Nazirlər Kabineti Azərbaycanda qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcək şirkətlərin qeydiyyata alındığı ofşor zonaların siyahısını təsdiqləyib. Bir neçə gün əvvəl verilən qərar ekspertlər tərəfindən fərqli dəyərləndirilir.
“Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların siyahısı”nın təsdiq edilməsi barədə qərar “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların siyahısı”nı təsdiq edir.
Siyahı qərara əlavə olunur və orada göstərilir ki, aşağıdakı 17 ofşor bölgədə yaradılan şirkətlər Azərbaycanın qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyəcəklər: Anqila, Antiqua və Barbuda, Aruba, Baham adaları, Beliz, Kuk adaları, Qrenada, Maldiv adaları, Nauru, Antill (Niderland), Panama, Samoa, Sent-Kits və Nevis, Seyşel, Turk və Kaykos, Vanuatu və ABŞ Virgin adaları. Marşal, Cersi, Men, Kayman və Britaniyanın Virgin adaları, eləcə də Kipr və Malta kimi təsisçiləri və kapitalının mənşəyi haqda bilgiləri tam və ya qismən gizli saxlayacağına təminat verən ofşor bölgələr bu siyahıda yer almır.
Bildirilir ki, Nazirlər Kabinetinin bu qərarı Azərbaycan hökumətinin ofşor zonaların köməyi ilə vergidən yayınmanın və kapital axınının qarşısının alınmasına yönəlmiş səylərin tərkib hissəsidir. Xatırladaq ki, bundan əvvəl Vergilər Nazirliyi ofşor zonalarda yerləşdirilən vəsaitlərdən vergi tutulmasına dair təklifləri parlamentə təqdim edib.
Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, bütün ofşorlar çirkli pulların yuyulması üçün deyil: “Ümumiyyətlə, iki qrup ofşorlar var, bəzi ofşorlar vergi hesabınadır, bəzilərində isə güzəştli vergilər tətbiq edilir. Burada söhbət və güzəştli vergi qiymətlərindən gedir. Nazirlər Kabineti hansı meyarlarla bəzi ofşorlara icazə verdiyini müəyyənləşdirmək çətindir. Ofşorlar seçilən zaman onların xarakterinə və qiymətləndirməsinə ehtiyac var. Bəzi ofşorlar praktik olaraq çirkli pulların yuyulması üçün formalaşdırılır. Bəzi ofşorlarda isə konkret olaraq müəyyən vergi güzəştləri var.
Bir sıra adalarda çirkli pulların yuyulması hallarına rast gəlinmir. Kriteriya bu olmalıdır, hansı ofşorlarda ki, çirkli pullar yuyulur, həmin ofşorları nəinki qiymətli kağızlar bazarına, bütövlükdə iqtisadiyyatın müxtəlif sferalarında iştirakının qadağan edilməsinə ehtiyac var. Ümumiyyətlə, bu cür ofşorların tenderlərdə iştirakı qadağan edilməlidir. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, bu, qadağan edilib. Bu baxımdan təbii ki, kateqoriya, meyarlar o olmalıdır ki, hansı ofşorlardakı çirkli pulların yuyulması halları varsa, onların digər sektorlarda iştirakı qadağan edilməlidir. Amma praktik olaraq çirkli pulların yuyulmasında iştirak etməyən ofşor zonaların investisiyalara cəlb edilməsi mümkündür”.
Ekspert Qubad İbadoğluna görə isə, əslində o siyahıda adı olan ofşorlarda Azərbaycan hökuməti və Azərbaycan Dövlət Neft Fondunun da sərmayələri var: “Bu baxımdan, o siyahıda adı olan ofşor zonalarla, ofşor zonaya malik olan ölkələrlə hesablaşmaların məhdudlaşdırılması düzgün yanaşma deyil. Düşünürəm ki, siyahı sahibkarların imkanlarının azaldılmasına xidmət edir. Necə ola bilər ki, Dövlət Neft Fondu ofşorlara sərmayə yatıra bilər, müəyyən əməliyyatlar apara bilər, amma yerli sahibkarlarımız üçün bu istiqamətdə fəaliyyətə məhdudiyyətlər tətbiq edilir?”
Yada salaq ki, siyahıda Britaniya Virgin adaları, Men, Cersi, Kayman adaları və s kimi məşhur ofşorlar yoxdur. Hüquqşünas Əkrəm Həsənov Turan-a müsahibəsində deyib ki, Nazirlər Kabinetinin məntiqi aydın deyil: “Siyahıda Britaniya, Niderland kimi ölkələrin əraziləri də var, müstəqil dövlətlər də. Amma bu tipli başqa ofşorlar da var ki, siyahıda adları yoxdur. Hər hansı ofşor zonaya dair məhdudlaşdırmanın ya siyasi, ya da iqtisadi səbəbi olmalıdır. Siyasi səbəb: məsələn, Azərbaycana düşmən mövqe və ya düşmənimizlə dostluq və s. və i.a. İqtisadi səbəb: ofşorun verdiyi imkanlar iqtisadiyyatımıza zərər vurur, məsələn, vergi dərəcələri çox aşağıdır, yaxud heç yoxdur və s. Nazirlər Kabineti siyahısını əsaslandırmayıb”.
Ekspertin fikrincə, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa ziddir. Qanunun 48.2.1-ci maddəsinə əsasən, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması olmalıdır. Lakin reallıqda əksər hallarda belə əsaslandırmalar ya yoxdur, ya da çox bəsitdir: “Konkret halda hesab etmək olar ki, siyahı konkret maraqlara xidmət edir: artıq mövcud səhmdarların mənsub olduqları ofşor zonalar daxil edilməyib”. Nazirlər Kabinetinin qərarı 1 iyul 2015-ci ildə qüvvəyə minən “Qiymətli kağızlar bazarı haqqında” AR Qanununun icrasını təmin etmək məqsədi ilə qəbul edilib.
cia.az
