Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub.
Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. E.Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib. Görüşdə həmçinin Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunub və son günlərdə iki ölkə arasındakı əlaqələrdə meydana çıxan məsələlərə toxunulub. Bu kimi məsələlərin davamlı olaraq diqqətdə saxlanılması barədə razılığa gəlinib. Məlumatda deyilir ki, tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.
Hələlik tərəflər görüş zərurətinin səbəbləri və müzakirə olunan məsələlərin detallarını açıqlamayıblar. Bu mənada E.Məmmədyarovun kritik Moskva səfərinin pərdəarxası barədə yalnız ehtimallar irəli sürmək olar. Azərbaycan və Rusiya XİN başçılarının görüşünün məhz S.Lavrovun Qarabağla bağlı ciddi rezonansa səbəb olan açıqlamalarından sonra reallaşması onu deməyə əsas verir ki, bu səfər qısa müddət ərzində razılaşdırılıb. Elə Azərbaycan xarici siyasət idarəsinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında da bildirilirdi ki, E. Məmmədyarov məhz Rusiya tərəfinin təşəbbüsü ilə Moskvaya işgüzar səfərə gedib.
Düzdür, E.Məmmədyarov Rusiya XİN başçısının keçirdiyi mətbuat konfransında dediyi “Dağlıq Qarabağ münaqişəsi sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil” sözlərinə operativ reaksiya vermişdi. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırlatmaqla bərabər demişdi ki, Rusiya istəsə, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunardı. Bununla da rəsmi Bakı Moskvanın prosesdə pozitiv rol oynamağa meylli olmadığını dolayısı ilə bəyan etmişdi. Məhz bundan sonra Moskvanın XİN rəhbərləri səviyyəsində görüşə ehtiyac duyması maraqlı məsələdir.

Politoloq Elçin Mirzəbəyli səfəri şərh edərkən bildirdi ki, Azərbaycan XİN başçısının səfərinin öncədən planlaşdırıldığı, yaxud birdən-birə ortaya çıxdığını söyləmək çox çətindir: “Bu barədə hər hansı məlumata malik deyiləm. Amma son zamanlar Ermənistan rəsmilərinin Rusiyaya səfərlərini, anlaşılmazlığa səbəb olan bir sıra məqamları nəzərə alsaq, belə bir görüşə zərurət yarandığını söyləmək olar. Eyni zamanda hesab edirəm ki, bu, son illərin ən kritik səfərlərindən biridir”.
Ekspertin fikrincə, görüşün nəticələri barədə öncədən fikir söyləmək çox çətindir: “Bütün hallarda belə görüşlər informasiya mübadiləsi, mövqelərin uzlaşdırılması baxımından çox önəmlidir. Bu gün regionda elə vəziyyət yaranıb ki, istənilən gərginlik, qarşıdurma, fikir ayrılığı kritik böhran vəziyyətinə səbəb ola bilər”. E.Mirzəbəyli hesab edir ki, bu həssas dönəmdə təxribat üçün imkan aça biləcək boşluqlara yol verilməməlidir: “Hazırda münaqişənin tənzimlənməsi ilə bağlı proqnozlaşdırılması olduqca çətin olan bir durum yaranıb. Proseslərin inkişafı ilə bağlı yekun fikir söyləmək mümkün deyil. Rusiyanın diqqəti ölkənin iqtisadi problemlərinə, Suriya böhranına yönəlib. Moskva regiondakı mövqelərini qlobal gücə çevrilməklə bərpa etmək istəyir. Çünki Moskvanın regiondakı mövqelərini möhkəmləndirərək qlobal gücə çevrilmək imkanı demək olar ki, yoxdur. Bu baxımdan da Rusiya Suriya böhranı çözülənə və Ermənistanda keçiriləcək parlament seçkiləri başa çatanadək mövcud status-kvonun qorunub saxlanılmasına çalışacaq. Yəni görüşün nəticələrindən asılı olmayaraq, aprel ayını gözləmək daha doğru olar”.
Bu arada prezident İlham Əliyev rəsmi Bakının Qarabağın taleyi ilə bağlı prinsipial mövqeyini bir daha bəyan etdi. Dövlət başçısı qeyd etdi ki, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. “Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik. Bax, budur bu qətnamələrin əsas mahiyyəti. Ancaq Ermənistan buna məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir”.
Bəzi müşahidəçilərin fikrincə, ölkə başçısı bununla dolayısı ilə Moskvadan səslənən son bəyanata cavab verib. Ardınca Məmmədyarovun Rusiyaya getməsinin arxasında həm də prezidentin iradəsi dayanır. Ümumilikdə belə yanaşma da var ki, erməni lobbisi Bakı-Moskva münasibətlərini bu dəfə də korlamağa nail ola bilmədi və Azərbaycanın bölgədəki roluna xüsusi önəm verən Rusiyanın son görüş təşəbbüsü bundan xəbər verir. E.Mirzəbəyli də iki dövlətin münasibətlərində ciddi bir çat yarandığını düşünmür.
“Prezident İlham Əliyevin də məhz Lavrova cavab verdiyini söyləmək doğru olmazdı. Cənab prezident hərbi hissənin açılışında ölkəmizin problemin həlli ilə bağli mövqeyini bir daha açıqlamış oldu. Bu, Azərbaycanın illər ərzində dəyişməyən və heç vaxt dəyişməyəcək rəsmi mövqeyidir” - ekspert əlavə etdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Azərbaycan XİN rəhbərinin Moskvaya səfərindən real nəticə gözləməyə dəyməz: “Sadəcə, Lavrov bir neçə gün əvvəl erməni həmkarı Edvard Nalbəndyanı Moskvaya dəvət etmişdi, ”balans" pozulmasın deyə, indi də azərbaycanlı həmkarını fikir mübadiləsi üçün çağırıb. Lavrov münaqişənin həllinə baxışını məlum mətbuat konfransında bildirib və bu “həll” Azərbaycanın maraqlarına cavab vermir. Lavrovun mövqeyində bir neçə günün içində dəyişiklik gözləmək yersizdir. Ona görə də Lavrov həmkarları ilə görüşdə onları atəşkəsə riayət etməyə çağıracaq. Bu da Azərbaycanın maraqlarına ziddir".
E.Şahinoğlu hesab edir ki, işğalçı daima təzyiq altında saxlanılmalıdır: “Münaqişənin həlli prosesi başlamadan atəşkəsin uzanmasına verilən dəstək rəsmi İrəvanın maraqlarına xidmət edir. Belə baxanda Lavrovun məlum mətbuat konfransında dediyi ”Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil" fikrinə ilk etiraz edən rəsmimiz elə Elmar Məmmədyarov idi. Məmmədyarovun açıqlamasında əsas fikir bundan ibarət idi ki, Rusiya istəsə, Ermənistan hakimiyyətinə təsir edib münaqişənin həllini sürətləndirə bilər. Bu fikrin tərsi budur ki, Rusiya istəmir ki, münaqişə həll olunsun. Ona görə də bir neçə gün əvvəl nazirlər arasında bu cür söz dueli yaşanarkən, ikisinin Moskvada görüşünü, sadəcə, diplomatik jest kimi qiymətləndirmək mümkündür. Lavrov Ermənistanın mövqeyini dəstəkləyir, “mərhələli” deyil, “paket həll” variantının tərəfdarıdır, başqa sözlə, Dağlıq Qarabağa veriləcək status mexanizminin bəri başdan müəyyənləşdirilməsini istəyir".

Həmkarından fərqli olaraq E.Şahinoğlu Azərbaycan dövlət başçısının son mesajlarını təsadüf hesab etmir: “Təsadüfi deyil ki, prezident İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışındakı çıxışında Sergey Lavrovun və Ermənistan prezidenti Serj Sərkisyanın adını çəkmədən hər ikisinin cavabını verdi. ”Erməni işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT qətnamələrini kimsə unudubsa, biz bunu yada sala bilərik. Ermənistan bu qətnamələrə məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir" - prezidentin bu açıqlaması Lavrova mesaj idi. Lavrov bu qətnamələri unuda bilməz, çünki uzun illər Rusiyanın BMT-dəki nümayəndəsi olub. İlham Əliyevin hərbçilər qarşısında çıxışı zamanı dediyi “Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə, olaraq, formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir” cümləsi də Rusiyaya aiddir. Ermənistanın hansı dövlətdən asılı olduğunu hamı bilir. Prezidentin “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir” fikri isə bir daha Serj Sərkisyana xəbərdarlıqdır. Ortada bütün bunlar varkən Məmmədyarovun Moskvaya bir yox, davamlı səfərləri də heç nəyi dəyişməz. Atəşkəs yalnız cəbhə bölgəsində pozulmur, atəşkəs beyinlərdə və verilən açıqlamalarda daima pozulur".
Politoloq hesab edir ki, E. Məmmədyarovun Moskva səfərinin yekunu azərbaycanlı hərbçinin nəşinin qaytarılması da ola bilər: “Başqa sözlə, Moskva Azərbaycanla Ermənistan arasında əsas vasitəçi - söz sahibi olduğunu bir daha hamıya göstərmək üçün hərbçimizin nəşinin Azərbaycana qaytarılmasını təmin edə bilər. Bu onun imkanı daxilindədir. Doğrudur, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bir müddət öncə bu suala konkret cavab verməkdən yayınmışdı. Ancaq bu dəfə onun şefi təşəbbüsü ələ alaraq azərbaycanlı hərbçinin nəşinin geri qaytarılmasını sürətləndirə bilər. Bəlkə də Lavrovun erməni və azərbaycanlı həmkarlarıyla görüşünün məğzini də elə bu mövzu təşkil edirdi. Hadisələrin bu istiqamətdə inkişafı İrəvanın da maraqlarına xidmət edir. İrəvan Rusiyaya bağlığını göstərmək üçün avropalıların deyil, məhz rusiyalı rəsmilərin ”xahişi" - əslində tələbi ilə - azərbaycanlı hərbçinin nəşini qaytara bilər. Yəni faktiki həm İrəvan, həm də Moskva girov saxlanılan hərbçimizin nəşindən öz geosiyasi məqsədləri üçün istifadə edirlər. Ancaq məsələnin uzanması da istisna deyil".
