|
Azərbaycandakı özbək kökənli şəxslər – onlardan təhlükə varmı...
Türkiyədə “Reina” əyləncə mərkəzində qətliam törədən, 39 nəfərin qatili olan terrorist Abdulkadir Maşaripov  yanvarın 16-da yaxalanıb. Araşdırmalar nəticəsində məlum olub ki, İŞİD terror qruplaşmasının üzvü olan Abdulkadir Maşaripov Özbəkistan vətəndaşıdır və Türkiyə sərhədlərini qanunsuz olaraq keçib.
 
Azərbaycanla da Özbəkistanın sıx və tarixə bağlanan əlaqələri mövcuddur.  Eyni zamanda özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün isə 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 

Paralel olaraq, Azərbaycanda da Özbəkistan vətəndaşları, özbək əsilli şəxslər var. Onlardan hansısa bir təhlükə varmı? 
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov “Yeni Müsavat”a  bildirib ki, hazırda Azərbaycanda əmək miqrantı qismində 1800-dən çox Özbəkistan vətəndaşı yaşayır: “Ölkə ərazisindəki miqrantlar ya qanunauyğun olaraq hasısa viza müddətində, yaxud da əməkçi kimi burada yaşayırlar. Özbəkistan Respublikasının vətəndaşları Azərbaycana vizasız gəliş-gediş hüququna malikdirlər. Azərbaycanda onların qalma müddəti 90 gündür. Əməkçi miqrantlar isə ölkə ərazisində olduqları zaman hansısa işəgötürən qurumla əmək müqaviləsi bağlayaraq, qanuni əsaslarla ölkədə qalırlar. Əməkçi miqrantlar Dövlət Sosial Müdafiə Fondunda da qeydiyyatda olurlar. Hazırda Azərbaycanda əmək miqrantı qismində olan Özbəkistan vətəndaşlarının sayı 1800 nəfərdən bir qədər çoxdur. 2016-cı ilin dekabr ayı üçün Özbəkistandan olan əmək miqrantlarının sayı 1817 nəfər göstərilib. Bu, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan bütün əmək miqrantlarının 5 faizini təşkil edir. Ümumilikdə, 90 gün yaşamaq hüququ alan miqrantların da sayını nəzərə alarsaq, bu rəqəm bir neçə mindir. Əminəm ki, Azərbaycana gələn və burada qanuni əsaslarla yaşayan miqrantların hər birinin bütün fəaliyyətləri barəsində Dövlət Miqrasiya Xidmətində  və digər müvafiq dövlət qurumlarında məlumatlar var. Çünki bu barədə çox işlər görülür. Ümumiyyətlə, miqrant məsələsində Türkiyə ilə fərqimiz böyükdür. Türkiyədə yaşayan miqrantların sayı milyonlarladır. Təkcə elə Suriya hadisələrindən sonra Türkiyə ərazisinə sığınan qaçqınların sayı təqribən 3 milyondan yuxarı olub. Buna görə də Türkiyə hökuməti üçün çoxsaylı miqrant ordusu barəsində zəruri informasiyaların toplanması müəyyən mürəkkəb vəziyyət yarada bilər. Azərbaycana qaçqın kimi gələnlərin sayı təqribən 1400 nəfərdir. Ümumilikdə isə təqribən 34 minə qədər də Azərbaycanda əmək miqrantı var. Yəni bu, elə də böyük rəqəm deyil. Bu baxımdan, düşünürəm ki, bizim müvafiq orqanlar onlar üzərində tam nazarətə sahibdirlər”.
Dəfələrlə Özbəkistanda səfərdə olan politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, özbəklər xarakter etibarı ilə sakitdirlər: “Mən Özbəkistanda olmaqla bərabər, həm də özbəklərlə birlikdə hərbi xidmət də yerinə yetirmişəm. Özbəkləri çox sakit təbiətli, zəhmətsevər, üzüyola, gərginlik yaratmağa meyli olmayan, tolerant bir xalq kimi görmüşəm. Türk millətlərinin içərisində deyərdim ki, özbəklər xeyli sakit və tolerant millətdir. Onlara verilən əmr və tapşırıqlara çox üzüyola riayət edirlər. Hər hansı siyasi qalmaqal və ya qarşıdurma meyllərindən isə hər zaman qaçarlar. Ancaq bu da faktdır ki, son zamanlar Özbəkistanda bir sıra dini qruplaşmaların yayılması haqqında məlumatlar var.  Hər halda, sovet dövründə tərbiyə almış özbək xalqı tamamilə başqa cür idi. Deyərdim ki, o zaman özbəklər çox tərbiyəli və mədəni, dünyagörüşü olan, dini mexanizmlərdən kənar xalq idi.  Doğrudur, sovet hakimiyyətinin ilk illərində ”basmaçılar" deyilən antisovet hərəkatı var idi ki, onun özəyini də özbəklər təşkil edirdilər. Ancaq həmin özbəklər də sinfi düşmənçilik zəminində sovet hakimiyyətinə qarşı mübarizə aparırdılar. “Basmaçılar”ın tərkibində olan  özbəklər dinə meylli və müəyyən mülk sahibi idilər. Sovet hakimiyyəti isə onları malından, əmlakından və demələrinə görə dinindən məhrum etmişdi. Bu baxımdan, amansız sovet hökumətinə qarşı mübarizə aparırdılar. Bütünlükdə mentalitet etibarı ilə özbək xalqı dünyanın ən tolerant və dözümlü, sakit xalqıdır. Hələ də mənə sirr olaraq qalır ki, bu cür keyfiyyətlərə malik olan xalq necə oldu ki, eyni dildə danışdığı və qrupa malik olduğu ahıska türklərini ölkələrindən qovdular.
Cia.az