|
Avropa dövlətlərinin qadağan etdiyi burka İslama görə vacibdirmi?
Avstriya hökuməti məktəb və məhkəmələrdə olduğu kimi, digər ictimai sahələrdə də burkadan - yəni niqabdan istifadəni qadağan edib. Qeyd edək ki, burka hicab və ya çadra deyil, üzü, hətta gözləri də örtən bir geyimdir. Hökumət eyni zamanda ictimai yerlərdə çalışanların hicab bağlamasını və ya digər dini geyimləri qadağan edən ümumi bir qərar üzərində çalışır.

"Özümüzü açıq bir cəmiyyətə həsr etmişik. Bunun da üstünlüyü açıq ünsiyyətdir. Üzü bağlayan burka isə buna mane olduğu üçün qadağan ediləcək", - deyə Avstriya hökuməti qərarın səbəbini açıqlayarkən bildirib. 
 
Avstriyada toplam olaraq 150 qadının burkadan istifadə etdiyi bildirilib. Turizm şirkətləri isə bu qadağanın Körfəz ölkələrindən turistlərin gəlişinə mane olacağından narahatlıqlarını dilə gətiriblər. Avstriya mərkəzçi koalisiyanın bu addımı nüfuzu yüksələn sağçı Müstəqillik Partiyasını dayandırmaq cəhdi kimi qiymətləndirilib. Ötən ilin dekabr ayında ölkədə keçirilən prezident seçkilərində Müstəqillik Partiyasından olan namizəd cüzi fərqlə məğlub olmuşdu. 
 
Qarşıdan gələn ildə parlament seçkilərinə gedəcək, ölkə koalisiyası isə hökumətin gələcəyi ilə bağlı anlaşmadıqları üçün ötən həftə az qala dağılmaq təhlükəsini yaşayıb. Sosial-demokratlar və mühafizəkarlardan təşkil olunan koalisiya xarici işçilərin azaldılması məsələsində də razılığa gəlib. Burkanın qadağan edilməsinə açıqlama verən Avstriyanın xarici işlər naziri Sebastian Kurz ictimai yerlərdə çalışanların neytral görünməsinin vacibliyini vurğulayıb. Lakin bu qərarlar parlament tərəfindən də qəbul edilməlidir.
 
 
Qeyd edək ki, 2011-ci ildə Belçika və Fransa çadranı qadağan edərkən, Hollandiya parlamenti buna bənzər bir qadağa üzərində çalışırdı. Almaniyanın baş naziri Angela Markel isə burkanın hər yerdə qadağan edilməsinin vacibliyini vurğulamışdı.
 
Ekspertlər isə hesab edir ki, Avropa ölkələrinin bu qərarları verməsində məqsəd həmin ölkələrdə yaşayan müsəlman toplumunu narahat etmək deyil, təhlükəsizliyi təmin etməkdir. 
 
Onu da qey etmək lazımdır ki, Azərbaycanda bir çox mətbuat orqanları qeyd etdiyimiz xəbəri yanlış tərcümə edərək, Avstriyada hicabın qadağan olunduğunu yazıblar. Bir daha qeyd edirik ki, burada söhbət hicab və çadradan deyil, üzü tam bağlayan və insanın şəxsiyyətini bütünlüklə gizlədən burkadan gedir. 
 
Sabiq xüsusi xidmət orqanı əməkdaşı Sülhəddin Əkbər də musavat.com-a açıqlamasında təhlükəsizlik məsələləri ilə bağlı ictimai yerlərdə burka geyilməsinin əleyhinə olduğunu bildirdi: “Mən ümumiyyətlə, burka geyilməsinə qarşıyam. Yaxşı olar ki, din xadimləri də buna münasibət bildirsinlər ki, İslamda üzün örtülməsi nə dərəcədə vacibdir. Mən buna qarşıyam. Dünyada yaranmış terror təhlükəsindən dolayı vəziyyət bunu tələb edir. Burada sadə bir məsələ var. İnsanın şəxsiyyəti necə müəyyən edilməlidir? Xüsusən də ictimai yerlərdə, terror təhdidi səviyyəsinin artdığı bir zamanda burka geyinməyin anlamı nədir? Bununla şəxsiyyəti müəyyən etmək olmur. Həm də təhlükəsizliklə bağlı ictimai yerlərdə nəzarət kameralarından geniş istifadə olunur. Həmin insanlar isə şəxsiyyətlərini gizlədə bilirlər. Həm də o örtüyün altında nə gəzdirdiklərini müəyyən etmək olmur”. 
 
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə bildirdi ki, İslamda üzün örtülməsini əmr edən bir hökm yoxdur: “Burka daha çox ənənədən gələn bir geyimdir. Qədimdə də bəzi qadınların istifadə etdiyi bir geyim olub”.
 
K.Rövşənoğlu qeyd etdi ki, Qurani-Kərimdə yeddi yerdə hicab ayəsi var. Orada ümumi şəkildə hökmlər qeyd olunub ki, kişi və qadınlar arasınbda pərdə saxlanılmalı, hicab olmalıdır: “Bir neçə ayədə isə qadınlara örtünmələri əmr olunur. Hədislərdə isə qadınların üzləri, topuqdan aşağı ayaqları və biləkdən yuxarı qolları istisna olmaqla, örtünmələri qeyd olunur. Hazırki İslam hökmləri də buna əsasəndir”. 
Cia.az