|
“Azərbaycan qanunlarını saymadığı üçün Lapşin cəzasını almalıdır”
“Məlumdur ki, Lapşin tək bir dəfə deyil, dəfələrlə, o cümlədən 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edib. O, qondarma qurumun təbliğatı ilə məşğul olub, ərazi bütövlüyümüzə qarşı çağırışlar səsləndirib”. 

Politoloq Arzu Nağıyev bunu Rusiya və İsrail vətəndaşlığı daşıyan qalmaqallı blogger Aleksandr Lapşinin Minskdə saxlanılmasını, daha sonra Bakıya ekstradisiya ilə bağlı müzakirələri şərh edərkən “Yeni Müsavat”a deyib. Ekspertə görə, Lapşinin səfərləri heç də ermənilərin və ya erməni diaspora təşkilatlarının maliyyə və ya digər dəstəkləri olmadan baş verməyib: “Əgər Azərbaycanın ərazi bütövlüyü Lapşinin təmsil etdiyi və ya vətəndaşı olduğu dövlətlər tərəfindən, o cümlədən BMT tərəfindən tanınırsa, Lapşinin bu hərəkətlərinə nə ad vermək olar? Belə məsələlər heç bir dövlət tərəfindən alqışlanır. Məgər Krıma Rusiyanın icazəsi və ya vizası olmadan getmək olarmı? Təsəvvür edin ki, həmin Lapşin İsrail vətəndaşı kimi Ukrayna vizası ilə Krıma gəlir. Təbii ki, bu, mümkün deyil. Eyni zamanda Abxaziya, Cənubi Osetiya və s. bağlı eyni qaydalar tətbiq olunur”. 
 
A.Lapşinin Minskdə saxlanılması, daha sonra Bakıya ekstradisiya olunması barədə qərar verilməsi şimal qonşumuzda çox əsəbi reaksiyalara səbəb olub. Virtualaz.org xəbər verir ki, Rusiya dairələrində bu məsələyə görə daha çox Belarusa qəzəblidirlər. Rusiyada “axı necə ola bilər ki, özünü Rusiya ilə vahid dövlətin bir hissəsi elan edən Belarus rus vətəndaşını Azərbaycana ekstradisiya etsin, özü də Moskvanın bu məsələdəki çağırışlarını qulaqardına vursun” sualına cavab axtarılır. Şimal qonşumuzdakı reaksiyaların nəzərə alınması və bloggerə güzəşt edilməsi mümkündür, yoxsa digərlərinə dərs olması üçün bu məsələdə sonadək getmək lazımdır?

A.Nağıyevin sözlərinə görə, bu məsələ ilə bağlı ən çox çıxış və bəyanatlar yayanlar məhz ermənilərin təsiri altında olan qurumlardır: “Məhz Azərbaycan qanunlarına saymazcasına yanaşdığı üçün Lapşin və digərləri öz cəzalarını almalıdırlar və bu proses davam edəcək. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır, bu, digər şəxslər üçün də bir dərs olmalıdır. Lapşinin dəfələrlə Azərbaycanın ərazi bütövülyünə qarşı etdiyi qanunsuzluqlara görə Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib. Belarus dövləti də A. Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib”.
cia.az