|
Azərbaycanlı oliqarxların Tramp sevgisi...
Amerikanın yeni prezidenti Donald Trampla azərbaycanlı biznesmenlər, hakimiyyət nümayəndələri, sənət adamlarının əlaqələri günlər keçdikcə üzə çıxır. Son olaraq da iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun Ağ Evin yeni sahibi ilə yaxşı münasibətlərinin olması xəbəri yayılıb... 
Zaman-zaman xarici ölkələrlə əlaqələri olan bu tipli insanlara iqtidar dairələrinin qısqanclıqla yanaşdığının şahidi olmuşuq. Hətta onlar təzyiqlərdən də qurtula bilməyiblər. Maraqlıdır, bu dəfə hakimiyyət hansı mövqeyi sərgiləyəcək?
 
Politoloq Elxan Şahinoğlu düşünür ki, əslində Azərbaycan və Amerika tarixində görünməyən hadisə baş verib: “Dünyanın supergücü olan Amerikanın yeni prezidenti Donald Trampın ən azı 4 azərbaycanlı dostu var və Ağ Ev sahibinin özünün və qızının bunlardan hər biri ilə birgə şəkilləri mövcuddur: Araz Ağalarov, Emin Ağalarov, Mübariz Mənsimov və Anar Məmmədov. Bu dostluq Trampın hələ biznesmen olduğu illərə təsadüf edir. Bunun özü müsbət haldır. Əlbəttə, bu dostluqdan uzaqgedən nəticə çıxarmağın da doğru olmadığını düşünürəm. Məsələn, Tramp indiki gedişlə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirən deyil. Digər tərəfdən, azərbaycanlı oliqarxların Tramp və ya onun administrasiyasındakı dostları ilə Qarabağ mövzusunda hər hansı müzakirə apardıqlarını düşünmürəm. Ancaq yaxşı fürsət yaranıb ki, rəsmi Bakı Trampın azərbaycanlı dostlarından istifadə edərək Ağ Evin yeni sahibinə və ya onun administrasiyasındakı vəzifə sahiblərinə lazımi mesajlar göndərsin. 
 
Image result for Mübariz mənsimov Tramp
 
Elə etmək lazımdır ki, Tramp ən azı xəritədə Azərbaycanın yerini bilsin və hərdən bir xəritənin bu hissəsinə diqqət yetirsin ki, ölkəmizlə əməkdaşlıqdan necə faydalanmaq olar, bu barədə düşünməyə bir neçə dəqiqə vaxt ayırsın. Ancaq bunun məhz belə olacağını iddia etmək çətindir. Çünki Trampın məşğul olduğu və məşğul olacağı mövzular rəngarəngdir və problemləri də çoxdur. Ona görə də belə şəraitdə bizim mövzularımız bir neçə ildən sonra onun administrasiyasının diqqətini çəkə bilər. Buna baxmayaraq, işğala son qoymaq üçün hərbi əməliyyatlara növbəti dəfə başlamamız Tramp administrasiyasını bölgəyə və Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırmağa vadar edə bilər”.
 
Politoloq Trampın azərbaycanlı dostlarının olmasının xeyrimizə olduğunu düşünür: “Trampın azərbaycanlı dostlarının varlığı xeyrimizədir. Doğrudur, hazırda Tramp prezidentdir və Ağ Ev sahibinin boş vaxt tapıb azərbaycanlı dostları ilə görüşməsi problematikdir. Ancaq Tramp Araz və Emin Ağalarovu və ya eyni masada otuzdurduğu Mübariz Mənsimovu unuda bilməz. Araz və Emin Ağalarovlar Trampın Rusiyadakı əsas dostlarıdır.
 
Image result for Ağalarov Tramp
 
Araz Ağalarov Trampla birgə Moskvada ortaq layihələr həyata keçirmək istəyirdi, ancaq o zaman bu alınmadı. Bunun əvəzinə Anar Məmmədov Tramp ailəsini Azərbaycana cəlb edə bildi və Bakıda Trampın markasını daşıyan əzəmətli bina inşa edildi. Bu məqsədlə Trampın qızı və hazırda onun əsas köməkçilərindən biri İvanka Bakıya gəldi. Türkiyədəki azərbaycanlı iş adamı Mübariz Mənsimovun nə zaman Trampla dost olması isə düzü, müəmmalı qaldı. Ümumiyyətlə, Mübariz Mənsimov iş həyatında gizliliyi qorumağa çalışır. Mübariz Mənsimov vətənsevər insandır. Düşünürəm ki, oliqarxlarımız arasında məhz Mənsimov Amerikadakı dostlarının diqqətini Qarabağ mövzusuna çəkə bilər. Onu da nəzərə almaq lazımdır ki, Tramp prezident seçildikdən sonra Mübariz Mənsimov Amerikada şirkətinin nümayəndəliyini açıb. Bu, andiçmə mərasimindəki nitqində “birinci Amerika” deyən Tramp və onun administrasiyasının da maraqlarına xidmət edən addımdır".
 
Image result for Ağalarov Tramp
 
E.Şahinoğlu hakimiyyətin bu şəxslərə qarşı mövqeyini düzgün saymır: “Azərbaycan hakimiyyətində paxılların sayı az deyil. Ancaq onlar da anlamalıdırlar ki, başqa dövlətlərin liderləri ilə sıx əlaqələri olan şəxsləri sıxışdırmaq deyil, onlarla əlaqəni gücləndirmək lazımdır ki, dövlətimizin maraqları hesabına bu insanların imkanlarından yararlana bilək. Məsələn, şübhə etmirəm ki, Rusiya prezident Trampla əlaqə qurulmasında Araz Ağalarovun imkanlarından yararlanıb. Çünki Tramp prezident seçildikdən sonra Emin Ağalarov Amerikaya gedərək onunla görüşüb. Bu, andiçmədən əvvəl olub. Emin Ağalarovun Trampla niyə görüşdüyünə dair məlumat yoxdur. Mənim ehtimalım belədir ki, Emin Trampı təbrik etməklə yanaşı, Putinin hansısa mesajını da onun diqqətinə çatdıra bilərdi. Bu imkanlardan biz də istifadə etməliyik. Şəxsi ambisiyalardan çıxış edən məmurlar ancaq özlərini düşünürlər, halbuki fəaliyyətlərinin başında Azərbaycanın maraqlarına xidmət dayanmalıdır. Bu isə ilk növbədə ”necə edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıraq" sualını aktuallaşdırmalıdır".