|
Erməni olduğu yazılan diaspora rəhbərinin xanımından sərt etiraz
İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri, İsveçdəki Azərbaycan diasporunun rəhbəri Səttar Sevigin erməni qızı ilə ailə həyatı qurması haqda xəbər yayılıb. Məlumatda deyilir ki, Səttar Sevigin uzun ildir bir yerdə yaşadığı və əslən Cənubi Azərbaycandan olan həyat yoldaşı Əfsanə Seviginlə münasibətlərinə son verib, sonra isə erməni qızı ilə yaşamağa başlayıb, tək qaldığını anlayan Əfsanə Sevigin isə Bakıya qayıdıb.

İddiaya görə azərbaycanlı diaspor rəhbəri Gemma Garavelli adlı erməni xanımla ailə həyatı qurub. Gemma Garavelli artıq Səttar Seviginin soyadını daşıyır.
 
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, bu xəbər həqiqəti əks etdirmir. G.Garavelli kimi təqdim edilən xanım azərbaycanlı Cəmilə Qaravəlliyevadır. C.Qaravəlliyeva uzun illər “Space” kanalında çalışıb. 
 
“Ədalət” qəzetinin baş redaktoru, tanınmış publisist İradə Tuncay da bu xanım barədə yazılanların həqiqəti əks etdirmədiyini sosial şəbəkədəki statusunda bildirib: “Mən bu qızla beş il bir otaqda oturmuşam. Qızım demişəm ona. Nadir mədəniyyəti, zəkası, savadı, nəzakəti olan kəslərdəndi. Yəqin bizim mətbuat belə keyfiyyətlərin bizim millətə aid olmadığını düşündüyündən belə böhtan atır. Ola bilər, sizlər belə deyilsiz, amma bu qız bizdəndi”. 
 
Image result for İradə Tuncay
 
İ.Tuncay daha sonra C.Qaravəlliyevanın rus dilində yazdığı bir yazını da paylaşıb. C.Qaravəlliyeva yazıb ki, son günlər adının hallandırıldığı böhtan onu yaralayıb və ürəyinin dərinliyinə qədər sarsıdıb. Və bu sarsılma ikiqat ağır olub: “Mənim babamın Ağayev Musa İsgəndər oğlunun valideynləri 20-ci əsrin əvvəllərindəki erməni genosidi zamanı Şuşada öldürülüb. O və qardaşı möcüzə nəticəsində sağ qalıb. Yetim qaldığı üçün bir çox çətinliklər yaşayıb. Sovet hakimiyyəti illərində repressiya qurbanı olmamaq üçün babam həmin faktı gizlətmək zorunda qalıb. Heç nəyə baxmayaraq, yüksək səviyyəli ali təhsil alıb və Azərbaycanın ləyaqətli oğlanlarından biri olub. Eyni zamanda bizim respublikanın professional-texniki təhsil bazasına qatqılarını da unuda bilmərəm”. 

O, babasına 1941-45-ci illərdəki Böyük Vətən Müharibəsi zamanı medal verildiyini və cavan yaşlarında dünyasını dəyişdiyini deyib. C.Qaravəlliyeva eyni zamanda nənəsi Tamara xanım barədə də yazıb. Qeyd edib ki, müharibə başlayanda könüllü kimi sıralara qoşulub. Müharibə illərində isə Bakının qorunması əməliyyatlarında iştirak edib, orden və medallarla təltif olunub: “Ata tərəfdən əcdadlarıma gəlincə, bu, sizə maraqlıdırsa, İsmayıl Umudlunun müəllifi olduğu ”Dağ Kəsəmən"i oxuyun. Mənim rəhmətlik babam Əhməd Mustafayeviç iqtisadçı alim, professor olub, uzun illər Azərbaycan İqtisadiyyat Universitetinin dekanı olub. O, 50-dən artıq elmi əsərin müəllifidir. Onun həyat yoldaşı, mənim nənəm Fəridə xanımsa Azərbaycan Dövlət Universitetində ingilis dili müəlliməsi olub. Bütün bunları ona görə yazıram ki, mənim adımı ləkələyən psevdo-jurnalistlər oxuyub utansınlar. Ona görə ayıbdır ki, siz ləyaqətli insanların, Azərbaycanın ləyaqətli oğul və qızlarının xatirəsini ləkələyirsiniz. İndi isə mən sizdən soruşmaq istəyirəm: mənə və ailəmə vurulan mənəvi ziyana görə kim cavab verəcək?". 
 
C.Qaravəlliyeva onu və ailəsini ləkələməyə çalışanları Allaha həvalə edib. 
cia.az