Ötən həftə psixoloq Dəyanət Rzayevin intihar etməsi ictimaiyyətdə ciddi rezonans doğurdu və müzakirəyə səbəb oldu. Sosial şəbəkələrdə insanlar bir psixoloqun intihar etməsinə fərqli mövqelərdən yanaşdılar. Mətbuat səhifələrində də bu hadisəyə geniş yer verildi.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan psixoloq Azad İsazadə həmkarının intihar etməsinə dair maraqlı fikirlər söylədi. O, “Sözsüz ki, Dəyanət Rzayevin intihar etməsinin səbəbləri barəsində konkret fikir söyləyə bilməyəcəm. Çünki onunla çox da yaxın deyildim” - deyə qeyd etdi: “Ancaq bir şey məlumdur ki, istər psixiatr, istərsə də psixoloqlar mənfi emosiyalarla işləyirlər. Biz hər gün hansısa insanların mənfi hisləri ilə yüklənirik.
Nəticədə elə anlar olur ki, bunlar bizə də neqativ təsir göstərir. Psixoloqların arasında hətta məşhur tükənmə sindromu da var. Belə ki, birdən-birə biz öz işimizdən bezirik, yoruluruq. İstisna etmirəm ki, mərhum Dəyanət də hansısa səbəbdən tükənib. Bəlkə də onun başqa problemləri də olub. Ancaq ümumiyyətlə, mənfi emosiya ilə işlədiyimizə görə bizim peşədə belə hallara rast gəlinə bilər. Bəzən özümüz bu problemi həll edə bilirik, elə an da olur ki, bu alınmır”.
Psixoloq bildirdi ki, o özü də digər həmkarlarına müraciət edərək, gərginlikdən xilas olmağa çalışır: “Bəzən bir-birimizə müraciət edirik. Buna psixoloqların təmizlənməsi deyir. Ancaq rəsmi formada psixoloqların bu məsələ ilə bağlı hər hansı bir bərpa kursu keçməsi və digər bu kimi seanslar mövcud deyil. Ümumiyyətlə, Azərbaycanda psixoloqların işi çox pərakəndədir. Bu işlə bağlı mərkəzləşmə yoxdur. Hansısa standartlar da mövcud deyil. Kimisi Türkiyədə oxuyub, oranın məktəbindən, kimisi də Moskvada təhsil alıb, həmin üsullardan istifadə edir. Ancaq qeyd etdiyim kimi, qeyri-rəsmi formada bir-birimizə yardım edirik. Elə olub ki, məni dəvət edərək xahiş ediblər ki, digər psixoloji mərkəzin əməkdaşları ilə işləyəm. Bir-iki dəfə olub ki, mən özüm də yaxın dostlarıma özüm müraciət edib, hansısa problemimi həll etmişəm. Yəni bu cür metodikalar mövcuddur. Ancaq bundan hamının istifadə etdiyini də söyləmək çətindir”.
A.İsazadə son zamanlar ölkədə intiharların sayının artması məsələsinə də toxunub: “Əgər insanda intihar fikri yaranıbsa o, artıq buna qarşı özbaşına nə isə edə bilməz. Sözsüz ki, burada peşəkar yaxınlaşma lazımdır. Ölkədə son zamanlar intiharların sayı artır. Ancaq təhlükəli nöqtəyə hələ çatmayıb. Bu isə o demək deyil ki, biz oturub həmin həddi gözləməliyik. Bu halı təhlil etmək üçün mərkəzləşmiş araşdırma qurumunun yaradılmasına ehtiyac var. Bütün statistika həmin mərkəzə yığılmalıdır və biz də intiharların səbəblərini, yaş, cins qrupunu öyrənməliyik. İlk növbədə intiharları araşdırmaq lazımdır ki, biz də konkret olaraq tədbirlər təklifi hazırlaya bilək. Lakin indiki vəziyyətdə biz bilmirik ki, hansı təklifləri məktəblərə verək, pensiya fondlarına nələr təklif edək və sairə. Bu baxımdan hansısa qurum yaranmalıdır ki, onun içərisində bir neçə peşə sahibləri birləşsinlər. Orada həkimlər, psixiatrlar, sosial işçilər olmalıdır”.
Psixoloq ölkədə məktəb psixoloqlarının fəaliyyəti barəsində aşağıdakıları söylədi: “Məktəblər bizdə psixoloqlar üçün geniş iş yerinə çevrilib. Rəsmi dövlət işinə diqqət etdikdə, ən çox psixoloqun məktəblərdə çalışdığını görürük. Sözsüz ki, onların arasında peşəkarı da, zəifi də var. Məktəb psixoloqlarının iki ən böyük problemləri var. Birincisi, şagirdlərlə müqayisədə onların sayı çox aşağıdır və ona görə də bütün uşaqlarla işləməyi çatdırmırlar. İkincisi isə aldıqları əmək haqqı yetərli deyil. Bu baxımdan öz üzərilərində çalışmağa stimulları yoxdur. Bu iki problem həll olunsa məktəb psixoloqlarının arasında peşəkarlıq artacaq və şagirdlərlə psixoloji baxımdan normal iş qurulacaq”.
cia.az
