Aprel müharibəsindən sonra təkbaşına vasitəçilik missiyasını həyata keçirən Kreml yenidən Azərbaycan və Ermənistan rəhbərlərini bir araya gətirməyə çalışır. Bugünlərdə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov da mətbuata açıqlamasında rəsmi Moskvanın nazirləri bir araya gətirmək niyyətində olduğunu təsdiqləyib.
Düzdür, nazir görüş perspektivindən pessimist danışıb. Amma onu da qeyd edib ki, rəsmi Bakı Ermənistandan fərqli olaraq, danışıqlara hazırdır. Bu şərtlə ki, aparılan müzakirələr nəticə versin. Bir neçə gün əvvəl Rusiyaya səfər edən E.Məmmədyarovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklif edilsə də, bu, baş tutmayıb. XİN başçısı bildirib ki, Azərbaycan belə görüşün keçirilməsinə razıdır, O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin icra olunmamış qaldığını xatırladıb. Nazirin sözləri ilə desək, BMT qətnamələri Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını xahiş yox, tələb edir.
Ancaq Ermənistan hələ ki nə xahişə, nə də tələbə əməl edir. Hətta son günlərdə düşmən təmas xəttində təxribatları yenidən davam etirməyə başlayıb. Təxribat nəticəsində isə bir əsgərimiz yaralanıb. İrəvan bir qayda olaraq növbəti danışıqlar ərəfəsində güc nümayişindən istifadəyə üstünlük verir.
Qeyd edək ki, hələ ötən ilin sonlarında ATƏT-ə sədrlik edən Almaniya iki ölkənin nazirlərini bir araya gətirməyə çalışmışdı, ancaq Sankt-Peterburq və Vyana görüşündən sonra sayca üçüncü görüşü reallaşdırmaq hələ ki mümkün olmayıb. Rusiya növbəti görüşün keçirilməsinə nail olarsa, bu, sülh prosesinə təkan verə bilərmi? Ümumiyyətlə, Rusiya danışıqları dalandan çıxarmağa və prezidentlərin görüşünün razılaşdırılmasına nail olacaqmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşündən heç nə gözləmədiyini dedi: “Çünki birincisi, Ermənistan girovlarımızı geri qaytarmır və bununla gərginliyin azalmasının qarşısını almır. İkincisi, Məmmədyarov açıq ifadə etdi ki, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən narazı qayıdıb. Xarici işlər nazirlərinin mümkün görüşü real nəticə verməyəcəksə, prezidentlərin də yaxın müddətdə görüşünə ehtiyac qalmayacaq. Əksinə, vəziyyətin getdikcə gərginləşəcəyini proqnozlaşdırıram. Əgər Ermənistan Dağlıq Qarabağda girov saxladığı iki soydaşımızı və hərbçimizin nəşini geri qaytararsa, bu, vəziyyəti xeyli sabitləşdirərdi”.
Siyasi təhlilçiyə görə, əgər Ermənistan hakimiyyəti bu addımı atmırsa, demək, qəsdən gərginliyin artmasında maraqlıdır: “İşğalçı ölkədə düşünürlər ki, yaranan gərginlikdə Azərbaycanı Rusiya ilə toqquşdura biləcəklər. ”Gallup International" tərəfindən aparılan sorğu zamanı məlum oldu ki, Azərbaycan vətəndaşlarının 85 faizi öz vətəni uğrunda döyüşməyə hazırdır. Sorğu dünyanın 64 ölkəsində keçirilib. Sorğuya hər ölkədən 1000 nəfər cəlb edilib. Müqayisə üçün deyək ki, Ermənistanda 72 faiz öz ölkəsi üçün döyüşməyə hazırdır. Əgər sual belə qoyulsaydı ki, nə qədər Ermənistan vətəndaşı Dağlıq Qarabağ uğrunda döyüşməyə hazırdır, nəticə daha aşağı rəqəmlə ifadə olunardı. Bu rəqəmlər Ermənistan hakimiyyətini ciddi düşündürməlidir".
Politoloq hesab edir ki, Ermənistanın indiki mövqeyi həm də Rusiyanın siyasətindən qidalanır: “Kreml açıq-aşkar Azərbaycanla Ermənistan arasında ədalətli sülh istəmir. Əks halda, nazir Elmar Məmmədyarovun son müsahibəsində dediyi kimi, Kreml çoxdan rəsmi İrəvana təsir edib sülhə nail olardı. Rusiyanın hazırkı siyasəti 2017-ci ildə də davam edəcək. Rusiya Ermənistanı hərbi-nöqteyi nəzərdən gücləndirəcək. Rəsmi Bakı artıq Rusiyanın vasitəçiliyinin nəticə verməyəcəyini anlayıb. Digər tərəfdən, Rusiya Azərbaycan torpaqlarının güc yolu ilə geri qaytarılmasının da əleyhinədir. Belə vəziyyətdə rəsmi Bakı 2017-ci il ərzində cəbhə bölgəsindəki gərginliyin azalmasına imkan verməyəcək”.
Rusiya XİN başçısı Sergey Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili məsələsi deyil” məzmunlu bəyanatından sonra Moskvanın tənzimlənmə prosesində ədalətli rol oynayacağı o qədər də real görünmür.
Üstəlik, hazırda dünyanın güc mərkəzlərinin prioritetləri sırasında Qarabağ məsələsi öndə olmadığı üçün nikbinliyə əsas qalmır. İndiki situasiyada beynəlxalq aləm, sadəcə, böyük savaşa yol verməməyə çalışır ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Çünki düşmən fürsət qazanaraq mövqelərini gücləndirir, ərazilərimizdə qanunsuz məskunlaşma siyasətini davam etdirir. Ona görə də Azərbaycanın hərb yoluna əl atmasından başqa çarəsi qalmır. Elə parlamentin ötən iclasında da deputatlar işğalçının atəşkəsi pozması halında ona sarsıdıcı zərbə vurulması üçün Müdafiə Nazirliyinə müraciət ediblər. Bu müraciətdən dərhal sonra düşmən növbəti təxribata əl atdı. Şübhəsiz ki, prosesi ciddi şəkildə izləyən Rusiya gərginliyin artmaması üçün növbəti çağırışda bulunacaq. Erməniləri yeni fəlakətlərdən qorumaq üçün...
cia.az
