|
Ukrayna ilə Rusiya arasında yenidən gərginlik yaşanır
Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Məlumata görə, yanvarın 29-dan başlayaraq Avdeyevka ətrafında Ukrayna ordusu ilə separatçı güclər arasında döyüşlər gedir. Nəticədə Ukrayna ordusunun 70 nəfərdən çox itki verməsi bildirilir. 

Ekspert Elçin Mirzəbəyli “Yeni Müsavat”a söyləyib ki, hadisələrin baş verəcəyi gözlənilən idi: “İndiki şəraitdə prosesin iflasa uğradığı göz qabağındadır və Rusiya bu istiqamətdə hər hansı bir razılaşmaya əməl etmək niyyətində deyil. Bu baxımdan da prosesin inkişafında bir neçə faktorlar da yer alıb. Şübhəsiz ki, bu təkcə Rusiya ilə Ukraynanın münasibətlərindən qaynaqlanmır. Eyni zamanda bu, son dövrlərdə NATO-nun Rusiya sərhədlərində daha da möhləmlənməsi istiqamətində atdığı addımlarla bağlıdır. Qara dənizdə də NATO-nun möhkəmlənməsi istiqamətində addımlar atılır. Rusiya bunu özünə qarşı ciddi bir təhlükə kimi qiymətləndirir.  Separatçıların da aktivləşməsinin əsasında elə bu amil dayanır. Əgər bu siyasət davam edəcəksə, yəni Rusiyanın sərhədləri yaxınlığında NATO-nun qüvvələri cəmləşəcəksə, ola bilər ki, Rusiya daha açıq şəkildə Ukrayna torpaqlarına hücum etsin. Nəticədə isə Cənubi Osetiya və Abxaziya ilə bağlı oxşar ssenarilər, burada da həyata keçsin. Çünki Rusiyanın azğınlığı qarşısında Qərbin susqunluq nümayiş etdirməsi və bu ölkəyə qarşı real addımların atılmaması, indiki vəziyyətin yaranmasına gətirib çıxarıb. Görünür indiki vəziyyətdən istifadə edərək, Kreml özünün maraqlarının kəsişdiyi bütün nöqtələrdə daha üstün mövqelərə sahiblənmək istəyir. Bu aqressiyanın günbəgün güclənəcəyinin şahidi olacağıq”.

Proseslərin Dağlıq Qarabağ münaqişəsi istiqamətində təsirləri barəsində isə politoloq aşağıdakıları söyləyib: 
“Prosesin Qarabağ istiqamətində inkişaf edəcəyini gözləmirəm. Çünki bu məsələlərə fərqli yanaşmaq lazımdır. İndiki şəraitdə Rusiyanın atdığı addımlar daha çox NATO-nun Şərqi Avropada, Qara dənizdə güclənməsi ilə bağlıdır. Azərbaycanda isə Rusiyanı belə bir təhlükə gözləmir. Azərbaycanla həmsərhəd yeganə NATO ölkəsi isə Türkiyədir ki, bu, ölkə ilə Rusiyanın münasibətləri normallaşmağa doğru gedir. Bu baxımdan Rusiyanın bütövlükdə Qafqaz istiqamətində sərt addımlarını stimullaşdıra biləcək heç bir amil yoxdur”.
 
Politoloq Şahin Cəfərli isə mövzu ilə bağlı “Yeni Müsaavat”a bildirib ki, Ukraynanın Donbas regionunda vəziyyətin yenidən gərginləşməsinin əsas səbəbi Rusiyanın özünü bir daha Qərbə xatırlatmaq cəhdidir:
 
“Putinin başlıca məqsədi ABŞ-la masaya oturaraq nüfuz dairələrini bölüşdürməyə başlamaqdır, o, israrla buna nail olmağa çalışır. ABŞ-da Donald Trampın prezident seçilməsi Kremlin bu istiqamətdə ümidlərini artırıb. Peşəkar kəşfiyyatçı olan Putin yeni ABŞ prezidentinin şəxsi keyfiyyətlərinə çox yaxşı bələddir və onun iş adamı məntiqi ilə hərəkət etdiyini, alış-verişə meylli olduğunu gözəl anlayır. Putin Ukrayna başda olmaqla, postsovet məkanının Rusiyanın nüfuz dairəsi kimi tanınmasını istəyir. Lakin qarşı tərəfi bu mövzunun müzakirəsi və həlli üçün masaya oturtmaq lazımdır. Hansı yolla? Hərbi əməliyyatların yenidən başlanması bunun üçün ən sınanmış üsuldur. Çünki davamlı atəşkəs durumunda Qərbin bu məsələyə diqqəti azalır. Rusiya rəhbəri onu da yaxşı bilir ki, Ukrayna məsələsi Tramp üçün prioritet deyil. Hətta Tramp-Putin telefon danışığından öncə məlumatlar yayılmışdı ki, Ağ Evdə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına dair prezident fərmanı hazırlanıb. Lakin Trampın partiyadaşlarının, yəni respublikaçıların kəskin etirazları, eləcə də ABŞ-a səfərə gəlmiş Britaniyanın baş naziri Tereza Meyin sanksiyaların davam etməsinin zəruriliyini vurğulaması Trampı belə bir addımdan daşındırdı və o, T. Mey ilə keçirdiyi birgə mətbuat konfransında sanksiyaların ləğvindən danışmağın hələ çox tez olduğunu bildirdi. Bu, o demək idi ki, Tramp hələ ki sanksiyaları ləğv etməyə və Ukrayna məsələsi ilə bağlı Putinlə masaya oturmağa hazırlaşmır”. 

Ş. Cəfərli bildirib ki, hadisələrin belə inkişafı Rusiya tərəfini qane edə bilməzdi və Ukrayna məsələsini aktuallaşdırmaq lazım idi:
 
 “Məncə, atəşkəsin pozulması və Donetsk ətrafında lokal döyüşlərin başlaması məhz bununla əlaqədardır. Əlbəttə, başqa məqsədlər də var. Məsələn, Minsk razılaşmalarının siyasi və təhlükəsizliklə bağlı hissələrinin yerinə yetirilməsinin ardıcıllığı məsələsində tərəflər arasında antaqonizm mövcuddur. Moskva hesab edir ki, Ukrayna əvvəl siyasi hissədə üzərinə düşən öhdəlikləri – separatçıların nəzarətindəki ərazilərə xüsusi status verilməsini, həmin ərazilərdə yerli hakimiyyət orqanlarına seçki keçirilməsini və separatçılara amnistiya tətbiq olunmasını həll etməlidir. Kiyev isə bildirir ki, Rusiya əvvəlcə Donbasa göndərdiyi bütün əsgərlərini, muzdlu qüvvələrini və hərbi texnikasını geri çəkməli, iki ölkə sərhədinin Ukraynanın nəzarətindən çıxmış hissəsini Ukrayna Sərhəd Qoşunlarına təhvil verməlidir, yalnız bundan sonra siyasi öhdəliklər yerinə yetirilə bilər. Rusiya zaman-zaman cəbhədə atəşkəsi pozmaqla Kiyevə təzyiq göstərir ki, Moskvanın mövqeyini qəbul etsin. Eyni zamanda, Kreml müharibənin yenidən başlaması ehtimalından qorxan Almaniya və Fransaya mesaj yollayır ki, onlar da Ukraynaya təzyiq göstərsinlər. Başqa bir önəmli məqam ondan ibarətdir ki, Ukraynada dərin iqtisadi tənəzzül dayanıb və aşağı templə də olsa, iqtisadi artım başlayıb. Rusiyada isə tənəzzül davam edir”. 
Politoloq deyib ki,  Moskva Ukraynanın iqtisadi böhrandan çıxaraq güclənməsini arzulamır və onu cəbhədə sürəkli olaraq böyük ordu saxlamağa məcbur edir:
 
“Hazırda Donbas çevrəsində Ukraynanın 50 minlik qoşun kontingenti var və onları daim döyüşə hazır vəziyyətdə saxlamaq külli miqdarda xərc tələb edir. Həm bu amil, həm də lokal döyüşlərin davam etməsi nəticəsində Ukrayna ciddi maddi itkilərə məruz qalır, üstəlik “nə hərb, nə sülh” durumu Ukraynanın enerjisini tükədir. Bu, Moskva üçün sərfəlidir. Atəşkəs pozuntularının digər səbəbi isə odur ki, Ukrayna ordusu separatçıların əsas mərkəzi olan Donetsk şəhəri ətrafında çox əlverişli mövqelərə malikdir. Ukrayna ordusunun mövqeləri bilavasitə şəhərin kənarında yerləşir və istənilən an o mövqelərdən güclü bir həmlə ilə şəhəri azad etmək mümkündür. Son günlər lokal döyüşlərin getdiyi Avdeyevka qəsəbəsi də məhz həmin əlverişli mövqelərdən biridir. Separatçılar və Rusiya Ukrayna ordusunu həmin mövqelərdən sıxışdırıb çıxarmağa və Donetskdən uzaqlaşdırmağa çalışır. Lakin son hücumlar nəticəsində onlar bu tapşırığa nail ola bilmədilər. Çünki Ukrayna ordusu ötən müddətdə xeyli güclənib”.