Türkiyə aprel referendumuna hazırlaşır, amma bu sıradan bir seçki deyil. Hər kəsə məlumdur ki, Türkiyədə seçkilər çox aktiv, yarış ab-havasında keçir. Siyasi partiyalar, media, ictimai qruplar referenduma köklənərək kampaniyalar aparır. Bunun yanında ziyalılar, universitet müəllimləri, türk siyasətinin aktiv şərhçiləri olan əsnaf (ticarətçi) da referenduma köklənib.
Əslində olmalı olan da budur. Türkiyə faktiki olaraq yeni respublikaya keçidin astanasındadır. Türk cəmiyyəti nə deyəcək, xalq referendumda hansını seçəcək? Bu günə qədər olan sistemi, yoxsa yeni prezident üsul-idarəsinimi? Referenduma iki aydan çox qalsa da, hər kəs bu haqda danışır. Artıq təbliğat-təşviqat kampaniyası başlayıb, siyasətçilər görüşlər keçirirlər. Xalqın böyük dəstəyini alan prezident Rəcəb Tayyib Ərdoğanın da kütləvi mitinqlərə qatılacağı gözlənilir. Referendumun taleyinin həll olunmasında bütün digər seçkilərdə olduğu kimi, bu faktor həlledici rol oynayacaq. Ancaq dəyişikliyə qarşı olanlar da az deyil. Bu mənada hələlik heç bir iddialı analitik referendumun nəticələri ilə bağlı qəti söz deyə bilmir.
Referendum Türkiyədə nəyi dəyişəcək?
Bu barədə media artıq dəfələrlə yazıb. Konstitusiyaya təklif edilən 18 maddədən ibarət dəyişikliklər paketi ölkənin hazırkı parlamentar sistemdən imtina edib prezident üsul-idarəsinə keçidi nəzərdə tutur. Qısaca desək, dəyişikliyə əsasən ölkədə mərkəzi icra hakimiyyətinin başçısı və hökumətin rəhbəri prezident olacaq. Daha əvvəl parlamentdə olan səlahiyyətlərin bir qismi və baş nazirin səlahiyyətlərinin əsas hissəsi prezidentə keçəcək. Türkiyə prezident respublikası olacaq.
Bu dəyişikliyin tərəfdarlarının arqumenti ondan ibarətdir ki, ölkəyə daxildən və xaricdən artan təzyiqlər, separatizm, iqtisadi və siyasi təzyiqlərə qarşı hökumətin daha da mərkəzləşdirilməsi güclü səlahiyyətlərə sahib prezident hakimiyyətinin ölkənin yığılıb qalan problemlərini daha yaxşı və sürətli həll edə biləcək. Türkiyə hazırda çox ciddi təzyiqlərlə üz-üzədir, hesab olunur ki, bu gün Türkiyə regionda ciddi siyasi oyunçu, bölgədə sabitliyin müdafiəsində yeni rolu öz üzərinə almaq istəyən liderliyə iddialı dövlətdir. Hazırkı siyasi sistem və dövlət idarəçilik forması isə Türkiyənin yeni missiyanı öz üzərinə almasına imkan vermir, daha süst və ağır çalışır. Bu səbəbdən də Türkiyənin regiona açılması, qüdrətli dövlət kimi çıxış etməsi üçün mütləq sistemdə yenilənmə olmalıdır.

Əks cəbhədə də bu fikirlərə alternativ arqumentlər var. Hakimiyyətin bir nəfərin əlində cəmləşməsi ilə avtoritarizmin daha da güclənəcəyi, söz və ifadə azadlığının daha da məhdudlaşacağı, respublika quruluşunun sıradan çıxacağı kimi ənənəvi əks- arqumentlər var. Türkiyədə son illərdə söz və fikir azadlıqlarının durumu bu cəbhənin arqumentini daha da gücləndirir. Amma indi prosesin gedişində bu arqumentlərin nə qədər dəstək tapacağını demək mümkün deyil.
Qeyd edək ki, son olaraq 2010-cu ildə keçirilən referendum zamanı seçicilərin 57 faizdən çoxu hökumətin dəyişiklik paketini dəstəkləmişdi. Hakimiyyət indi də hökumətin və ən əsası prezidentin həddən artıq populyarlığı, alternativ siyasi qüvvələrin zəif olması amilinin qələbəyə mühüm təsirinin olacağını proqnozlaşdırır. Amma ortada bir suala hələ də qəti cavab verilməyib: referendum Türkiyəni düşdüyü vəziyyətdən çıxarmağa qadir olacaqmı?
Hər kəs etiraf edir ki, indiki çətin vəziyyətdən çıxmaq üçün ölkədə siyasi hakimiyyətin daha mütəhərrik və güclü əldə cəmlənməsi mühüm amildir. Amma hər kəsə o da məlumdur ki, hazırkı hakimiyyətin özünün də çox güclü, hakimiyyətin bütün qanadı üzərində təsiri mövcuddur. Üstəlik, hazırkı prezident ölkə üzərində, xalq arasında böyük nüfuza malikdir. Amma bu vəziyyət ölkədə mövcud problemlərin həllində effektiv olmur. Yəni hakimiyyətin daha da mərkəzləşdirilməsi ideyasının xalq arasında güclü dəstək qazanması inandırıcı deyil. Lakin istənilən halda hazırda AKP-nin və prezident Ərdoğanın güclü nüfuzu onun referendumda qalib gəlməsinə ümidləri artırır. Hakimiyyətin yenidən seçkilərə gedib, parlamentdə əsas çoxluğu əldə etməsi alternativ plan olaraq görünür, ancaq hər şeyin tam tərsinə getməsi təhlükəsi də qalır.
musavat
