|
“Ermənilər bilir ki, Azərbaycan Cocuq Mərcanlı ilə kifayətlənməyəcək”
“Ermənistan prezidenti Serj Sərkisyanın problemləri getdikcə artır. Bir tərəfdən apreldə parlament seçkisi keçiriləcək və müxalifət getdikcə sıralarını genişləndirir. İkinci tərəfdən, iqtisadiyyat və sosial həyatda gərginlik artır, resurslar isə yoxdur ki, müsbətə doğru nəyisə dəyişəsən”. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu fikirləri Ermənistan prezidentinin son çıxışını və düşmən ölkədəki hazırkı durumu “Yeni Müsavat”a şərh edərkən söylədi. Onun sözlərinə görə, Ermənistan ordusunda artan itkilər cəmiyyətdə hakimiyyətə qarşı narazılığı gücləndirir: “Ancaq Ermənistan prezidentini daha çox cəbhə bölgəsindəki vəziyyət narahat edir. Odur ki, Sərkisyan Ermənistan cəmiyyətinin narahatlığını azaltmağa çalışır. Buna misal olaraq Sərkisyanın Ermənistan ordusunun yaranmasının 25 illiyi ilə bağlı nitqini göstərmək olar. Sərkisyanın son çıxışında iki cümlə diqqəti cəlb edir. Sərkisyan birinci cümləsində deyib ki, ”yeni müharibə Qarabağ probleminin həllinə kömək etməyəcək, əksinə, vəziyyəti daha da çıxılmaz duruma sürükləyəcək". Sərkisyanın ikinci cümləsi isə belədir: “Dağlıq Qarabağ ətrafındakı təhlükəsizlik zolağı bizim üçün vacibdir. Biz növbəti və uzun müharibəni yenə mətbəximizin içində aparmaq istəmirik”. Birinci cümlə əslində onun etirafıdır ki, müharibə riski yüksəkdir və Sərkisyan erməni ictimaiyyətini yeni müharibəyə hazırlayır. Yəni Ermənistan prezidenti Dağlıq Qarabağ ətrafındakı torpaqların boşaldılmasıyla yarana biləcək sülhün yerinə ac-yalavac xalqını ölümün pəncəsinə atacağının anonsunu verir. İkinci cümlənin açması isə odur ki, adını “təhlükəsizlik zolağı” qoyduğu Dağlıq Qarabağ ətrafındakı rayonlarımızı hələ uzun müddət işğal altında saxlamaq istəyir ki, bunun əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusunu qopara bilsin". 

Ancaq E.Şahinoğlunun sözlərinə görə, S.Sərkisyan bunun mümkün olmadığını özü də anlayır: “Ona görə də bizim Sərkisyanın ”mətbəxinin", yəni Xankəndinin ətrafını boşaltmaqdan başqa alternativimiz qalmayıb. Bu il ərzində işğalçıya qarşı təzyiqi artırmalıyıq. Məsələn, Cocuq Mərcanlıya qayıdışımız Ermənistan hakimiyyətini narahat etməyə bilməz. Çünki özləri də bilirlər ki, Azərbaycan Cocuq Mərcanlıyla kifayətlənən deyil".

Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, Sərkisyan hər zaman olduğu kimi, yeni heç nə demədi: “Ənənəvi ritorika və boşboğazlıq - Serjin son sərsəmləməsinə bundan başqa ad vermək mümkün deyil. Hiss olunurdu ki, çıxış daha çox Azərbaycanın atdığı addımlara cavab xarakteri daşıyır. Sərkisyanın münaqişənin hərbi yolla həllinin olmadığını tez-tez vurğulaması Ermənistan cəmiyyətindəki müharibə xofunun aradan qaldırılmasına xidmət edir. Seçkiyədək cəbhə xəttində gərginliyin davam edəcəyi şübhəsizdir. Sərkisyan çalışacaq ki, Levon Tet-Petrosyanın ”Sülh və yaxın qonşuluq" şüarına qarşı saxta vətənpərvər ritorikasını daha da gücləndirsin".