|
Dövlət qurumları hava şəraiti ilə əlaqədar hərəkətə keçdi
Havaların qarlı-şaxtalı keçməsi həm paytaxt Bakıya, həm də regionlara bir çox problemlər gətirib. Adətən belə hava şəraitində mənzillərə qazın, suyun, elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranır. 

Yolların buz bağlaması isə hərəkətə çətinlik yaradır. Bəs görəsən, bu durumun yaranacağını öncədən nəzərə alan dövlət qurumları hansı tədbirlər görürlər?
Bu sualla bir neçə dövlət qurumunun mətbuat xidməti ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, havanın şaxtalı keçməsi ilə bağlı proqnozları alan kimi gücləndirilmiş iş rejiminə keçiblər və kommunal xidmətlərdə, yollarda problemin yaranmaması üçün bütün imkanlarını səfərbər ediblər. 
 
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yollarda problemin yaranmasının əsas səbəbkarı hazırlıqsız sürücülərdir: “Biz səhər tezdən yollardayıq, facebook sosial şəbəkəsi vasitəsilə canlı yayımlar da edib, yollardakı vəziyyəti insanlara göstərdik. Bakı-Sumqayıt yolu, Dairəvi yol, Mətbuat prospekti, Bakı-Şamaxı yolu, 20 Yanvar dairəsi və digər yollarda heç bir problem yoxdur. Yollar açıqdır, texnikalar işləyir. Dünən gecədən səhərə kimi texnikalar yollarda işləyib, bu gün də işləyirlər. Biz bunu canlı olaraq çəkib göstərdik. Yollarda yaranan problemlərin əsas səbəbi hazırlıqsız sürücülərdir.  
Onlar  qarlı havaya hazır olmadan şəhərə çıxırlar, enişli-yoxuşlu yollarda hərəkət edə bilmirlər, yolun ortasında dayanıb qalırlar. Digər hərəkət iştirakçılarına da mane olurlar və yollarda uzun tıxac yaranır. Bizim texnikanın hərəkətinə də imkan vermirlər. Dəfələrlə aidiyyəti qurumlar tərəfindən də, bizim tərəfimizdən də xəbərdarlıq olunur ki, təcrübəsiz və hazırlıqsız sürücülər, yay şinləri ilə təchiz  olunmuş avtomobilləri idarə edən sürücülər yola çıxmasınlar. Bu gün biz bir daha şahid olduq ki, bu avtomobillərin hərəkətinə problem mütləq şəkildə yaranır. Yol təmizlənib, duz səpilib, lakin yay şinləri yenə də problem yaradır. Həmin sürücülər də şikayət edirlər ki, yollar təmizlənmir, yollarda qalmışıq. 
Harada problem varsa sürücülər bizimlə əlaqə saxlaya bilərlər. Bizim qaynaq xəttimiz fəaliyyət göstərir: (012) 599 79 75. Bu qaynar xəttə hansı ərazilərdən siqnallar daxil olursa, texnikalarımız oraya göndərilir".
 
Lakın fevralın 1-də səhər saatlarında işə gələn “Yeni Müsavat”ın əməkdaşları Bakı-Sumqayıt yolunda bir sıra ərazilərdə (Masazır dairəsində, Xırdalan dairəsində və avtovağzalın qarşısında) yolun təmizlənməməsi səbəbindən maşınların hərəkətində çətinlik yaranmasının və tıxacın şahidi olublar...
“Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə “Yeni Müsavat”a açıqlamasında son günlər qaza tələbatın artdığını və qaz verilişinin də buna uyğun həyata keçirildiyini dedi: “Hazırda ”Azəriqaz" İB hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejimində işləyir. Lazım olan yerlərdə, o cümlədən qaynar xəttdə, digər briqadalarımızda işçi sayı artırılıb. Hər hansı bir qəza hadisəsi baş verməyib. Qaynar xəttimizə daxil olan müraciətlər əsasən sayğaclarla bağlı olub ki, bu da kütləvi hal daşımır. Problem koda düşənlərlə bağlı yaşanıb. Havalar soyuq keçdiyi müddətdə sayğacın elektronik hissəsində klapanın açılıb bağlanmasında problem yaranıb. Daxil olan müraciətlər üzrə yerli xidmətlərə yönləndirilir, dərhal müdaxilə edilir və baş verən çatışmazlıqlar aradan qaldırılır. Təbii qazın verilişində heç bir məhdudiyyət yoxdur. Havaların qarlı-şaxtalı keçdiyi günlərdə planlı işlərin görülməsi nəzərdə tutulmayıb. Təbii qaza olan tələbat da artıb. Ötən günlərlə müqayisədə bu gün təbii qazın verilişində 1 milyon 150 min kubmetr artıq qaz verilib. Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq".  
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə “Yeni Müsavat”a açıqlamasında paytaxtda və regionlarda normal enerji təchizatının olduğunu və yaranan problemlərin operativ qaydada aradan qaldırıldığını diqqətə çatdırdı: “Bizim payız- qış mövsümünə hazırlığımız yüksək səviyyədədir və bu gün də bu hazırlıq özünü göstərdi. Yay aylarından başlayaraq bizim payız-qış mövsümünə hazırlığımız yüksək səviyyədə olduğundan   indi heç bir problem yaşanmır. Hazırda Bakı şəhəri, onun ətraf kənd və qəsəbələri, o cümlədən regionlarda heç yerdə problemimiz yoxdur. Hər yerdə normal enerji təchizatı var. Əməkdaşlarımız abonentlərə yüksək səviyyədə xidmət göstərir. Çağrı mərkəzimiz də vətəndaşların xidmətindədir. Daxil olan zəngəlrə operativ reaksiya verilir. Maşın-mexanizmlərimiz də hazır vəziyyətdədir. Harada problem olarsa, operativ qaydada aradan qaldırılır. Bütün regionlar mərkəzdən nəzarət olunur”.
 
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı idə bildirdi ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar bu qurumun  mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb. Bu ana qədər bununla bağlı qurumun zəng mərkəzinə heç bir şikayət daxil olmayıb. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir və əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. Fasiləli su alan fasiləli, rejimlə su alan isə rejimlə suyunu alır".
 
Bununla belə, fevralın 1-də Bakının və Abşeronun bir sıra ərazilərində qaz, işıq verilişlərində problemlər yaranmışdı.