|
Beynəlxalq təşkilatın demokratiya hesabatına Bakıdan fərqli reaksiyalar
“The Economist Intelligence Unit” beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksini açıqlayıb. Yeni sənəd dünya ölkələrinin təxminən yarısının demokratik hesab edilə biləcəyini, amma “tam demokratik” ölkələrin sayının azaldığını - 20-dən (2015) 19-a (2016) düşdüyünü göstərir. Hətta ABŞ  “tam demokratik” ölkələr sırasından çıxıb, “qüsurlu demokratik ölkələr”in siyahısına düşüb. Sənədin müəllifləri bunu ABŞ-da hökumətə və seçki rəsmilərinə etimadın azalması ilə izah edirlər. 

Azərbaycan demokratiyanın səviyyəsinə görə 165 ölkə arasında 148-ci yeri tutur, Zimbabve (140), Qambiya (143), Cibuti (145) kimi Afrika ölkələrindən, Bəhreyn (146), Birləşmiş Ərəb Əmirliklərindən (147) sonra gəlir. Azərbaycandan sonra Əfqanıstanın, Afrikanın Burundi və Sudan respublikalarının və s. adı çəkilir. Qafqaz ölkələrindən Gürcüstan demokratiyanın dərəcəsinə görə 78, Ermənistan 120-ci yeri tutub. Türkiyə 97, Rusiya 134, İran 154-cü yerdədir.
 
Image result for “The Economist Intelligence Unit”
 
Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, siyahı açıq-aşkar Azərbaycana qarşı düşmənçiliyin göstəricisidir: “Azərbaycan  keçdiyi tarix və  bugünkü idarəçilik prinsipinə görə demokratik dövlətdir. Burada demokratik idarəçilik var. Ən azı Azərbaycanda azad mətbuat, internet var, seçkilər keçirilir. Bu ayrı məsələdir ki, xaricilərin dili ilə desək, seçkiyə müdaxilə və digər bu kimi hallar ola bilər. Ancaq mahiyyət etibarı ilə Azərbaycan demokratik dövlətdir. Azərbaycanı aparıb Afrika dövlətləri, Ermənistanla bir yerə qoymaq qərəz deyil, daha artığı olan düşmənçilikdir. Bütün bunlar həmçinin Azərbaycana qarşı siyasi sifarişin olduğunun göstəricisidir. Hazırda Azərbaycanın uğurları dünyada hər kəsə bəllidir. O cümlədən Ermənistana qarşı uğurlarımız da göz önündədir. Azərbaycan bütün parametrləri üzrə irəliləyən dövlətdir, Ermənistan isə hər cəhətdə geriləyir. İndi buna görə də ermənilər başqa müstəvilərdə Azərbaycanın qarşısında dura bilmirlər, bu kimi yollara əl atırlar. Hər zaman dünyadakı ermənilər bu cür məsələlərdən Azərbaycana qarşı istifadə ediblər. Onlar  bu yolla ağıllarınca Azərbaycanı ləkələmək istəyiblər. Son zamanlar da ermənilərlə Azərbaycanın arasındakı münasibətlər çox kəskinləşib. Ona görə də ermənilər  beynəlxalq miqyasda bizə qarşı hücumlarını bir qədər də gücləndiriblər. Nəticədə isə əvvəllər 50-70-ci yerlərdə olduğumuz halda, hazırda 148-ci yerdəyik. Bu, ermənilərin gördükləri işlərin hesabınadır və reallıqdan çox uzaqdır”.
 
Image result for Mübariz Əhmədoğlu
 
Politoloq bildirib ki, bütün bunlar köhnəliyin göstəricisidir: “Yəni bunlar, sabiq Amerika prezidenti Barak Obama dövrünün tör-töküntüləridir. Düşünürəm ki, yeni prezident Donald Tramp artıq dünyaya öz yeni mesajını verib və bundan sonra digər ölkələrin bir-birinin daxili işlərinə qarışmaq məsələsi aktual olmayacaq. Bu baxımdan, hesab edirəm ki, Trampın qayda-qanunları qüvvəyə minən kimi görəcəyik ki, Azərbaycan demokratik dövlətlər siyahısında birinci əllilikdə yer alıb. Azərbaycanda Qərb institutları da açıla bilər. Artıq göründüyü kimi, Nazirlər Kabineti qərar qəbul etdi və xarici təşkilatların yerli təşkilatlara qrant vermək prosesi sadələşdirildi. Yəni bu istiqamətdə proseslər gedir və Qərb təşkilatlarından mövqeyi dəyişənlər Azərbaycanda yenidən açıla bilər. İlk olaraq ikili standartlar aradan qaldırılmalıdır”. 
 
Image result for ADP sədri Sərdar Cəlaloğlu
 
ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, mövcud siyahı gerçəkliyi əks etdirir: “Azərbaycanda demokratikləşmənin vəziyyəti olduqca ağırdır. Ermənistanın da siyahıda  bu məsələdə öndə gəlməsi hesab edirəm ki, doğrudur. Çünki orada İrəvanın mərkəzində çıxıb rahat şəkildə aksiya edə bilirlər. Azərbaycanda isə bu kimi hal mümkün deyil. Heç şəhərin nəinki mərkəzi, elementar meydanında da aksiya keçirə bilmirik. Afrika ölkələrindən də geri olmağımızın digər bir səbəbi var. Dünya məsələni bu cür qiymətləndirir ki, misal üçün, Afrikada meşədən çıxıb, dövlət yaradıblar. Bu dövlətin isə tarixi ya bir neçə ay, yaxud da bir neçə ildir. Azərbaycanda isə  ilk olaraq 1918-ci ildə demokratik cümhuriyyətin əsası qoyulub. Sonra isə Azərbaycan sovet hüquqi sistemindən çıxıb, ancaq ölkədə hüquq yoxdur. Yəni onlar meşədən çıxıb Avropa dəyərlərinə uyğun olmasa da hüquqi sistem, dövlət yaradıblar. Ancaq Azərbaycan özündən əvvəl ciddi bir hüquqi sistemdən çıxmasına baxmayaraq, hələ də sovet hökumətinin dəyərləri səviyyəsində belə öz xalqı ilə davranmır. Müqayisə etdikdə bunu bir geriləmə kimi nəzərdə tuturlar. Yəni bu dəyərlər nisbidir. O baxımdan da Azərbaycan siyahıda Afrika ölkələrindən də geridədir”.