|
Kompromisdən qaçan, inkişafdan qalan, boşalan Ermənistan...
Ermənistanın hər mənada qaranlıq bir perspektivə doğru getdiyi barədə son vaxtlar işğalçı ölkədə açıq danışanların sayı artıb. Onların hamısı aparıcı səbəb qismində məhz Serj Sərkisyanın kriminal rejimini görür. Ermənistan cəmiyyətində xüsusən də ötənilki aprel eskalasiyasından sonra belə bir rəy möhkəmlənməkdədir ki, hakimiyyət nəinki Qarabağla bağlı verdiyi vədləri reallaşdırmaq, eyni zamanda Ermənistanı iqtisadi bataqlıqdan çıxarmaq, xalqın güzəranını yaxşılaşdırmaq, ölkədən güclənən emiqrasiyanı da səngitmək iqtidarında deyil. 

Qarabağa görə təcrid vəziyyətində yaşayan təcavüzkar ölkədə olan-qalan əhalinin, ələlxüsus da gənclərin və iş qabiliyyətli adamların sabaha inamı gündən-günə sarsılır. Qeyri-müəyyənlikdən bezən, yeni müharibə qorxusundan qaçan əhali çıxış yolunu məhz Ermənistandan çıxıb getməkdə görür. 1 in.am saytının şərhçisi Aram Amatunin şərhi bu xüsusda Ermənistandaxili mənəvi-psixoloji və sosial-iqtisadi durumu kifayət qədər real təqdim edir. 
 
*****
 
Erməni şərhçi yazır: “Ermənistanı tərk edənlər haqda informasiyadan aydın oldu ki, ölkədən emiqrasiya güclənib. Ötən il Ermənistanı 60 min nəfər tərk edib. Ermənistan tarixində ən gözəgəlimli baş nazir peyda olub (Karen Karapetyan nəzərdə tutulur-red.), di gəl, daha çox adam Ermənistanı tərk edir. Bu, o deməkdir ki, real həyatın hökumətin öz statistikası ilə təqdim elədiyi rəqəm və faizlərə heç bir dəxli yoxdur. Başqa yandan, Ermənistandan gedənlərin sayı artdıqca, nə qədər paradoksal da olsa, ölkəyə göndərilən pulun həcmi də artır. Məhz həmin pullar sayəsində də Ermənistanın iqtisadiyyatı işləyir”.

Lakin erməni ekspertin sözlərinə görə, belə paradoksal vəziyyət özündə böyük təhlükə daşıyır: “Məsələ ondadır ki, bu, bir dəfə artıq Ermənistanı təhdid edib. Ermənistan Rusiyanın girovuna çevrilib. Bundan əlavə, iqtisadiyyatı başqa ölkədə pul qazananlar hesabına işlətmək - məhdud modeldir, hansı ki, öz-özlüyündə nəinki təhlükəlidir, həm də olduqca məhduddur. İş ondadır ki, yekun etibarilə belə bira nisbət mövcuddur:  nə vaxt ki, Ermənistana göndərilən transfertlər daha burada iqtisadiyyatda hansısa canlanma yarada bilməyəcək, nədən ki, bundan ötrü minimum sayda əhali də lazımdır. Əhalinin sayı isə artıq kritik səviyyəyə enib. Hətta Putin gizlətmir ki, onların hesablamasına görə, Ermənistanda 2 milyondan da az adam yaşayır - yəni Rusiyadakı ermənilərdən də az. Və biz nə vaxt ki, bu fonda Ermənistan hakimiyyətinin hərəkətlərini nəzərdən keçiririk, o zaman bu hərəkətlərdə bir qram da adekvat yanaşma görmürük. Üstəlik, bu problemlə bağlı heç bir həyəcan hiss olunmur. Ona görə ki, emiqrasiyanın qarşısını almaq üçün əhalinin maddi rifahını yaxşılaşdırmaqdan daha yox, cəmiyyət qarşısında səmimin və açıq olmaq gərəkdir. Yəni cəmiyyətə yalan danışmamaq, ona hesabat vermək, topluma göstərmək ki, hökumət öz ölkəsinin, ocağının sahibidir. Məhz yadlılıq, təcridlilik və aldadılma hissi emiqrasiya üçün ”ikinci nəfəs" açıb". 
 
Əlbəttə ki, erməniləri ölkəni kütləvi şəkildə tərk etməyə vadar edən yadlılıq, təcridlilik və aldadılma hissinin köklü səbəbi var: hətta hakimiyyətdə başqa qüvvə olsa, korrupsiya arada qalxsa belə, Qarabağ problemi çözülmədən, müharibə riski tam aradan qaldırılmadan, Ermənistan öz qonşuları ilə normal münasibətləri qurmadan onun iqtisadi inkişaf perspektivi olmayacaq. Demək, emiqrasiya, ölkənin boşalması prosesi də dayanmayacaq.   
 
***** 
 
Azərbaycan isə heç vaxt işğal rejimi ilə barışmayacaq. Bunun qarşısını almaq üçün həm öz hərbi qüdrətini durmadan artıracaq, həm də Ermənistanın izolyasiyasını davam etdirməklə, onu iri regional iqtisadi layihələrdən kənarda saxlamaqla işğalçı ölkəni taqətdən salmaqda davam edəcək. Təbii ki, yeri gələndə apreldəki kimi, lokal hərbi əməliyyatlarla düşmənə hərbi zərbi endirib onun mənəvi və döyüş ruhunu da sarsıtmaqda davam edəcək. Bunu hərbi analitiklər də təsdiq edirlər.
 
“Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbə endirib erməniləri qaçmağa məcbur edərək, həm işğal altında olan ərazilərimizin bir hissəsini azad etdi, həm də düşmənin döyüş ruhunu sarsıtdı. 
 
Bununla da Azərbaycan xalqı torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağını bir daha dünyaya bəyan etməklə yanaşı, sübut etdi ki, ərazilərimizi hərb yolu ilə azad etməyə tam qadirdir”. Bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib.

Ə.Qənizadə bildirib ki, aprel döyüşlərindən bir müddət sonra aldığı şokdan qismən özünə gələn erməni silahlı birləşmələri yenidən mütəmadi olaraq, atəşkəs rejimini pozmağa davam edir: “Bununla onlar öz xalqının və dünya ictimaiyyətinin rəyini dəyişdirməyə çalışır, sübut etmək istəyirlər ki, guya orduları hansısa gücə sahibdir. Amma heç də belə deyil. İşğalçılıq siyasəti yürütməkdə davam edən Ermənistan ordusunun döyüş ruhu elə sarsıdılıb ki, hətta ölkənin bəzi deputatları da bu münaqişəyə yeni prizmadan yanaşılmasını parlamentdən tələb edirlər. 
 
Belə ki, vitse-spiker Ermine Naqdalyan Ermənistan parlamentində çıxışında etiraf etmişdi: ”Hazırda nəzarətimizdə olan torpaqları nə zamansa azad etməli və oradan çəkilməliyik. Ya torpaqları qaytarmalıyıq, ya da qan töküb aldığımız torpaqları qanımızı töküb alacaqlar"".
 
Onun sözlərinə görə, Ermənistan ordusunun cəbhə xəttində iri çaplı ağır silahlardan da istifadə etməklə vəziyyəti yenidən gərginləşdirməsi, atəşkəs rejimini pozması, təxribatlar törətməsi ona gətirib çıxaracaq ki, Azərbaycan aprel döyüşlərinə bənzər addımlar atmaqla cavab tədbirləri görəcək. “Ermənilər tam aydınlığı ilə dərk etməlidirlər ki, artıq onların təxribatları cavabsız qalmayacaq. Əksinə, ordumuzun cavab zərbələri daha sarsıdıcı olacaq. Bunun üçün ordumuz lazımi qədər gücə, qüdrətə sahibdir və Azərbaycan Ordusu cəbhə xəttində kifayət qədər üstünlüyə malikdir”, - deyə ekspert əlavə edib.
 
***** 

Təəssüf ki, Ermənistanın ipi ermənilərin özlərinin də etiraf elədiyi kimi, Rusiyanın əlindədir. O üzdən də Azərbaycan istəsə də, istəməsə də, əslində Qarabağ düyününün açılması, o sırada təcavüzkarın cəzalandırılması üçün ilk növbədə Kremllə anlaşmalıdır.