Donald Tramp vəzifə səlahiyyətlərinin icrasına başladıqdan qısa müddət sonra İranla münasibətlər yenidən gərginləşdi. Əvvəlcə ABŞ prezidenti hələ andiçmədən əvvəl bəyan etdi ki, İranla nüvə anlaşmasına yenidən baxa bilər. Ardınca isə ilk sərəncamlarından biri kimi 7 müsəlman ölkəsi, o cümlədən İran vətəndaşlarının ölkəyə girişini yasaqladı.
Ardınca isə İranda ballistik raket sınaqları keçirildi və ABŞ hökuməti 13 şəxs, 10-dan artıq şirkəti embarqo siyahısına daxil etdi. Bunun ardınca prezident Tramp bildirdi ki, “İran odla oynayır” və onlar Obamanın (əvvəlki prezident) iranlılarla yaxşı davranmasının qədrini bilmirlər. ABŞ-ın yeni prezidenti iranlılara qarşı Obama qədər “yaxşı” davranmayacağı barədə xəbərdarlıq edib.
Eyni zamanda jurnalistlərin suallarına cavab olaraq deyib ki, hərbi müdaxilə də daxil olmaqla İrana qarşı bütün variantların ehtimaldan kənarda olmadığını deyib. Tramp eyni zamanda İran terrorizmi dəstəkləyən dövlət adlandırıb.
İranlılar isə hələlik sərt reaksiyadan qaçırlar. Xarici işlər naziri Cavad Zərif İranın BMT tərəfindən təsdiqlənmiş anlaşmalara sadiq qaldığını, eyni zamanda əllərində olan silahları yalnız müdafiə məqsədilə istifadə edəcəklərini bildirib.
Artıq bir sıra siyasi analitiklər ABŞ-ın İrana hərbi müdaxiləsindən danışır. Yeri gəlmişkən, İranın əsas düşməni İsrail də artıq müharibə çağırışlarından sonra fəallaşıb. Baş nazir Netanyahu bir sıra ölkələrlə İranla müharibə variantlarını müzakirə edir. İranın ABŞ-la müharibəyə cəlb olunması onun Yaxın Şərqdəki fəaliyyətini ciddi şəkildə sarsıda, Fələstin və Livandakı qruplaşmalara dəstəyinin dayanmasına səbəb ola bilər. Bu isə Suriya da daxil olmaqla İranın müttəfiqlərinin məhv edilməsidir ki, İsrail buna çalışır. Bu baxımdan İsrail uzun illər, hətta Obama zamanında belə İrana zərbələrin endirilməsi planından imtina etməyib.
Ancaq hər nə qədər Trampın ritorikasında İrana qarşı müharibə versiyası ağırlıq təşkil etsə də, Pentaqonun İrana qarşı əməliyyata başlayacağı inandırıcı deyil. Çünki birincisi, hazırda İraqda və Suriyada ABŞ onsuz da hərbi əməliyyatların içərisindədir və göründüyü kimi münaqişələrin həlli mümkün deyil. Üstəlik ildən ilə böyüyən müharibə və terrorun qarşısının alınması prioritet məsələyə çevrilib. Belə bir vəziyyətdə Yaxın şərqdə ən təcrübəli və böyük ordulardan birinə sahib olan ölkəyə hərbi müdaxilə savaş meydanının inanılmaz şəkildə genişlənməsinə və nəticəsi proqnozlaşdırılmayacaq terror və xaos müharibəsinə gətirib çıxaracaq.
Belə bir riskli vəziyyəti Pentaqon generalları da bilir. İranla müdaxilə etməklə Vaşinqton həm də Yaxın Şərqdəki hərbi iştirakını təhlükə altında qoyur, Amerikan hərbi bazaları, silahlı birlikləri, eləcə də şirkət və təmsilçiləri hədəfə çevrilər. Eyni zamanda hərbi müdaxilə ərəb koalisiyasının hücuma keçməsinə, nəticədə bütün regionda amansız müharibələrin yayılmasına gətirə bilər. Bu səbəbdən indiki vəziyyətdə, hansısa real təhdidin olmadığı bir zamanda ABŞ-ın İrana qarşı hərbi müdaxilə həyata keçirməsi mümkün deyil.
Digər tərəfdən, faktiki olaraq iranlılar və amerikalılar Suriya, Yəmən və İraqda savaşırlar. İndi bunu açıq savaşa çevirmək faktiki olaraq Vaşinqtona nəsə vermir. Trampın İran ritorikası onun partiyadaşı Corc Buşun ritorikasına xeyli bənzəyir. Aydın məsələdir ki, İran və Qərb ölkələri uzun məsafə qət etdikdən sonra nüvə məsələsində anlaşıblar, üstəlik hazırda İranın ABŞ-a hər hansı ciddi təhlükəsi yoxdur. Onsuz da iranlıların başı Suriya, İraq və Yəməndə ciddi şəkildə qarışıb.
Böyük ehtimalla anti-İran ritorikası ABŞ-ın yeni hökuməti üçün taktiki gediş ola bilər. Anti-İran ritorikası ərəb hakimiyyətlərini Vaşinqtona daha da yaxınlaşdıracaq, Obama dönəmindəki inamsızlıq müəyyən qədər ortadan qalxmış olacaq. Buş hakimiyyəti zamanı olduğu kimi respublikaçı kabinet Yaxın Şərqdə bəlli düşənlər müəyyən etməklə Yaxın Şərqdəki proseslərdə daha aktiv və müəyyənedici rol oynamağa çalışacaq. Ancaq indi Yaxın Şərqdə həm də Rusiya kimi aktiv oyunçu var və amerikalıların ruslarla necə yola gedəcəyi hələ məlum deyil. Tramp İŞİD-ə qarşı ruslarla əməkdaşlıq edəcəyini bildirib, amma rusların bu əməliyyatlarda ən yaxın müttəfiqi iranlılardır. Bu mənada amerikalıların hər iki variantda oynaması bir az qeyri-mümkün görünür.
Ehtimal ki, Yaxın Şərqdə gərgin müharibə atmosferi davam edəcək, körfəz ərəb rejimləri Vaşinqtona daha da yaxınlaşacaq. Eyni zamanda silah satışı yüksələcək, neft qiymətləri yenidən bahalaşacaq. Yəməndə savaşın daha da şiddətlənməsi bu prosesin ilkin işartılardır. Mümkündür ki. yeni dönəmdə savaşın əsas mərkəzi Yəmən olsun. Bir neçə gün əvvəl Yəmənlilərin Səudiyyə Ərəbistanı hərbi gəmisini vurması, ötən gün isə ər-Riyada raket atması bunun işarəsidir.
musavat
