Azərbaycan ötən il inflyasiya dərəcəsinə görə Avropada lider olub. Nə qədər ironik səslənsə də, statistika məlumatlar bunu təsdiq edir. 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir.
Ölkəmizdə ərzaq üzrə inflyasiya Avropadan 13,3 dəfə çox olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.
"Turan" agentliyinin hesablamalarına görə, 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.
Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb.
Müasir Avropa tarixi SSRİ dağıldıqdan sonra belə bir inflyasiya artımı qeydə almayıb. Avropa İttifaqında inflyasiyanın səviyyəsi son 20 ildə illik 2% həddində dəyişir. Ən yüksək artım 2007-ci ildə qeydə alınıb - 3,2%.
2016-cı ildə Avropa zonası inflyasiya səviyyəsinə görə Yunanıstan, Yaponiya və Fransadan sonra dünyada dördüncü yeri tutur.
Bu statistikanı dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son iki ildə Azərbaycanda inflyasiya səviyyəsinin sürətlə yüksəlməsinin səbəbi devalvasiyadır: “Əsas səbəb manatın dəyərdən düşməsi oldu. Əgər manat 2015-ci ilin fevralında və dekabrında kəskin şəkildə devalvasiyaya uğradısa, 2016-cı ildə yumşaq şəkildə təqribən 20 faizə yaxın yenidən dəyər itirdisə və bu gün artıq rəsmi məzənnə 1,91 səviyyəsindədirsə, Azərbaycanda inflyasiyanın yüksəlməsi normaldır. Çünki biz idxaldan kifayət qədər asılı ölkəyik. Bir çox məhsul növləri üzrə kifayət qədər ciddi asılılığımız var. İstər dərman preparatları, uşaq qidaları, istər geyim malları, istər avtomobil ehtiyat hissələri xaricdən idxal olunur. Hətta ərzaq məhsulları üzrə böyük asılılığımız var. Yerli məhsul adı ilə bazara çıxan ərzaq mallarının xammalı xaricdən gətirilir. Bu səbəbdən, manatın iki dəfə devalvasiyaya uğraması və sonra yenidən dəyərdən düşməsi idxal mallarının qiymətini də artırmış oldu. Necə ki, biz indi bunu müşahidə edirik”.
Natiq Cəfərlinin sözlərinə görə, hökumətin bəzi qərarları da qiymətlərin artmasına səbəb oldu: “Kommunal xidmətlərin bahalaşması yerli istehsal olan məhsulların maya dəyərinin artmasına gətirib çıxartdı. Bu da sürətli bahalaşmaya səbəb oldu. Bütün bu faktorlar Azərbaycanda qiymət artımının daha sürətlə getməsinə və inflyasiya dərəcəsinin artmasına səbəb oldu. Bu baxımdan, mən Avropa ölkələri ilə müqayisəni doğru saymıram. Çünki avrozonaya daxil olan ölkələrin daxili bazarlarında sədlər yoxdur. İstehsal olunmuş məhsulların və xidmətlərin sərbəst dövriyyəsi mövcuddur. Ümumi valyuta məkanı var. Ona görə də Avropa ilə müqayisə doğru deyil. Azərbaycanı qonşu Gürcüstanla, Rusiya və Qazaxıstanla müqayisə etmək lazımdır. Bu ölkələrdən Rusiya və Qazaxıstanda yerli valyuta kifayət qədər ciddi devalvasiyaya və inflyasiyaya uğradı. Düzdür, Azərbaycanda bundan daha böyük inflyasiya olub. Bu da bizim digər ölkələrlə müqayisədə idxaldan daha çox asılı olmağımızla əlaqədardır. Rusiyada bu problem o qədər də ciddi deyil. Ən azından ərzaq məhsullarında və bir çox sahələr üzrə yerli istehsalın mövcudluğu qiymət artımını azaldıb”.
N.Cəfərli onu da vurğuladı ki, əslində Azərbaycanda bizdən asılı olan səbəblərin də qiymət artımında rolu böyükdür: “İllərdir Azərbaycan iqtisadiyyatının xroniki xəstəlikləri var. Bu, inhisarçılıqdır, korrupsiyadır və bu faktorlar hər zaman qiymətlərin yüksək olmasına səbəb olurdu. Bunun üzərində devalvasiyanın nəticələrini də gələndə Azərbaycanda inflyasiya digər ölkələrə nisbətən dəhşətli dərəcədə fərqlənməyə başladı. Elə bir iqtisadi mexanizm yoxdur ki, qısa zamanda bunun qarşısı alınsın. Bunun üçün idarəetmədə və iqtisadiyyatda islahatlara ehtiyac var. Düşünürəm ki, hətta doğru addımlar atılsa belə, iqtisadiyyatın dirçəlməsi üçün bizə bir neçə il lazım olacaq. Lakin siyasi idarəetmədə islahatlar aparılmasa, bu addımların heç bir xeyri olmayacaq. Bunu biz Qazaxıstanın təcrübəsində gördük. O ölkədə yeni bir idarəetmə modeli formalaşdı. Bunun əsas səbəbi isə iqtisadiyyatda baş verən problemlərin qarşısını almaq istəyi idi. Azərbaycan da gec-tez bu addımı atmalı olacaq”.
