|
Dilqəm Əsgərovun atası iflic oldu
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib. Bu barədə azvision.az saytı kəlbəcərli girovun oğlu Kürdoğlu Əsgərova istinadən məlumat yayıb. Kürdoğlu Əsgərovun sözlərinə görə, babası hazırda həkim nəzarətindədir: 
 
“On gün idi ki, babam atamın adını çəkib, hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Dilqəmin vəziyyəti ağırdır, onu görmək istəyirəm. Artıq üç gündür ki, babamın vəziyyəti ağırdır. Həkimlər onun iflic olduğunu deyirlər. Əli, bədəninin bir hissəsi hərəkətsiz vəziyyətdədir. O, artıq danışdıqlarımızı da eşitmir. Hərdən atamın adını çəkir. Babam oğlunun yolunu gözləyir”.
 
Kürdoğlu Əsgərov sonuncu dəfə atasından dekabr ayında məktub aldıqlarını deyib.
 
Xatırladaq ki, 2014-ci ilin iyulunda Dilqəm Əsgərov doğulduğu və 1993-cü ildən Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda anasının məzarını ziyarət etmək üçün həmyerlisi Şahbaz Quliyev və əslən Cəbrayıl rayonundan olan Həsən Həsənovla birlikdə Kəlbəcərə gedib. İyulun 11-də Ermənistanın işğalçı əsgərləri onların hər üçünü Kəlbəcərdə atəşə tutub. Həsən Həsənov qətlə yetirilib. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə girov götürülüblər. Həsən Həsənovun cəsədi bir müddət girov saxlandıqdan sonra Azərbaycan tərəfə təhvil verilib. Dilqəm Əsgərov barəsində qondarma “Dağlıq Qarabağ məhkəməsi” ömürlük, Şahbaz Quliyev barədə isə 22 il azadlıqdan məhrumetmə “hökmü” çıxarıb. Onların hər ikisi iki il yarımdır Şuşa türməsində qanunsuz girov saxlanılırlar. Azərbaycan hökumətinin Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etmək üçün cəhdləri isə hələ ki nəticəsiz qalıb.