Yanvarın 29-da Kanadanın Kvebek şəhərində məscid kimi istifadə olunan mədəniyyət mərkəzinə silahlı hücum olub. Namaz zamanı 3 silahlı şəxs məscidə daxil olaraq, oradakıları güllələməyə başlayıb. Kvebek İslam Mədəniyyət Mərkəzinin rəhbərliyi 5 nəfərin həlak olduğunu açıqlayıb. Kanada polisi isə Kvebek şəhərində məscidə hücum nəticəsində 6 nəfərin həlak olduğunu, 8 nəfərin yaralandığını bildirib.
Hadisənin axşam namazı zamanı baş verdiyi bildirilir. Hücum edənlər maskalı olublar və atəş açarkən, “Allahu-əkbər!” deyə qışqırıblar.
Kanada radiosuna müsahibə verən şahidlər silahlıların yerli ləhcə ilə danışdığını vurğulayıblar. “Onlar dua edənlərə atəş açırdılar. Namaz üstə olanlar öldülər. Güllələrdən biri başımın üstündən keçdi”-şahidlərdən biri hadisəni belə təsvir edib. Yerli KİV hücumda 3 terrorçunun iştirak etdiyini bildirir. Artıq hüquq-mühafizə orqanları 2 şübhəli şəxsi saxlayıb.
Tutulanlardan birinin 27 yaşı olduğu, kvebeklilərə məxsus soyadı daşıdığı bildirilir. Qeyd edək ki, Kvebek vilayətinin və şəhərinin əhalisinin əksəriyyəti fransız mənşəlidir.
Hadisə zamanı ölüm faktını polis də təsdiqləyib, ancaq ölənlərin, ya da yaralıların sayı barədə dəqiq bir söz deyilmir. Polis durumu nəzarətdə saxladığını bildirib.
Şahidlərin “Reuters” xəbər agentliyinə bildirdiyinə görə, hücum zamanı məsciddə 40 nəfər varmış. Yerli media isə bu rəqəmin 100-ə yaxın olduğunu yazır. Yaralılar şəhərin müxtəlif xəstəxanalarına aparıldığından onların sayı haqda hələ ki bilgi yoxdur.
“Reuters” Kvebekdə son illər müsəlmanlara qarşı insidentlərin tez-tez qeydə alındığını vurğulayır. Keçən ilin iyununda-Ramazan bayramı zamanı kimsə həmin məscidin qapısına donuz başı atıbmış.
Kanadanın baş naziri Justin Trudeau twitter hesabında ölənlərin ailələrinə başsağlığı verib, bütün kanadalıların dərin kədər içərisində olduğunu yazıb. Kvebek qubernatoru Philippe Couillard hadisəni “vəhşi zorakılıq” adlandırıb, ölənlərin ailələri ilə həmrəyliyini bildirib.
Kvebekdə müsəlmanların sayı getdikcə artmaqdadır və bu, yerli millətçilərin narahatlığına səbəb olurdu. 2015-ci il seçkilərində niqaba qadağa, bütün ölkədə olduğu kimi, Kvebekdə də geniş müzakirə mövzularından idi və əhalinin böyük hissəsi qadağanın saxlanmasına tərəfdar olduğunu bildirmişdi.
Kvebek vilayətinin baş naziri Filip Kuyar isə bildirib ki, Kanadada məsciddə 5 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktıdır. F. Kuyar Kvebek parlamentinə vilayətin bayrağının endirilməsi ilə bağlı müraciət edib.
Məscidə hücumun səbəbi məlum deyil, araşdırmalar aparılır.
Dünyanın ən sakit, demokratik, tolerant və yüksək sosial təminatın mövcud olduğu ucqar ölkəsində bu cür silahlı terror aktı ilk dəfədir yaşanır. Kanada kimi ölkəyə də terrorun ayaq açmasının səbəbləri barədə ekspertlər müxtəlif ehtimallar irəli sürürlər.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Kanadada baş verən hadisə tükürpədici hadisədir. O nöqteyi-nəzərdən ki, indiyə qədər Kanada tarixində millətlərarası, dinlərarası zəmində hər hansı bir münaqişə olmayıb. Terror hadisəsində bir neçə versiyanı irəli sürmək olar: “Multikuturalizm deyilən elm sahəsi ötən əsrin 60-cı illərində məhz Kanadada meydana gəlib. Multikultiralizm əvvəllər də mövcud olub, amma multikultiralizm və dinlərarası tolerantlıq ideyasını elm halına salan kanadalılar olublar. Kanada çoxmillətli ölkədir və burada millətlərarası, konfessiyalararası münasibətlərə çox böyük diqqət yetirilir.

Bu, dövlət siyasəti səviyyəsinə qaldırılıb. Ölkədə həyata keçirilən insan hüquqları və demokratik dəyərlərin tərkib hissəsi kimi elan olunub. Ona görə də ABŞ prezidenti Donald Tramp müsəlman kökənli miqrantları ölkəsinə qəbul etməkdən imtina qərarı verəndən sonra Kanadanın baş naziri həmin miqrantları Kanadaya dəvət etdi. Bu gün Kanada qaçqınların ən çox sığındığı, həm də qaçqınların ən yüksək təminat səviyyəsinə malik olduğu bir ölkədir. İndi belə bir ölkədə terror hadisəsinin baş verməsi hamını təəccübləndirir”.
Politoloq güman edir ki, Kanadadakı hadisə daha çox təxribat hadisəsidir. Onu kimin nə məqsədə törətməsinə gəlincə, bir neçə ehtimallar irəli sürülə bilər: “Kanadada çoxdan yerləşmiş və indi də yerləşməkdə davam eləyən miqrantların içərisində radikal əhval-ruhiyyəlilər Kanadada məscidin olmamasına bir protest kimi həmin hadisəni törədə bilərlər. Ehtimallardan biri budur. Bunun son dövrlərdə Kanadaya gəlmiş, İŞİD və ya ”Müsəlman qardaşlığı" əhval-ruhiyyəli terrorçuların əli ilə həyata keçirildiyini ehtimal etmək mümkündür. Bu hadisənin həm də xüsusi xidmət sahələrinin, Qərbin xüsusi xidmət dairələrinin işi də olması ehtimalını irəli sürmək olar. Çünki Kanada fərqli dinlərə, mədəniyyətlərə multikultural yanaşmanın tamamilə yeni modelini ortaya qoymağa başlayıb.

Bu da ola bilsin ki, müsəlman ölkələrindən olan miqrantları, mühacirləri qəbul etməyən ABŞ-da və Avropa Birliyi ölkələrində müəyyən qıcıq yaradıb. Bu nöqteyi-nəzərdən onların da bu hadisədə müəyyən rolunun ola biləcəyi ehtimalı üzərində dayanmaq mümkündür. Amma mən birinci yerə müsəlman ölkələrindən gəlmiş və bir az adaptasiya olunduqdan sonra çox böyük iddialara düşən və dövlətdən daha böyük imtiyazlar tələb edən qaragüruhçu millitar xarakterli insanların bu terror aktını həyata keçirdiyi versiyasını qoymaq istərdim. Onlar Kanadaya miqrant axınını dayandırmağa əsas verməyə çalışırlar".
Politoloq hesab edir ki, Kanadada terrorun davamlı prosesə çevrilməsi ehtimalı yox səviyyəsindədir: “Ölkəyə gələn miqrantların daha ciddi yoxlanışı tətbiq ediləcək. Miqrantlar yaşayan bölgələrdə polis və xüsusi xidmət orqanlarının nəzarəti gücləndiriləcək. Miqrantların ehtiyac duyduğu dini ibadət yerlərinin açılması məsələsində də ola bilsin tərəqqi olsun”.
