Rusiya xarici ölkələrdən orden və medal alanlarla bağlı qərar qəbul edib. Belə ki, xarici ölkə mükafatlarına layiq görülən senatorlar əvvəlcə Federasiya Şurasından icazə almalıdırlar. Yalnız bundan sonra onlar layiq görüldükləri orden və medalları ala bilərlər.
Şimal qonşumuzun bu qərarı Azərbaycanda da bu mövzunu diqqətə gətirib. Çünki Azərbaycan hökumətinin yüksək postlarında təmsil olunan bir çox məmurlar Rusiya daxil olmaqla, bir sıra dövlətlərin orden və medalları ilə təltif olunurlar. Ekspertlər hesab edirlər ki, Kremli bu qərarı qəbul etməyə vadar edən ən başlıca səbəb belə şəxslərin mükafat aldıqları ölkələrin təsir dairəsinə düşmək qorxusudur.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu qərar mükafat verən ölkələrin aşağılanması anlamına gəlir: “Rusiya Federasiya Şurasının senatorlara verilməsi planlaşdırılan xarici ölkənin orden və medalları şura rəhbərliyi və Xarici İşlər Nazirliyi ilə razılaşdırması nonsensdir. Bunun nonsens olduğunu rusiyalı senatorlardan biri də qeyd edib. Deməli, hansısa ölkənin rəhbərliyi senatora orden vermək məqsədilə ona zəng edir, o isə cavabında deyir ki, ”bilirsiz, mən bu məsələni rəhbərliklə razılaşdırmalıyam", sonradan da cavab verir ki, “bilirsiniz, rəhbərlik sizin medala məni layiq görmədi”. Bu isə faktiki həmin dövlətin aşağılanmasıdır. Görünür, Rusiya hakimiyyəti yeni dəyişiklik vasitəsilə senatorları və eləcə də deputatları nəzarət altında saxlamaq istəyir, hər verilən xarici ölkə medalını və ordeni siyasi rüşvət kimi dəyərləndirir. Başqa sözlə, hansısa xarici ölkədən orden və medal alan şəxs sonra həmin ölkə üçün lobbiçilik etməlidir. Yəni Kreml öz siyasətçilərinə və məmurlarına arxayın deyil. Rusiya öz daxilində ciddi nəzarət mexanizmi tətbiq edərkən kənarda fərqli siyasət həyata keçirir. Rusiyanın xarici ölkə vətəndaşlarına payladığı orden və medallar yüksək səviyyədə razılaşdırılır. Kreml kimə gəldi orden və medal vermir. Yəni tutaq ki, Rusiya prezidenti Vladimir Putinin razılığını almadan hansısa xarici ölkə vətəndaşına yüksək orden və medalların verilməsi mümkün deyil. Xarici ölkə vətəndaşarına verilən orden və medallar da xüsusi nəzarət tələb edir. Məsələn, aydındır ki, Kreml heç zaman Rusiyanın maraqları ilə hesablaşmayan şəxsə orden və medal verməz".
Politoloq Rusiyanın özünün yalnız inandığı şəxslərə mükafatlar verdiyini də qeyd etdi: “Rusiya o şəxslərə orden və medal verir ki, onlara tam inansın. Məsələn, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın dövlət katibi təyin etdiyi şəxsə də vaxtilə medal verib. O, həmin vaxt siyasətçi deyildi, böyük bir neft şirkətinin rəhbəri idi. İndi Putin ümidlidir ki, Amerikanın yeni dövlət katibi aldığı medala uyğun siyasət həyata keçirəcək, ən azı Rusiyanın regional maraqlarını nəzərə alacaq. Əlbəttə, bunun məhz belə olacağını söyləmək çətindir. Amerika Rusiyanın rəqibidir və bu ölkənin dövlət katibi Rusiyaya birmənalı dost ola bilməz. Ancaq evində saxladığı və Putinin əlindən aldığı medal hər zaman onu narahat edəcək, ”adam duz-çörəyi yerə vurmaz" prinsipini əlində rəhbər tutaraq Barak Obamanın dövründə olduğu kimi Rusiyanı düşmən elan etməyəcək, harda mümkündür əməkdaşlığa çalışacaq. Amerika Birləşmiş Ştatlarının hansısa xarici ölkə liderinə orden və medal verdiyini eşitməmişəm. Amerikada belə bir ənənə yoxdur. Fransa və bəzi Avropa ölkələri nadir hallarda xarici ölkə vətəndaşlarına orden və medal verirlər. Çünki Qərb ölkələrinin bu yolla xarici ölkə vətəndaşlarını ələ almağa ehtiyac yoxdur".
