“Azərbaycan Silahlı Qüvvələrinin istər ermənilərin təxribatlarına qarşı atdığı cavab addımlarının, istərsə də beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərimizdə həyata keçirdiyi antiterror əməliyyatlarının ölkəmizin üstünlüyü ilə başa çatacağı şübhəsizdir”.
Politoloq Elçin Mirzəbəyli bunu Azərbaycanın mini- müharibə taktikasından, lokal hərbi əməliyyatlardan istifadə etməklə torpaqlarını işğaldan azad etməsinin mümkünlüyü barədə danışarkən bildirdi. Qeyd edək ki, qəzetimiz dünənki manşet yazısında bir sıra ekspertlərə istinadən danışıqların dondurulması, işğalçının qeyri-konstruktiv mövqe sərgiləməsi şəraitində kiçikmiqyaslı hərbi əməliyyatları yeganə çıxış yolu saydıqlarını bildirmişdilər.
E.Mirzəbəyli də təsdiqləyir ki, Ermənistan bu gün Azərbaycanla müharibə aparmaq gücündə deyil: “Lakin hər kəsə bəllidir ki, münaqişənin istər sülh, istərsə də hərb yolu ilə həll olunmamasının əsas səbəbkarı Rusiyadır. Hətta Azərbaycan torpaqlarının işğalı prosesində Rusiyanın iştirakı ilə bağlı təkzibolunmaz faktları bir kənara qoysaq belə, Moskva-İrəvan hərbi əməkdaşlığı, şimal qonşumuzun Ermənistandakı hərbi bazasının mövcudluğu, Ermənistan sərhədlərinin rus əsgərləri tərəfindən qorunması Kremlin bu münaqişədə tərəf olduğunu sübuta yetirir. Rusiya isə münaqişənin indiki vəziyyətdə - nə hərb, nə də sülh durumunda qorunub saxlanılmasında maraqlıdır. Rusiyanın yaxın qonşularına münasibətdə yürütdüyü siyasət Pyotrdan bu yana dəyişməyib. Moskva ayrı-ayrı bölgələrdə münaqişə ocağı yaratmaqla, bu münaqişələri hər an alovlanmağa hazır vəziyyətdə tutmaqla öz nüfuz dairəsini genişləndirməyə, yaxud qoruyub saxlamağa çalışır”.
Politoloq bildirdi ki, Rusiya özünü Avrasiya məkanında, ola bilsin ki, bir az da geniş arealda müstəsna səlahiyyətləri olan hakim kimi aparmağa cəhd göstərir: “Lakin bu ölkənin daxili və xarici siyasətindəki eqoizm, başqalarını əzməklə böyük və güclü görünmək cəhdi bu ölkəni öz ənənəvi jandarm obrazından kənara çıxmağa qoymur”. E.Mirzəbəyliyə görə, bu yanaşma tərzi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Anar Həsənovun sualına verdiyi cavabda da özünü büruzə verib: “Bəziləri bunu Lavrovun erməni mənşəli olması ilə əlaqələndirirlər. Ancaq belə yanaşma boş şeydir. Lavrov Rusiyanın maraqlarını və mövqeyini ifadə edir. Vəssalam! Rusiyada hakimiyyətdə hansı xalqın nümayəndəsi təmsil olunursa, olsun, o, mütləq rus xalqının, Rusiya dövlətinin maraqlarını ifadə etməlidir - həm də ruslardan daha çox və daha kəskin şəkildə. İosif Cuqaşvili də, Lavrenti Beriya da, başqaları da rus dövlətçiliyinə xidmət edirdilər. Həm aşağıların təzyiqi, həm də milli azlıq kompleksi onları hətta ruslardan daha artıq rus olmağa sövq edirdi. Bu səbəbdən, Rusiyanın, yəni Qarabağ münaqişəsinin həllində əsas söz sahibi və tərəf olan ölkənin mövqeyində yaxın zamanlarda ədalət prinsiplərinin nəzərə çarpacağını gözləmirəm. Bunun üçün Rusiya cəmiyyətinin özü dəyişməlidir. O isə nə özü dəyişmək istəyir, nə də başqalarını dəyişməyə qoyur”.
O ki qaldı Rusiyanın və yaxud “rus NATO-su” KTMT-nin prosesə müdaxilə etmək hüququna, ekspert bunları bildirdi: “Rusiya ilə bağlı məsələlərdə hüquq, qanun və digər bu kimi gəlişigözəl ifadələri bir kənara qoymaq lazımdır. Rusiyanın bu və ya digər prosesə müdaxiləsi üçün adətən bir şey lazım olur - bəhanə. Bu bəhanəni də adətən Rusiya özü yaradır. SSRİ dönəmində məşhur bir deyim vardı: ”ABŞ dünyanın hər yerində SSRİ-nin daxili işlərinə qarışır". Bu deyim bu gün də SSRİ-nin hüquqi varisi olan Rusiya üçün keçərlidir".
Azərbaycan XİN başçısı Elmar Məmmədyarov da rus həmkarı S.Lavrovla danışıqlar haqda pessimist danışıb. E.Məmmədyarov deyib ki, Moskva Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü təşkil etmək istəyir. Ancaq bununla belə, nazir “mən Moskvadakı danışıqların yekunu ilə bağlı optimizm ifadə edə bilmərəm” deyib. E.Məmmədyarov da “Yeni Müsavat”ın yazdıqlarını təsdiqləyərək Azərbaycanın mini-müharibə taktikasına əl ata biləcəyini mümkün sayıb. “Heç şübhə etmirəm ki, işğal olunmuş rayonları bir-bir azad edəcəyik” - nazir əlavə edib.
Bu arada Ermənistandakı parlament seçkiləri öncəsi hakimiyyətə qarşı etirazlar artır. Ermənilər 4 günlük aprel müharibəsindəki itkilərə görə Serj Sərkisyan hakimiyyətini bağışlamaq istəmirlər. Odur ki, Azərbaycanın növbəti hərbi uğurları işğalçı ölkənin daxilində də ciddi təlatümlərə səbəb ola, Sərkisyanın sonunu tezləşdirə bilər. Üstəlik, ermənilər indi daha çox anlayırlar ki, Xocalıda azərbaycanlı uşaqları, qocaları, qadınları öldürdüyünü etiraf edən Sərkisyana əslində Qarabağ münaqişəsi hakimiyyətinin ömrünü uzatmaq üçün lazımdır.
Sadə ermənilər isə təmas xəttindəki yaşayış məntəqəsinə əhalinin qayıdışı ilə bağlı proqramın icrasına başlayan Azərbaycanın ərazilərində əbəs yerə məhv olacaqlarının fərqindədirlər. Görünən budur ki, rəsmi Bakının Qarabağla bağlı prinsipial mövqeyi təkcə işğalçı Ermənistanı deyil, onun havadarını da rahatsız edir. Bu mənada növbəti təxribatların qarşısını almağa daim hazır olmaq lazımdır.
