Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib.
“Trend” bir neçə gün əvvəl xəbər verib ki, qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞ PA-nın qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub. Məlumata görə, Dövlət Dumasının 2017-ci ildə fəaliyyət prioritetləri MDB və BRİKS ölkələri ilə parlamentlərarası əməkdaşlıq olacaq. Məlumatda sonra deyilir ki, bu il Dövlət Dumasının Rusiya xaricində səyyar iclasları keçiriləcək. Bu iclasların Azərbaycan və Qırğızıstanda keçirilməsi planlaşdırılıb.
Rusiya Dövlət Dumasının Azərbaycanda iclaslarının keçiriləcəyi barədə xəbər yayılmasından sonra belə bir addımın Azərbaycanın Konstitusiyasına uyğun olub-olmayacağı barədə müzakirələr başlayıb. Məsələ hətta Milli Məclisin iclasına qədər gedib çıxıb.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin 1 fevral iclasında bildirib ki, mətbuatda belə məlumat gedib ki, Rusiya Dövlət Duması Azərbaycanda xüsusi iclasını keçirmək istəyir, bu, bizim suverenliyimizə həqarətdir: “Bir suveren dövlətin ali hakimiyyət orqanının digər suveren dövlətin ərazisində iclas keçirməsi dünyada görünməmiş haldır və buna yol vermək olmaz”. Q.Həsənquliyev qeyd edib ki, məsələ dəqiqləşdirilməlidir. Əgər mətbuatın yazdığı həqiqətdirsə, Milli Məclis məsələyə münasibət bildirməlidir: “Bir dəfə Duma Azərbaycanda, yaxud Milli Məclis Rusiyada öz iclasını keçirə bilər. Amma Dumanın gəlib Bakıda, Azərbaycanda ayrıca iclas keçirməsi bizim suverenliyimizə hörmətsizlikdir”.
Vitse-spiker Valeh Ələsgərov məsələyə aydınlıq gətirərək bildirib ki, söhbət Rusiya Dövlət Dumasının Azərbaycanda iclas keçirməsindən getmir: “Söhbət Rusiya Dövlət Duması və Azərbaycan Milli Məclisinin əməkdaşlıq komitəsinin iclasından gedir. Yəni iş planına əsasən bir dəfə Bakıda, bir dəfə də Moskvada əməkdaşlıq iclası nəzərdə tutulur. Yenə deyirəm, Dumanın, ya da Milli Məclisin iclasından söhbət getmir”.

Yeni AXCP-nin sədri Razi Nurullayev isə “Yeni Müsavat”a bildirib ki, Rusiya Dövlət Dumasının Rusiya xaricində səyyar iclaslar keçirməsi barədə ətraflı məlumata malik deyil. Əgər belə bir iclas Azərbaycanda keçirilirsə və hakimiyyət də buna razılaşırsa, bunun hər kəsin başa düşə biləcəyi bir səbəbi olmalıdır və səbəb ictimaiyyətə bildirilməlidir: “Belə bir təcrübənin olması haqqında da bir şey deyə bilmərəm. Bildiyim budur ki, Rusiya bu iclasa parlamentlərarası əməkdaşlıq kimi və MDB məkanında inteqrasiyanın daha da güclənməsi kimi baxır. Əgər Rusiya Duması belə bir qərar qəbul edibsə, demək ki, Azərbaycan tərəfi də buna razılaşıb. Azərbaycanın Xarici İşlər Nazirliyi, parlamenti və Prezident Administrasiyası bu məsələ ilə bağlı rəsmi açıqlama verməli və səbəbləri göstərməlidir. Bundan sonra biz məsələnin müsbət və mənfi olması barədə fikir yürüdə bilərik”.
Rusiya səfirliyinin isə mövzu ilə bağlı mövqeyini öyrənmək mümkün olmayıb. Gün ərzində səfirlik bu məsələyə hər hansı bir şərh verməyib.
