|
MTN generallarının işi üzrə məhkəmənin yeri dəyişdirilib
Ləğv edilmiş MTN generallarının cinayət işi üzrə məhkəmə prosesi Sabunçu rayon Məhkəməsində keçiriləcək.
APA-nın məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yanvarın 19-da başlayacaq.
İclasa Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənov sədrlik edəcək. İclasın Sabunçu rayon Məhkəməsində keçirilməsinə səbəb Bakı Hərbi Məhkəməsində geniş iclas zalının olmaması ilə əsaslandırılır.
Qeyd edək ki, bundan əvvəl verilən məlumatda iclasın Yasamal rayon Məhkəməsində keçiriləcəyi bildirilirdi.
 
Təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Cia.az