|
“Prezidentin ətrafını tənqid edənlər” iddiasına deputatlardan cavab gəldi
“Bizdə tənqidlə təhqir çox vaxt bir-biri ilə qarışdırıldığndan, hakim düşərgənin nümayəndələri də, ora aid olmayanlar da- hər kəs belə hallara qarşı adekvat reaksiyasıya verir. Bu, təbiidir”. 

Deputat Əli Məsimli bunu “Yeni Müsavat”a açıqlamasında YAP-çı deputat Siyavuş Novruzovun səsləndirdiyi fikirlərə reaksiya verərkən bildirdi. Qeyd edək ki, S.Novruzov “Yeni Müsavat”a müsahibəsində bəzi adamların yeni taktika seçdiklərini bildirib. “Bu taktika nədən ibarətdir:
 
prezidenti tərifləyək və bundan özümüzə qalxan yaradaq, yerdə qalanları tənqid edək” deyə, YAP funksioneri bildirib.  O, parlamentin iclasında da hökuməti tənqid edən həmkarlarını sərt şəkildə qınayıb. 
 
Ə.Məsimli isə fərqli düşünür. Hakim düşərgənin nümayəndələrinin tənqidləri qəbul edib-etməməsi barədə fikirlərə reaksiyasında deputat bildirdi ki, başqalarının yerinə danışmağı lüzum bilmir: “Öz payımıza onu deyə bilərik ki, bəlkə də kənardan baxına inandırıcı gəlməz, amma heç kəs indiyədək bizə deməyib ki, nəyisə tənqid et, nəyisə tənqid eləmə! Biz 11 illik deputat fəaliyyətimizin birinci ilində olduğu kimi, indi də heç bir fərq qoymadan ümumiyyətlə hökumətin fəaliyyətinin və onun ayrı-ayrı istiqamətlərinin müsbət məqamlarını vurğulayır, mənfi məqamlarını isə tənqid edirik. Həm də reallıq hissini itirməyən hər kəsə məlumdur ki, biz heç vaxt sadəcə tənqid naminə tənqid eləmirik”. 
 
Ə.Məsimli yeri düşəndə prezidentin də həmin məsələlərə dair fikirlərini xatırlatdıqlarını qeyd etdi: “Bildiririk ki, bu məsələlərdə o qədər ifrata varılıb və artıq prezidentin çıxışında qırmızı xətt kimi gedir ki, ”məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir. Məmur özünü təvazökar aparmalı, özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır". Hansısa deputat bizdən sonra çıxış edib deyir ki, “yox, bu sahələrdə vəziyyət deyildiyi kimi acıncaqlı deyil, yaxşıdır”. Bu da onun fikridir və təbii hesab edirik. Amma daban-dabana zidd olan belə yanaşmalarda əsas meyar fərdin fikri yox, ictimai fikirdir". 

Ə.Məsimli bildirdi ki, Milli Məslisdəki çıxışlarımızda “yaxşı işləyənlə pis işləyəni fərqləndirmək lazımdır” fikrini onlar da işlətdiyindən və konkret sahələrdəki fəaliyyəti tənqid etdiklərindən, yenə bu barədə dediklərinin üstündə dururlar: “Milli Məclisin işinin işıqlandıran bir media mənsubu kimi siz də bunun şahidi olmuşunuz ki, Şəkinin kəndlərinin qazlaşdırılması gecikdiriləndə anoloji mövqedən çıxış etmişik. Sonra Şəkidə işlər intensivləşdirildi, biz də növbəti çıxışımızda müsbət addımları da dedik. Bununla belə, biz də arada tətbiq etməyimizə baxmayaraq , fikrimizcə, sözügedən məsələlərin incə və görünməyən məqamları da çox olduğundan, konkret ad məsələsinin hər məsələyə münasibətdə ucdantutma tətbiqi xeyli dərəcədə mübahisəli məsələdir. Bir də ki, bizdə konkret adı heç vaxt sözgəlişi və ya təsadüfən çəkmirlər... Ona görə də biz belə şeylərdən yuxarıda dayanmışıq və bundan sonra da dayanacağıq. Əgər biz hökumətin maliyyə-büdcə siyasətini tənqid ediriksə, konkret təkliflərlə müşayiət olunan fərqlı bir konseptual yanaşma ortaya qoyuruq. Aidiyyəti orqanın nümayəndələri cavab çıxışında bildirir ki, hansısa məqamlarla razı deyil, razı olan məqamları isə növbəti büdcə tərtibatı zamanı nəzərə alacaqlar”. 

Ə.Məsimli qeyd etdi ki, o və yaxın həmkarı Vahid Əhmədovla birlikdə maliyyə sağlamlaşdırılması və xarici valyutada olan kreditlərin şərtlərin yumşaldılmasına dair təkliflər paketi təqdim ediblər: “Belə məsələlərdə bizi kiminsə adını çəkib bütövlükdə hökumətin məsuliyyətini yalnız kiminsə üstünə qoymaq yox, devalvasiyalardan sonra dollar kreditləri ətrafında baş verənlər nəticəsində bankların borc tələsinə və təzyiqi altına düşmüş yüz minlərlə insanın düşdüyü vəziyyətdən çıxmasının tezləşdirilməsi maraqlandırır. Biz heç vaxt tənqid naminə tənqid eləmirik. Hər kəs öz fikrini bildirir. İctimaiyyət də qiymətləndirir ki, həqiqət kimin tərəfindədir. Biz indiyə kimi olduğu kimi, bundan sonra da konkret təkliflər irəli sürməklə çıxış yollarına dair baxışlarımızı da təqdim etməkdə davam edəcəyik”.
 
Image result for Fazil mustafa

Fazil Mustafa isə S.Novruzovun dediklərinə aşağıdakı kimi münasibət bildirdi: “YAP təmsilçisi Siyavuş Novruzovun bu yanaşmasında tənqidin ünvanlılığına səsləniş var. Konkret olaraq hansısa sahənin və ya şəxsin tənqid olunmasının daha doğru olacağı vurğulanır. Məncə, bu məsələdə haqlılıq payı var. Bununla belə, hansı metodla tənqidi çıxış etməyi opponentlərə öyrətmək olmaz. Burada tələb yalnız etik çərçivəni aşmaqla tənqid etməyə qarşı qoyula bilər. Ola bilsin ki, bir nazirin neqativ fəaliyyətinə görə hökumətin fəaliyyəti qeyri-qənaətbəxş sayılsın. Burada narahatçılıq üçün hansısa əsas görmürəm. Mənim üçün vacib olan tənqidin əsaslı və qərəzsiz olmasıdır. Əsas irad məncə, bu yöndə səsləndirilə bilər.”