|
Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı səsvermənin ikinci mərhələsi başlayır
Türkiyə parlamentində konstitusiya dəyişikliyi ilə bağlı səsvermənin birinci mərhələsi başa çatıb. Səsvermənin ikinci turu yanvarın 18-dən etibarən başlayacaq.  

Əvvəlcədən də bəlli olduğu kimi, səsvermənin birinci turunda bütün maddələr ayrılıqda müzakirə olunur, partiyaların əlavə və düzəlişləri qeydə alındıqdan sonra yekun maddə ilə bağlı səsvermə keçirilir. Ancaq qaydalara əsasən, ikinci turda müzakirələr əsasən təklif olunan dəyişikliklərlə bağlı olacaq. Bu səbəbdən də uzun vaxt tələb etməyəcəyi gözlənilir. 
Ancaq ikinci turda səsvermənin nəticələri həlledici olacaq. Bu turda 330 və ya daha çox deputatın dəstəyini alan maddə referenduma çıxarılacaq. 330-dan az deputatın səs verdiyi maddə isə qəbul edilməyəcək, referenduma təqdim olunmayacaq. “Əl-Cəzirə-Türk” saytının bildirdiyinə görə, burada maddələr bir-biri ilə bağlı olduğundan maddələrdən birinin qəbul olunmaması digər maddələrə də təsir edə bilər və hətta bütövlükdə dəyişikliklərin rədd olunmasına gətirə bilər. 
 
Ancaq əgər ikinci turda da müsbət nəticə çıxarsa, bundan sonra ölkə prezidentinin 15 gün ərzində qanunu təsdiqləməsi və referenduma təqdim etməsi lazımdır. Ardınca dəyişikliklər referenduma çıxarılacaq. Prezidentin imzalamasından sonra 60 gün ərzində referendum keçirilməlidir. 
 
Qeyd edək ki, Türkiyə mediası yazır ki,  ötən həftə ardıcıl keçirilən müzakirə və səsvermələr zamanı hökumətin təklif etdiyi dəyişikliklərin yalnız biri 338 səs alıb, yerdə qalanlar isə 340-dan çox deputatın dəstəyini alıb. Hazırkı məclisdə AKP-nin 315 mandatı var, lakin məclis spikeri hakim partiyadan olduğu üçün bir səs burda itirir. Ancaq əvəzində Milliyyətçi Hərəkat Partiyası AKP-yə dəstək verəcəyini bəyan edib. MHP-nin hazırda 39 deputatı var, onlardan yalnız 5 nəfəri “yox” deyəcəyini söylədiyi üçün 34 MHP üzvünün hökuməti dəstəkləyəcəyi, yəni AKP-nin 349 səsinin olduğu güman edilir.
 
Hökumətin təklif etdiyi 18 maddədən ibarət konstitusiya dəyişikliyi paketində əsas maddə təbii ki, “güclü prezident” sistemidir. 
 
Yeni dəyişiklik təklifinə əsasən baş nazir postu ləğv olunur, icra hakimiyyətinin başçısı prezident olur. Prezident partiya sədri ola bilər, eyni zamanda parlamenti buraxmaq səlahiyyətləri əldə edə bilir. Ancaq bu zaman yeni prezident seçkiləri də keçiriləcək. “Türk üsulu prezidentlik” sistemi adı verilən bu dəyişiklik prezidentin gücünü və təsir imkanlarını artırır, parlamenti isə zəiflədir. Bu isə müxalifətin ciddi etirazına səbəb olub. 

Müzakirələrin aparılması üçün son tarix yanvarın 23-dür.