|
Avropa İttifaqı ilə rəsmi Bakı ortaq komissiya qurur - kimlər var...
Fevralda Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq haqqında saziş üzrə danışıqların başlanması planlaşdırılıb. 2016-cı ilin noyabrında Avropa İttifaqı (Aİ) Şurası danışıqların başlanması üçün mandat verib. 

Aİ ölkələrinin xarici işlər nazirləri Azərbaycanla daha yaxın əlaqələr barədə yeni “hərtərəfli saziş” hazırlanmasına qərar veriblər. Keçən il noyabrın 14-də Brüsseldə keçirilən toplantıda məsələ ilə bağlı danışıqlar aparmaq üçün Avropa Komissiyası və birliyin xarici siyasət məsələləri üzrə rəsmisi Federika Moqereniyə mandat verilib.

Hazırda tərəflər nümayəndə heyətinin tərkibini formalaşdırır.  “Yeni Müsavat”ın məlumatına görə, komissiyada diplomatlarla yanaşı, deputatlar da yer ala bilər. Azərbaycandan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik edəcəyi bildirilir. 
 
Sazişin ticarət-iqtisadi məsələlərdən başlamış insan hüquqları və demokratik prinsiplərə əməl olunması məsələlərini əhatə edəcəyi qeyd olunur. 
 
Danışıqlara başlanması Brüsseldə hər iki tərəfdən yüksək vəzifəli şəxslərin iştirakı ilə keçiriləcək tədbirdə elan ediləcək. 
Hazırda Aİ və Azərbaycan arasında münasibətlər 20 il öncə imzalanmış və 17 il öncə qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş çərçivəsində tənzimlənir. Yeni saziş tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək. Yeni sazişin Aİ-nin Gürcüstan, Ukrayna və Moldova ilə imzaladığı assosiasiya sazişindən az detallı olacağı bildirilir.
Bakı Brüssellə danışıqların başlamasından məmnundur. Azərbaycan Avropa İttifaqının onunla hərtərəfli əməkdaşlığa dair danışıqlar aparılmasından ötrü mandatın verilməsini alqışlayır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federike Moqereniyə belə mandatın verilməsini şərh edərkən bildirmişdi.
 
Bəs bu proses Azərbaycanda demokratiyaya müsbət təsir göstərəcəkmi? 
Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan sazişdə çox güman ki, ümumi prinsiplər deyil, əməkdaşlığın konkret sahələrini əhatə edən müddəalar yer alacaq. Saziş ikitərəfli olduğu üçün bütün müddəalar razılaşdırılacaq: “Yəni perspektivdə qarşılıqlı əməkdaşlığa maneə yarada biləcək hər hansı bir müddəanın sazişdə yer ala biləcəyi inandırıcı görünmür. Bu saziş konkret olaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri tənzimləyəcək. Bu baxımdan, hətta Şərq Tərəfdaşlığı Proqramında yer alan prinsiplərin belə sazişdə əks olunmaması gözləniləndir. Son bir neçə il ərzində Azərbaycanla Avropa İttifaqı qarşılıqlı münasibətlərin inkişafını mümkün edən istiqamətlər və bu münasibətlərə maneə yarada biləcək məsələlərlə bağlı kifayət qədər təcrübə qazanıblar. Xarici məsələlər üzrə Avropa komissarı Federika Moqereninin və Aİ-nin digər rəsmilərinin də açıqlamalarında hiss olunur ki, Azərbaycanla münasibətlər hər iki tərəfi birləşdirə biləcək və əməkdaşlığa maneə yaratmayacaq amillər üzərində qurulacaq. Bu, uzunmüddətli bir prosesdir. Bu baxımdan, mən məsələnin demokratiya, yaxud digər hər hansı bir müstəviyə çəkilməsini doğru hesab etmirəm. Azərbaycan elan etdiyi yol xəritələri ilə özünün inkişaf strategiyasını ortaya qoyub. Yol xəritələri və bundan irəli gələn islahat prosesi Azərbaycanın öz seçimidir. Bu baxımdan, prosesdə hər hansı bir kənar müdaxilənin rol oynaya biləcəyi inandırıcı görünmür. Bunu əsaslandıran mühit və zəmin də yoxdur. Qənaətimə görə, Azərbaycan-Aİ münasibətləri bundan sonra tərəflərin birgə müəyyənləşdirdiyi və razılaşdırdığı prinsiplərə əsaslanacaq”. 
 
Related image
 
Yeni AXCP-nin sədri Razi Nurullayev isə bildirdi ki, Avropa İttifaqının Azərbaycanla daha yaxın əlaqələr qurması barədə qərarı mütərəqqi addımdır. İki ilə yaxındır ki, Aİ və Azərbaycan arasında ciddi məsləhətləşmələr aparılmır və bu illər ərzində vəziyyət heç də yaxşılığa doğru getməyib. Ölkədə vəziyyət həm demokratiya, həm də sosial sahədə pisləşib: “İndi deyərdim ki, hər iki tərəf daha sağlam və iddiasız düşünməyə başlayıb. Avropa İttifaqı Azərbaycan iqtidarının iradəsini sındırıb özü istədiyi formatda əməkdaşlıq qəbul etdirə bilmədi. Azərbaycan da bu birliklə münasibətləri korlamaqla özünü vacib sərmayə və iqtisadi imkanlardan məhrum etdi. 

Fevral ayında danışıqların başlaması hərtərəfli xeyrimizədir və təbii ki, demokratik inkişaf üçün də müəyyən stimullar yaradacaq"