|
Ötən il ölkə həbsxanalarında 140 məhkum ölüb
“2016-cı ildə penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 709 nəfər, yaxud 3.2 faiz azalıb”. APA-nın xəbərinə görə, bunu Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədov deyib O, bunu amnistiya aktının tətbiqi ilə izah edib: “Qeyd olunan dövrdə penitensiar müəssisələrdən müxtəlif əsaslarla 7579 nəfər azad edilib. Bu, 2015-ci illə müqayisədə 1661 nəfər çoxdur. Həmin şəxslərdən 2930-u cəza müddətinin başa çatması ilə əlaqədar, 1503-ü vaxtından əvvəl azadlığa çıxıb. 

Bundan başqa, 137-si əfv olunub, 2891-i amnistiya aktına düşüb, 8-i xəstəliyə, 110-u isə qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslara görə azadlığa buraxılıb. 2016-cı ildə penitensiar müəssisələrdə 140 məhkum və həbs edilmiş şəxs vəfat edib”.
 
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov deyir ki, Azərbaycanda cəzaçəkmə və müvəqqəti saxlama məntəqələrində 20 mindən çox şəxs saxlanılır. Sabiq rəis hesab edir ki, bu baxımdan il ərzində 140 məhkumun ölümündə kriminal axtarmaq lazım deyil: “Bəli, məhbusun məhbusu öldürməsi faktları var, başqa hallar da var. Ümumilikdə isə 20 min nəfərin içində kiminsə xəstəlikdən, kiminsə öz əcəli ilə ölməsi adi haldır. Təbii ölüm hadisəsi Allahın işidir, ona kim qarışa bilər ki?” 
 
M.Zeynalov bildirib ki, bu ölümlərdə saxlama şəraitinin payının nə qədər olduğunu söyləmək çətindir: “İndi saxlama yerlərində vəziyyət əvvəlki illərə nisbətən yaxşıdır. Avropa Şurasının saxlama yerləri ilə bağlı tələbləri bu sahədə durumu köklü şəkildə dəyişib. İstiliyin olmaması, işığın tez-tez kəsilməsi kimi faktlar da azalıb. 80 faiz vəziyyət dəyişib. Əlbəttə ki, ”şveytsarski türmə"nin standartları deyil. Yəni orta saxlama şəraiti var".
 
“Məhbəs Araşdırmaları Beynəlxalq Mərkəzi” 221 dövlətdə cəzaçəkmə yerlərində saxlanılan məhbusların sayını araşdırıb. 2016-cı ili əhatə edən araşdırma dövründə  dünya üzrə 9 milyon 250 min nəfərə yaxın insan məhbusluq həyatı yaşamaqda olub. 
 
Dünya üzrə ən çox məhbus ABŞ həbsxanalarındadır - 2 milyon 217 min 974 nəfər. Yəni dünya üzrə məhbusların 25 faizi ABŞ-dadır. Siyahıda 645 min 350 məhbusla ikinci yerdə Rusiyadır. Azərbaycan siyahı üzrə 22 min 526 məhbusla 54-cü yerdədir. Mərkəz ölkələr üzrə hər 100 min nəfərə düşən məhbusların sayını da açıqlayıb. ABŞ-da 100 min nəfərin 693-ü, Rusiyada 447-si, Azərbaycanda isə 236 nəfər məhbusdur.