Amerikanın yeni rəhbəri Donald Trampın müsəlman ölkələrindən gələn qaçqınlara qoyduğu qadağa onu çox sərt hədəfə tuş gətirib. Amma daha diqqət çəkən məqam müsəlman ölkələrinin bu qərara ehtiyatlı yanaşmasıdır. İndiyə qədər İran və İraq istisna olmaqla, heç bir müsəlman ölkəsindən Ağ Evin yeni sahibinin ünvanına sərt tənqidə rast gəlməmişik.
“Onların (ölkələrin liderləri nəzərdə tutulur-red.) öz vətənlərində legitimliklə bağlı söykəndikləri fundament möhkəm deyil. Onlar bir yandan öz xalqlarının, digər yandan isə ABŞ prezidentinin qəzəbini çəkməyə qorxurlar”, - Beyrutda yerləşən Amerika Universitetinin Siyasət və beynəlxalq münasibətlər İnstitutunun direktoru Rami C. Huri məqalə müəllifinə izah edib.
Ekspertlərin müsəlman dünyasında Trampla bağlı sükuta səbəb olan situasiya ilə bağlı mövqeləri müxtəlifdir.
Politoloq Elxan Şahinoğlu öndə olan müsəlman dövlətlərinin mövqeyini bu cür izah etdi: “İranın onsuz da Amerika ilə münasibətləri soyuqdur. Hətta İran rəhbəri Trampın Meksika ilə divar tikintisinə də etiraz etdi. Bəlkə də haqlı idi. O dedi ki, divarların tikilməsi dövrü deyil, divarların sökülməsi dövrüdür. Berlin divarını da misal çəkdi. İraq da doğru qərar verdi. Əgər sən vətəndaşlarımı öz ölkənə buraxmırsansa, o zaman mən də sənin vətəndaşlarını buraxmayacam. Gəliblər İraqı dağıdıblar, yüz minlərlə insan qırılıb. Sonra da deyirlər ki, səni öz ölkəmə buraxmıram. Amerikanın İraqda da maraqları var. Əgər İraq bu qərarı verirsə, bu, ABŞ-a ciddi ziyandır. Suriyanın onsuz da Amerika ilə münasibətləri yaxşı deyil. Əsəd rejiminin fərqində deyil ki, vətəndaşları hara gedir. Səudiyyə Ərəbistanı və Qətər kimi dövlətlərdən də səs çıxmır. Çünki onlar Amerikanın müttəfiqi sayılırlar. Onlara qarşı qadağalar tətbiq olunmayıb.
Bunun özü də əslində absurddur. Guya Tramp bu qərarı verib ki, həmin ölkələrdən gələn terrorçuları mümkün qədər qorusun. Amma 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən dəhşətli terroru törədənlərin 80%-i Səudiyyə vətəndaşları idi. O zaman niyə Tramp bu qərarı Səudiyyə ilə bağlı da vermir? Səudiyyə rəhbərliyi sərt açıqlamalarla indidən rəsmi Vaşinqtonla münasibətləri korlamaq istəmir. Qətər də ehtiyatlı mövqe tutur. Türkiyəyə gəlincə, qardaş ölkənin son illərdə Barak Obama ilə münasibətlərində ciddi soyuqluq yaranmışdı. Səbəbləri də məlumdur, Güləni vermədilər, Suriyada silahlı kürdlərə dəstək verdilər. Türkiyənin böyük gözləntisi var ki, Trampın siyasəti fərqli olacaq. Doğrudur, Türkiyənin baş naziri Meksika ilə divarların tikilməsinin yanlış olduğunu söylədi. Amma müsəlman ölkələrinin vətəndaşlarının Amerikaya buraxılmamasına Türkiyədən elə də ciddi etiraz yoxdur.
Buna səbəb kimi də Türkiyənin Səudiyyə və Qətər kimi Trampla münasibətləri korlamamaq istəyi ola bilər. Bəribaşdan Trampla bağlı mövqelər açıqlansa, onun Türkiyəyə qarşı mövqeyi dəyişə bilər. Yeni təyin olunan dövlət katibi çıxışında deyib ki, biz Türkiyə ilə əvvəlki strateji müttəfiqliyi bərpa etmək istəyirik. Bu da qardaş ölkənin maraqlarına cavab verir. Bu baxımdan, susqunluq var. Bu dövlətləri müəyyən qədər başa düşmək olar, çünki öz təhlükəsizlik maraqları var. Bəs İslam Konfransı Təşkilatı niyə susur? Ən azından mövqe bildirə bilərdi. Çünki 7 ölkə ilə bağlı qərar irqi ayrı-seçkilikdən xəbər verir. Tənqidi açıqlamalarına indi də ehtiyac var”.
Politoloq hesab edir ki, Trampın digər dövlətlərin daxili işlərinə qarışmayacağı ilə bağlı fikirləri ABŞ üçün problemlər yaradacaq: “ABŞ bütün dünyada gedən proseslərə son on illiklərdə daim müdaxilə edib. Tramp Ukraynanı arxa plan atsa, o zaman Avropa Rusiya təhlükəsi ilə üz-üzə qalacaq. Eləcə də mövqelər Çin və digər bu kimi dövlətlərin xeyrinə dəyişə bilər. Amma Trampın terrorizmlə bağlı açıqlamalarına diqqət ayırsaq, ABŞ ordusunun İraq, Suriya kimi ölkələrdə fəallaşacağını düşünmək olar. Onun atdığı son addımlar Amerika üçün ciddi başağrısı olacaq. Çünki 7 ölkəyə qadağanın tətbiq edilməsi daxildə ciddi etiraz doğurub. Amerika mühacirlər ölkəsidir, Trampın özü də mühacirdir. Yanvarın 20-də and içib, amma keçən qısa müddətdə görün nə qədər ölkənin münasibətləri ABŞ-la pisləşib. Hələ 4 il prezident olmalıdır. Gözləniləndir ki, bu addımlarla Tramp fəaliyyətini sona çatdıra bilməsin”.
