ABŞ-dakı səs-küylü prezident seçkilərinin ardından indi də dünyanın diqqəti Almaniyaya yönəlib. Sentyabrın 24-də bu ölkədə keçiriləcək parlament seçkilərindən sonra kansler dəyişikliyinin olacağı barədə fikirlər meydana çıxıb. Artıq Almaniya Sosial Demokrat Partiyasının kansler postuna namizədi açıqlanıb. Bu, Avropa Parlamentinin keçmiş sədri Martin Şultsdur. Şultsun seçkilərdə daha şanslı olduğu deyilir.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli solçuların iqtidara gəlmə şanslarının az olduğunu düşünür: “Sollar hakimiyyətə gələrsə, daxili siyasətdə düşünürəm ki, miqrantlara qarşı siyasət yumşalacaq. Onlara əlavə təminatlar ödəniləcək.
Amma miqrant axınının qarşısını sollar da çalışacaqlar ki, alsınlar. Xarici siyasətdə Amerikadan daha müstəqil siyasət yürütməyə cəhd edəcəklər. Bunun üçün də ilk öncə AB-də Almaniyanın dominantlığını, liderliyini qoruyub saxlayacaqlar. Rusiya ilə daha yumşaq siyasət apara bilərlər. Amma əksinə, Türkiyə ilə siyasət sərtləşə bilər. Ancaq onların hakimiyyətə gəlmək perspektivini az sayıram. Çünki indi Avropada bir sağ-milliyyətçi rüzgarı əsir. Merkelin miqrant siyasəti ilə almanların bəzi hissəsi narazı qalsa da, düşünürəm ki, yenə sağlar qalib gələcək. Kreml çalışacaq seçkiyə təsir etsin. Məsələn, hansısa partiyalara, KİV-lərə, QHT-lərə maliyyə dəstəyi versin və ya haker hücumları təşkil etsin. Amma bilavasitə vətəndaşların səsverməsinə müdaxilə edəcəklərini düşünmürəm. Çünki ABŞ-dan fərqli olaraq, Almaniyada seçki mexanizminə müdaxilə etmək daha çətindir. Almaniyada parlamentar və proporsional sistem olduğu üçün seçki daha şəffafdır və seçki daha şəffafdırsa, ona müdaxilə də daha çətindir”.
Politoloq Şultsun namizədliyinə də toxundu: “SDP sədrliyinə vəzifəsinə bu partiyanın ən önəmli fiquru olan Martin Şultsun gətirilməsi Merkelin nə qədər çətin rəqib olacağının göstəricisidir. Şults Almaniya və Avropada tanınmış siyasətçidir, amma Merkelin də kansler olduğu müddətdə dünya siyasətinin önəmli simalarından birinə çevrilməsi danılmaz faktdır. Avropa Parlamentinin keçmiş sədrinin Almaniya kanslerinə məğlub olacağını düşünürəm. Almaniya Avropanın birinci, dünyanın ikinci iqtisadiyyatıdır. Bu nailiyyətin ən azı bir hissəsi Merkelin sağ iqtidarının dövrünə yazılır. Bu uğurdan göstərici kimi seçki marafonu zamanı sağlar istifadə edəcək”.
AXCP sədrliyinə sabiq namizəd, siyasi ekspert Sahib Kərimli isə Almaniyada yeni simaların hakimiyyətə gəlişlərinin mümkün olduğunu düşünür: “Son illər Qərbdəki sağ mərkəzçi ənənəvi siyasi qüvvələr mövqelərini solçu və millətçilərə uduzurlar. İri maliyyə mərkəzlərinə yaxınlığı ilə tanınan siyasilərin cəmiyyətlərində ciddi reputasiya itirməsi prosesinə bir çox faktorlar təsir edib. Problemlərin həll edilməməsi, yenilik istəyi, qloballaşma əleyhdarları, solçu və millətçi cərəyanların təsiri ilə yeni simaların hakimiyyətə gəlməsi ehtimalı böyükdür. Konkret olaraq Almaniyada solların hakimiyyətə gəlməsi ehtimalı keçən seçkilərdə də yüksək idi. Merkel çox az fərqlə qalib gəlmişdi. Rusiyanın da Qərbdə baş verən proseslərə ciddi müdaxilələri var. Rusiya son on ildə siyasi və iqtisadi maraqları üçün ciddi əks siyasi həmlələr etdi. Avropada olan siyasilərlə, partiyalarla ciddi əməkdaşlıqlar etdilər. Artıq Avropa dövlətlərinin çoxunun parlament və hökumətlərində Rusiyanın dostları var.
Xüsusilə sollar bu əməkdaşlıqda həvəslidirlər. Rusiya slans qazının sənayedə istifadəsinin zərərli olması ilə bağlı ictimai rəy formalaşdırmaqla iqtisadi maraqlarını qoruyur. Bunun üçün ekologiya ilə məşğul olan QHT-lərlə ciddi iş qurub, vəsaitlər xərcləyirlər. Avropanın sənaye mərkəzi olan, Rusiya üçün əhəmiyyətli bazar hesab olunan Almaniyada Yaşıllar Partiyası ciddi siyasi çəkiyə malikdir. Rusiyanın əlində ciddi təsir imkanları var və bundan istifadə edir. Neftin qiymətinin düşürülməsi və Rusiyanın maliyyə imkanlarının məhdudlaşdırılmasında əsas səbəblərdən birincisi onun əks-siyasi və hərbi həmlələri idi. Bu mənzərənin yaranmasında Qərbin liberal siyasətçilərinin də günahı az deyil. Demokratik dəyərlərin yayılması üçün üzərlərinə düşən məsuliyyəti dərk etmədilər, korrupsiyaya bulaşdılar. Yanlış işləri ona gətirib çıxardı ki, Rusiya nəinki Avropanın şərqində, hətta bütün Qərbdə ciddi siyasi təsirlərə sahibləndi”.
Cia.az
