Amerikanın yeni prezidenti Donald Tramp inauqurasiyasından sonra sələfi Barak Obamanın təyin etdiyi 80-dən çox səfiri istefaya göndərib. ABŞ-da yeni administrasiya formalaşan zaman səfirlərin istefaya getməsi praktikası mövcuddur. Lakin yeni səfir təyinatı uzun zaman və prosedura qaydaları tələb edən məsələdir.
Belə ki, qanunvericiliyə uyğun olaraq səfirlərin təyinatı bir neçə mərhələdən keçir və Senat tərəfindən təsdiqlənir. Senatın razılığını alan namizəd ABŞ-ı xarici ölkələrdə təmsil edir.
Trampın bu qərarı Azərbaycanda da ciddi müzakirə olunur. Çünki yeni prezident hələ Amerikanın ölkəmizdəki səfiri Robert Sekuta ilə bağlı konkret qərar verməyib. 2015-ci ildə Azərbaycana səfir təyin edilən Sekuta bir neçə gün əvvəl ölkə mediasına bildirib ki, Donald Tramp onu Azərbaycanda saxlasa, qalıb işləyəcək.
Ekspertlərin bu məsələ ilə bağlı mövqeləri birmənalı deyil. Bəziləri hesab edir ki, Tramp hakimiyyətinə yeni dünya siyasəti yürütmək üçün böyük dövlətlərdə səfirləri dəyişmək daha vacibdir. Digər bir qisim də yeni hakimiyyət formalaşdıran Tramp komandasının kadr qıtlığı yaşadığını və bu səbəbdən zaman axarında Sekutanın da geri çağırılacağını düşünür.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Tramp Ağ Evdə daha ciddi işlərlə məşğul olmalıdır: “Tramp deyə bilərdi ki, Obamanın təyin etdiyi səfirləri geri çağıracam. Amma bu işlə konkret Dövlət Departamenti və Trampın yeni təyin etdiyi dövlət katibi və onun müavinləri məşğul olurlar. Məhz onların razılığı ilə 80-dən çox ölkədən səfirlər geri çağırılıb.
Yəqin ki, o ölkələri seçiblər ki, Amerikanın həmin ölkələrlə bağlı yeni siyasəti olacaq. Bu dövlətlərə Amerikanın ciddi əhəmiyyət verəcəyi də görünür. Əslində Sekutanın geri çağırılmaması bizim üçün mənfi hal da ola bilər. Bu o demək olar ki, ABŞ Azərbaycan kimi ölkəyə hələ də bir o qədər əhəmiyyət vermir. Əks halda, Sekutanı geri çağırıb, yeni səfir təyin edər, burada fəallaşmağı düşünərdilər. Sekutanın geri çağırılmaması ilə bağlı daha bir səbəb də ola bilər ki, o da onun yeni təyin olunmasıdır. Yeni səfiri geri çağırmaq düzgün də olmazdı”.
Politoloq Sekutanın fəaliyyətinə də toxundu: “Ondan əvvəlki iki səfir Azərbaycanla sıx əlaqələr qururdu. Onların insan haqları və demokratiya ilə bağlı səfir təyin olunarkən müəyyən açıqlamalarının şahidi olmuşuq. Tənqidləri də var idi ki, bu da hakimiyyətin xoşuna gəlmirdi. Bu da ABŞ-Azərbaycan münasibətlərində istilik yaratmadı. Amma fikir verin, Sekuta səfir təyin olunandan bu günə qədər Azərbaycan hakimiyyətini qıcıqlandıracaq heç bir açıqlama verməyib. Tramp prezident seçiləndən sonra Sekuta bu məsələlərdə daha ehtiyatlı olacaq. Çünki Trampın 16 dəqiqəlik andiçmə mərasimindəki çıxışında demokratiya və insan haqları ilə bağlı bir cümləyə də rast gəlmədik. Trampın dövründə Azərbaycana yeni səfir təyin olunsa belə, heç nə dəyişməyəcək”.
Müxalifətin də Sekuta ilə bağlı mövqeyini aldıq.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, səfirin fəaliyyətinə qiymət vermək o ölkənin öz səlahiyyətində olan məsələdir: “Sekuta Amerika-Azərbaycan maraqlarından çıxış edərək, proseslərə münasibət bildirib. Demokratiya baxımından Amerikanın siyasətini qiymətləndirə bilərik, Sekutanın yox. O bir ölkənin diplomatıdır və həmin ölkənin maraqlarına xidmət edir. Əgər Amerikanın maraqlarına xidmət etməsəydi, onu geri çağırardılar. Bu gün səfir olaraq qalırsa, demək, öz dövlətinin maraqlarını layiqincə təmsil edir”.
VİP sədri Əli Əliyev bildirdi ki, Trampın səfirləri geri çağırması böyük əhəmiyyət kəsb edir: “Siyahıya baxmasam da, hesab edirəm ki, Amerika üçün önəm daşıyan ölkələrdən səfirləri geri çağırıb. Bu proses davamlı olacaq. Sekuta bildirib ki, Tramp etimad göstərərsə, fəaliyyətini davam etdirər. Sekutanın qalması kadr qıtlığı ilə bağlı məsələ ola bilməz. Səfirlərin dəyişməsi ilə bağlı Azərbaycan ikinci dalğada yer ala bilər”.
