Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutmayıb. Buna səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin bildirib ki, şahidlər telefonları söndürüblər və onlarla əlaqə saxlamaq mümkün olmur.
Hakim qeyd edib ki, həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
Prosesin təxirə salındığını bildirən Ə.Hacıyev vəkillərə əlavə şahidlərin də gətirilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəklərini xatırladıb.
Məhkəmə prosesindən əvvəl Vidadi Zeynalovun vəkili ilə "Aztelekom" MMC-nin sabiq rəhbəri Məmməd Məhəmmədovun vəkilləri arasında mübahisə yaranıb. Mübahisəyə səbəb bir neçə gün əvvəl Vidadi Zeynalovun üzərinə həbs qoyulan ümumi dəyəri 43 milyondan çox olan 67 əmlakının siyahısının Musavat.com saytında dərc edilməsi olub. V.Zeynalovun vəkilləri həmin məlumatın Məmməd Məhəmmədovun vəkili Şahin Rəfiyev vasitəsi ilə mətbuata çıxarıldığını iddia ediblər.
Növbəti məhkəmə prosesi fevralın 8-na təyin edilib.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
cia.az
cia.az
