Rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs olunan Rusiya, İsrail və Ukrayna vətəndaşı olan blogger Aleksandr Lapşinin məsələsinin necə sonuclanacağı ictimaiyyətin diqqət mərkəzindədir. Qeyd edək ki, artıq Lapşin Azərbaycan prezidenti İlham Əliyevə üzrxahlıq ərizəsi yazıb. Bloqqer məktubunda öz hərəkətlərinə görə üzr istəyib və Azərbaycana qarşı səhvinin sadəlövhlükdən baş verdiyini qeyd edib.
Lakin üzrxahlıq məktubunda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını isə yazıb-yazmadığı barədə İsrail səfirliyinin konsulu heç bir açıqlama verməyib. Bunun ardınca A.Lapşinin anası Azərbaycan prezidentinə oğlunun əfv edilməsi üçün müraciət edib. Belarus prokurorluğu isə Lapşinin Azərbaycana ekstradisiya olunması barədə qərar verib. Lapşin qərarın ləğvi üçün Minsk Şəhər Məhkəməsinə müraciət etsə də, məhkəmə qərarı qüvvədə saxlayıb. Bundan sonra o, sonuncu və ən yuxarı instanisiyaya - Belarus Ali Məhkəməsinə mütaciət edib. Məhkəmə fevralın 4-də yekun qərar çıxaracaq.
Dünən isə Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bəs, yəhudi qonaqların Lapşinin xahişini prezident Əliyevdən eləməsi mümkünmü?
Belarus Ali Məhkməsi 4 fevralda Lapşinlə bağlı hansı qərarı verə bilər? Lapşin üzr istədi. Bundan sonra Azərbaycan nə etməlidir? Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu üzrxahlıq ərizəsində açıq şəkildə yazmaybsa, sadəcə, ümumi üzrxahlıq kifayətdirmi?
Politoloq Elxan Şahinoğlu bildirdi ki, bu işi sona çatdırmaq lazımdır ki, başqalarına da dərs olsun: “ABŞ Yəhudi Komitəsinin Azərbaycan prezidentindən Lapşinlə bağlı xahiş edib-etmədiyini dəqiq söyləmək mümkün deyil. Bütün xahiş və üzrxahlıqlara baxmayaraq, Lapşinin Bakya ekstradisiyasına nail olmaq lazımdır. Məhkəmə keçirilməli, cəza almalı, bundan sonra onun əfvi mümkündür. Yoxsa, Bakıya ekstradisiya etmədən onu bağışlamamız ciddiliyimizi şübhə altına ala bilər. Bu jurnalist qanunlarımızı düz iki dəfə bilərəkdən pozub. Ona görə cavab verməlidir. O bizim məhkəmənin qərarını görmədən, öz üzərində hiss etmədən yalnız üzrxahlıq məktubu ilə aradan çıxsa, kim zəmanət verə bilər ki, o və onun kimilər əməllərinə davam etməyəcəklər? Ermənistan və erməni lobbisi bilməlidir ki, üçüncü ölkə vətəndaşlarını Azərbaycana qarşı qanunsuz hərəkətlərə həvəsləndirəndə bunun cavabı gələcək”.
Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri Aleksandr Lapşinlə bağlı məsələyə diqqət yetirilməyəcək qədər önəmli bir hadisədir: “Azərbaycan prezidenti ilə görüşdə Lapşinlə bağlı məsələnin müzakirə olunub-olunmadığını deyə bilmərəm. Amma hesab edirəm ki, Lapşinlə bağlı məsələ bu görüşdə müzakirə olunacaq qədər önəmli deyil. Bu, Azərbaycan hüquq-mühafizə orqanlarının gündəlik fəaliyyət dairəsinə daxil ola biləcək məsələlərdən biridir. Bildiyiniz kimi, Minsk Məhkəməsi Lapşinin vəsadətini təmin etməyib. Çox güman ki, Belarus Ali Məhkəməsi də qərarı qüvvədə saxlayacaq. Minsk bu məsələdə məsuliyyəti öz üzərinə götürməyəcək. Çünki Belarus həm Azərbaycanla münasibətlərə böyük önəm verir, həm də Lapşinlə bağlı faktın hüquq müstəvisindən kənara çıxmasını arzulamır. Minsk bu məsələyə siyasi müstəvidən yanaşmadığını sərgiləmək üçün sonunadək hüquqi prosedurlara əməl edəcək. Çalışacaq ki, son qərarı rəsmi Bakı versin”.
Ekspertin fikrincə, Lapşin Azərbaycana gətirilməlidir: “Onun ekstradisiyasından sonra haqqında veriləcək qərarın heç bir önəmi yoxdur. Əsas məsələ onun Bakıya gətirilmısidir. Bu məsələnin hüquqi, siyasi və mənəvi yükü Azərbaycan sərhədlərini pozan, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan davranışlara yol verən bu şəxsin Azərbaycana gətirilməsidir. Lapşinin Azərbaycana gətirilməsi bu məsələdə həm hüquqi presedent yaradacaq, həm də çox önəmli bir mesaj olacaq”.
E.Mirzəbəyli dedi ki, Lapşinin üzrxahlıq məktubu İsrailin məsləhəti və bu ölkənin Belarusdakı konsulunun iştirakı ilə yazılıb: “Bu isə Azərbaycana ikili vətəndaşlığı olan Lapşinə münasibətdə İsrail vətəndaşı kimi davranmağa imkan verir. Ola bilsin ki, bu amil Azərbaycan tərəfindən nəzərə alınsın. Amma məsələnin digər tərəfi də var. Azərbaycan Lapşinin saxlanılması ilə bağlı Belarusa rəsmi müraciət edib. Daha sonra onun Azərbaycana ekstradisiyasını əsaslandıran sənədlər Belarusa göndərilib və adıçəkilən ölkənin prokurorluğu da ölkəmizin tələbini təmin edib. Əgər Azərbaycan Lapşinin üzrxahlığını nəzərə alacaqsa, o zaman bu, müvafiq hüquqi prosedurlar səviyyəsində həyata keçirilə bilər. Ortalıqda cinayət işi və hüquqi qərarlar var. Yəni ya Lapşinin Ali Məhkəməyə şikayəti təmin edilməli, ya da ekstradisiyadan sonra Azərbaycan tərəfi müvafiq qərar verməlidir. Bu, cinayət işinə xitam verilməsi, məhkəmə qərarı, yaxud əfv yolu ilə ola bilər”.
Politoloq Şahin Cəfərli isə bildirdi ki, indiyə qədər Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər etmiş çoxlu sayda xarici ölkə vətəndaşının adı Azərbaycan tərəfindən “qara siyahı”ya salınıb, onların ölkəyə girişinə qadağa qoyulub: “Bu, şübhəsiz ki, doğru praktikadır, çünki Dağlıq Qarabağın ziyarətlərin sərbəst olduğu bir bölgə halına gəlməsi tədricən separatçı rejimə beynəlxalq legitimlik qazandıra bilər. Eyni zamanda, Azərbaycan XİN belə bir praktika da tətbiq edir ki, ”qara siyahı"dakı şəxslər sonradan Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ üzərindəki suverenliyini tanıdıqlarını bəyan edərək üzr istədikdə, onlar əfv edilir, adları siyahıdan çıxarılır. Bunu da düzgün sayıram, çünki həmin şəxslərin bu addımından sonra onların adını siyahıda saxlamağa davam etmək bizə heç nə qazandırmaz. Aleksandr Lapşinin durumu isə bir az fərqlidir. Səhv etmirəmsə, o, işğal olunmuş ərazilərə qanunsuz səfərinə görə bu səviyyədə hüquqi təqibə məruz qalan ilk xarici vətəndaşdır. Bu da onun səfərlə kifayətlənməyib, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar etməsi, Ukrayna pasportunda adının fərqli yazılışından sui-istifadə edərək Azərbaycan dövlət orqanlarını aldatması və ölkə ərazisinə qanunsuz daxil olması ilə əlaqədardır. Ona görə də Lapşinin barəsində cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib. Belarusun onu həbs etməsi və Azərbaycana ekstradisiya etmək qərarı bir tərəfdən iki ölkə münasibətlərinin kifayət qədər yüksək səviyyədə olduğunu göstərir, digər tərəfdən isə bu hadisənin çəkindirici amil kimi əhəmiyyəti böyükdür. Bu olay bir növ, başqaları üçün görk olacaq və onlar Lapşinin əməlini təkrarlamaqdan çəkinəcəklər".
Ekspert qeyd etdi ki, bloggerin Azərbaycandan rəsmi şəkildə üzr istəməsi və bu məsələdə İsrail tərəfinin iştirakı isə vəziyyəti dəyişir: “Məlum olduğu kimi, onun İsrail, Rusiya və Ukrayna vətəndaşlığı var. Rusiya hökuməti də Lapşinin həbsindən narahatlığını bildirib və Belarusu onu ekstradisiya etməməyə çağırıb. Məncə, həm üzrxahlıq, həm də İsrail və Rusiya kimi Azərbaycan hökumətinin yaxın tərəfdaşı olan mühüm dövlətlərin narahatlığı bu məsələdə öz rolunu oynayacaq. Lapşinin ekstradisiyadan sonra Azərbaycan tərəfindən bağışlanmasını mümkün sayıram”.
Cia.az
