam etmək lazımdır: “Bununla yanaşı, başqa bir məqamı da nəzərə almağı vacib hesab edirəm. Rusiya siyasətçilərinin dostluğu öz maraqlarının sərhədlərinə qədərdir. Bu münasibətlərə ədalət və vicdan müstəvisindən yanaşmaq kökündən yanlışdır. Rusiyada vicdanı və ədalət hissi olan insanlar tarix boyu əziliblər, sürgün ediliblər, onlara vətən xaini kimi baxıblar. Bu siyasətdən də ən çox rus xalqı ziyan görüb. Mendeleyevin cədvəlindəki bütün elementlər Rusiyanın sərhədlərinə daxil olan ərazilərdə var. Rusiyanın hər şeyi var, amma rus xalqı yenə də xoşbəxt deyil. Çünki o, başqalarını bədbəxt etməklə öz bədbəxtliyini unutmağa çalışır. Ona bunu öyrədiblər, təlqin ediblər.
Rusiyada jirinovskilər hər zaman olub və bundan sonra da təəssüf ki, yenə də olacaqlar".
Deputat Qənirə Paşayeva isə bildirdi ki, uğursuz və qeyri-ciddi siyasətçi Jirinovski hələ də anlamır ki, Azərbaycan xalqı heç zaman onun Bakı quberniyası və s. kimi arzularının reallaşmasına imkan verməz: “Jirinovskinin keçmişi də, fəaliyyəti də hər kəsə bəllidir və ciddi qəbul ediləcək tərəfi yoxdur, amma hər dəfə onun bu cür açıqlamalarından sonra insanı düşündürən önəmli sual budur: özümü danışır, yoxsa onu danışdırırlar? Əgər danışdırırlarsa, düşündürücüdür... Rusiyada onu tanıyan ziyalılarımızdan kimsə varsa, ona söyləsin ki, vaxtını ölkəsinin ciddi problemlərinin həllini düşünməyə həsr etsin. Bakı heç bir zaman heç kimsənin quberniyası olmayacaq. Hər zaman müstəqil Azərbaycan dövlətinin paytaxtı olacaq. Onun bu cür açıqlamaları isə şimal qonşumuzda bir çoxlarının ürəyindən keçən bu cür xəyallar barədə xalqımızın hər zaman daha çox məlumatlı olmasına və müstəqil dövlətimizə daha da çox sarılıb onun müstəqilliyi üçün çalışmamıza səbəb olur”.
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə modern.az-a deyib ki, Jirinovskinin fikirləri çox təhlükəlidir. O, müstəqillik qazanmış dövlətlərin müstəqilliyini əlindən almış kimi provokasiyalı fikir səsləndirir: “Görünür, Rusiyanın müəyyən dairələrində vaxtaşırı köhnə Çar imperiyasını bərpa etmək fikirləri, düşüncələri dolaşır. Amma Jirinovski və onun təmsilçiləri bilməlidilər ki, indi 21-ci əsrdir. Bu gün dünyanın sabitliyini saxlayan əsas prinsip sərhədlərin toxunulmazlığı prinsipidir. Məhz bu prinsipə görə bu gün sülhü təmin etmək və dövlətlər arasında xoş münasibətlər yaratmaq mümkündür. Jirinovskinin fikirləri Azərbaycan cəmiyyətində etiraz doğurur. Təsəvvür edin: Jirinovskinin fikirləri tətbiq olunarsa, dünya yenidən orta əsrlərə qayıda bilər. Həmçinin Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki, sonradan onu əldən versin. Azərbaycanın hər bir vətəndaşı canından keçər, amma torpağının başqa bir dövlətin ərazisinə birləşdirilməsi işinə imkan verməz. Azərbaycan öz müstəqilliyini təsdiq edərək müstəqillik yolunda böyük uğurlar qazanıb. Müstəqil Azərbaycan dövlətinin olması həm də bütün Cənubi Qafqazın stabilliyi, eləcə də Cənubi Qafqazla bağlı bir çox uğurlu layihələrin təminatı deməkdir”.
A.Mirzəzadə hesab edir ki, Jirinovskinin bu fikirləri Rusiya hakim dairələrinin və ictimaiyyətinin fikirləri deyil: “Rusiyanın demokratik qüvvələri heç vaxt bu yöndə fikirlərini ifadə etməyiblər. Həmçinin Jirinovskinin fikirlərini müdafiə etmirlər”.
Cia.az
