|
Məcburi köçkünlərlə bağlı fərmana deputatlardan dəstək
Prezident İlham Əliyev yanvarın 23-də məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
 
AZƏRTAC xəbər verir ki, imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib.
 
Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib, dövlət başçısına məlumat vermək, prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb ölkə başçısına təqdim etmək tapşırılıb.
 
Məcburi köçkünlər arasında gəzən söz-söhbətlərə görə, nəzərdə tutulan qaydalara əsasən, bir sıra şəxslər müavinətdən məhrum olacaqlar. Rəsmi şəkildə açıqlanmasa da, adlarına avtomobil, torpaq sahəsi olan, dövlət idarələrində çalışan məcburi köçkünlərin bu məbləğdən məhrum olacaqları iddia olunur.
Xocalıdan olan YAP-çı deputat Elman Məmmədov fərmana mövqeyini bu cür ifadə etdi: “Mən də məcburi köçkünəm. Bu ilə qədər həmin müavinətə çörək pulu deyirdik, məbləğ məcburi köçkünün pul kartına köçürülürdü. Məcburi köçkün də onu pul formasında alırdı. Amma kommunal xərclərə görə dövlət büdcəsindən ”Qaçqınkom"a pul ayrılırdı, komitə də həmin məbləği aidiyyəti qurumlar arasında bölüşdürürdü. Bu fərmanın verilməsində əsas məqsəd ondan ibarətdir ki, dövlət büdcəsindən məcburi köçkünə çörək pulu, kommunal xidmətlər üçün nə qədər pul ayrılıbsa, bu məbləğ bundan sonra onların pul kartına köçürüləcək. Maliyyəçilər, iqtisadçılar hesablayıblar və müəyyən ediblər ki, məbləğ 36 manat dəyərindədir. Bu məbləği alan məcburi köçkünün artıq özü müəyyən edəcək ki, bu məbləğdən nə  qədər elektrik enerjisinə, nə qədər qaza və başqa şeylərə sərf edəcək.
 
Aidiyyəti təşkilatlar arasında indiyə qədər bu xərclərlə bağlı əlaqələr, yazışmalar-filan aparılırdı və bəzən deyilirdi ki, neqativ hallar ola bilər. Məhz bunların qarşısını almaq üçün dövlət istəyir ki, verdiyi müavinət birbaşa məcburi köçkünün özünə çatsın. Səmimi deyim ki, tətbiq olunacağı deyilən qaydalarla bağlı heç bir məlumatım yoxdur. Çünki heç bir yerdə bu barədə xəbər oxumamışam. Əgər belə bir qaydalar olsa, yəqin ki, Nazirlər Kabinetinin qərarı formasında olacaq və biz bundan sonra qərarlarla tanış olacağıq. Bu barədə, sadəcə, öz münasibətimi bildirə bilərəm ki, əgər məcburi köçkünün maşını varsa, bu pis hal deyil ki... Oğurluq edib maşın almayıblar ki... Zəhmət çəkib, işləyib və pul qazanıb, bununla da özünə maşın alıb. Biz məcburi köçkünlər olaraq, Amerika, Afrika və digər ölkələrdən gəlməmişik ki... Biz də Azərbaycan vətəndaşıyıq. Allah ermənilərə lənət eləsin, bizi öz doğma torpaqlarımızdan didərgin saldılar. Məcburi olaraq yaşayış yerimizi dəyişdik. Hər bir Azərbaycan vətəndaşı kimi məcburi köçkün də çalışıb, işləyib və özünə şərait yaradıb. Dövlət tərəfindən məcburi köçkün üçün müəyyən edilən güzəştlər o zaman ləğv oluna bilər ki, onun məcburi köçkün statusu ləğv olunsun. Əgər bu status ləğv olunmayıbsa, o zaman məcburi köçkünə dövlət tərəfindən nə verilirsə, onu da almalıdır".  
Cəbrayıldan olan məcburi köçkün, jurnalist Seymur Verdizadə bildirdi ki, məcburi köçkünlər ölkədə aztəminatlı təbəqə sayılır: “Bizdə məcburi qaydada yaşamaq müddəti uzandığına görə aztəminatlı təbəqənin bir hissəsi yaşayış durumlarını yaxşılaşdırıblar. Etiraf etmək lazımdır, elə məcburi köçkün var ki, 100 min manatlıq JEEP  sürür, amma eləsi də var ki, ayda evinə yüz manat apara bilmir. Hesab edirəm ki, verilən fərman icra olunarkən son dərəcə diqqətli olmaq lazımdır. 100 min manatlıq maşın sürən məcburi köçkünlə evinə yüz manat aparan məcburi köçkünü qarışdırmaq olmaz. Ədaləti təmin etmək lazımdır. 36 manata ehtiyacı olan insanların hüquqları tapdalanmamalı, onlar bu məbləğdən məhrum olmamalıdırlar. Adına ev, torpaq sahəsi olan, işlə təmin olunan məcburi köçkünlər düşünürəm ki, 36 manatın davasını aparmamalıdırlar. 36 manatı ailəsini dolandıra bilməyən, uşağını təhsillə təmin edə bilməyən insanlara yönləndirmək lazımdır. Proses təbii axarında getməlidir. Bu problemin ən ədalətli yolu məcburi köçkün problemini tamam həll etməkdən keçir. Qarabağ işğaldan azad olunmalıdır. Belə halda məcburi köçkünlər də öz doğma torpaqlarına qayıdar, müavinətlərə ehtiyac duymazlar. Bu 36 manat bəzi şəxslər var ki, onların ailələrinin problemlərini həll edə bilər. Əgər 36 manatı sürdüyü maşının bir günlük benzininə xərcləyən məcburi köçkün varsa, onu bu hüquqdan məhrum etmək olar. 36 manatı evlərinə çörək apara bilməyən məcburi köçkünlərə versələr, heç olmasa 36 gün evlərinə çörək ala bilərlər”.
 
“Qaçqınkom”un məsələyə münasibətini öyrənməyə çalışsaq da, rəsmi qurumdan zənglərimizə cavab verən olmadı.
 
“Bu daha çox qaçqınların və məcburi köçkünlərin mənafeyini müdafiə edən bir qərardır”.
Bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan yardımların kəsilməsindən söhbət gedə bilməz: “Sadəcə, yardımın ünvanlı, daha dəqiq olması və məcburi köçkünləri diqqətdə saxlamaq üçün belə bir addım atılıb. Fərmana görə, hər adam başına 36 manat müəyyən edilib. Əvvəl onlara işıq, qaz və su üçün verilən yardımlar aidiyyəti qurumların hesabına, yəni ayrı-ayrı təşkilatlara köçürülürdü. Amma indi həmin yardımlar birbaşa şəxslərin özlərinə veriləcək. Onlar da bu yardımdan istədiyi şəkildə istifadə edəcək.”

“Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir”. 
 
Bunu isə  “Trend”ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
 
Related image
 
O qeyd edib ki, fərmanın bir çox müsbət tərəfləri var və məcburi köçkünlərin, onlara bərabər tutulan şəxslərin işini xeyli asanlaşdıracaq: “İndiyə qədər məcburi köçkünlərə yemək xərci müavinəti kart vasitəsilə onların özünə ödənsə də, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər müvafiq təşkilatlara ödənilirdi. Məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idi. Ancaq bundan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac qalmayacaq. Vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyən edəcəklər. Nəzərə alsaq ki, bir ailənin bir neçə üzvü olur, bu, ailə üçün yaxşı bir maddi dəstəkdir”.